Vergiler.az

Uğurlu başlanğıc yeni üfüqlər açır

 

Ölkəmizdə ilk aqroparkın təməli 2014-cü il noyabrın 15-də Şəmkir şəhərində qoyulub. «Şəmkir Aqropark» kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və marketinqi ilə əlaqədar fəaliyyətlərin vahid istehsal məkanında, bir ərazidə kombinə olunmuş təsərrüfatçılıq subyektidir. Aqroparkda müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələrinin inşa olunması nəzərdə tutulub. «Şəmkir Aqropark»ın digər üstünlüyü burada fəaliyyət göstərən emal müəssisələrinin əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarını almasıdır. Aqroparkın su təhcizatını təmin etmək məqsədilə Şəmkir çayı üzərində dəryaçanın inşası region üçün mühüm əhəmiyyətə malikdir.

Aqroparkda fəaliyyət göstərən sahibkarlıq subyektləri orada istifadəyə veriləcək Aqroaptekin, İnnovasiyalar və Texnologiyalar Mərkəzinin, Logistik Mərkəzin xidmətlərindən istifadə edə biləcəklər.  Bundan başqa, aqroparkda istehsal edilən məhsulların xarici bazarlara çıxışını təmin etmək üçün lazım olan beynəlxalq sertifikatların alınması xidməti təklif ediləcək. Şəmkir rayonunun əlverişli zonada yerləşməsi məhsulların xarici bazara çıxarılmasına imkan yaradır.

Xaçmaz rayonunun Yalama qəsəbəsində yaradılan «Yalama Aqroparkı» da mühüm əhəmiyyətə malikdir. Burada işlər yekunlaşmaq üzrədir. Aqroparkda  225 hektar ərazidə dənlik, 160 hektar ərazidə isə silosluq qarğıdalı səpini həyata keçirilib. «Yalama Aqropark»da istehsal və emal müəssisələrinin yaradılması üçün xarici ölkələrdən, o cümlədən ABŞ, İsveç, İtaliya, Hollandiya və Türkiyə istehsalı olan avadanlıqlardan istifadə olunur.  Aqroparkın ərazisində saatda 5 ton yem istehsal edən zavod tikilir. Burada həmçinin müasir texnologiyanın tətbiqi ilə cins iribuynuzlu heyvandarlıq kompleksinin, süd emalı, istixana kompleksi və intensiv bağçılıq təsərrüfatının yaradılması planlaşdırılır. Samur-Abşeron kanalından 3,2 kilometr uzunluğunda beton suvarma kanalı çəkilib və tutumu 50 min kubmetr olan hovuz tikilib.

Abşeron rayonu ərazisində yerləşən «Abşeron Aqropark» kompleksi və Xızı rayonunda tikilən aqroparklar da ərazisinə və infrastruktur təminatına, müasir texnologiyaların tətbiqinə görə uğurlu layihələr hesab olunur. Yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan bu təsisatlar kənd təsəsrrüfatı məhsullarının ixracında mühüm rol oynayacaq.

 

Aqroparklar daxili bazarda

qiymət sabitliyi yaradacaq

İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, dövlət başçısının qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq ölkəmizdə aqroparkların yaradılması prosesi sürətlənib. Aqroparklar aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək sosial-iqtisadi inkişafın sürətləndirilməsində, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, ixrac potensialının və məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Hazırda 20-dən artıq rayonda aqroparkların inşası ilə bağlı qiymətləndirmə işləri aparılır. Bu konsepsiyanın gerçəkləşməsi ölkənin ixrac potensialının artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, intensiv metodların geniş tətbiqində, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq.

Kənd təsərrüfatı üzrə mütəxəssis İmran Çümşüdov hesab edir ki, aqropark kənd təsərrüfatı məhsulunun intensiv istehsalı, daşınması, saxlanması və satışının təşkilində mühüm rol oynayır. Kənd təsərrüfatı məhsulu tez xarab olduğundan realizasiya prosesi sürətli olmalıdır. Lakin əksər hallarda məhsulu vaxtında satmaq mümkün olmur və o, yararsız vəziyyətə düşərək zərər gətirir. Aqroparkların fəaliyyəti sayəsində fermer istehsal etdiyi məhsulu heç bir itki vermədən birbaşa istehsalçıya çatdıracaq Daxili bazarda da təminat yaxşılaşacaq. Daxili istehsal tələbatı ödəməyəndə idxal məhsullarına üstünlük verilir, xarici məhsulların çoxu isə GDO - geni dəyişdirilmiş məhsullardır. Bu baxımdan istehsal, emal və logistika xidmətlərini vahid ərazidə cəmləşdirən aqroparkların yaradılmasının ölkə iqtisadiyyatı üçün perspektivləri böyükdür. Mütəxəssis hesab edir ki, aqroparkların yaradılması ərzaq bolluğuna və qış aylarında meyvə-tərəvəzlə tələbatın təmin olunmasına öz töhfəsini verəcək. 

E.CƏFƏRLİ