Vergiler.az

«Avroviziya-2018»: turistlərdən tutulan vergi müsabiqənin maliyyələşdirilməsinə yünəldiləcək

 

Lissabon şəhərinin meri rəhbəri olduğu şəhərdə turistlərdən tutulan verginin «Avroviziya-2018» mahnı müsabiqəsinin maliyyələşdirilməsi məqsədilə xərclənəcəyi barədə xəbəri təsdiqləmişdir. Xatırladaq ki, turizm vergisi Portuqaliyada keçən ildən tətbiq olunur.

Portuqaliya paytaxtının başçısı Fernando Madina «The Portugal News» nəşrinə müsahibəsində bildirmişdir ki, şəhərdə yaşayan hər qonaqdan tutulan 1 avro həcmində vergi mahnı müsabiqəsinin təşkil edilməsi üçün vəsaitlərin toplandığı hesaba daxil olacaq. Onun sözlərinə görə, son altı il ərzində Portuqaliyaya gələn əcnəbilərin sayı durmadan artmaqdadır. 2016-cı ildə turistlərdən ölkə xəzinəsinə 13,5 milyon avro vəsait daxil olmuşdur. Qiymətləndirmələrə əsasən, gələn il və ondan sonrakı illərdə ölkəyə daha çox qonaqlar gələcək, ona görə də hökumət dairələri əmindir ki, turistlərdən tutulan vergi hesabına «Avroviziya-2018» mahnı müsabiqəsini maliyyələşdirmək mümkün olacaq.

«Növbəti müsabiqənin Portuqaliyada keçiriləcəyindən çox məmnunuq. Biz öz üzərimizə düşən məsuliyyəti sona qədər dərk edirik, - müsabiqənin yayımı üçün cavabdeh olan RTR televiziya şirkətinin baş direktoru Qonsalo Reys demişdir. - Bu, bizim şəhərlərimizə, bütün ölkəmizə özünü beynəlxalq səviyyədə yaxşı tərəfdən tanıtmaq üçün yaranmış böyük fürsətdir». Q.Reys həmçinin bildirmişdir ki, «Avroviziya-2018» müsabiqəsinin büdcəsi son illərin ən qənaətli büdcəsidir.