Vergiler.az

Yaradıcı başlanğıcın rəmzi

 

Qədim Misirdə lotos müqəddəs sayılırdı. Günəş tanrısı Ranın lotosdan dünyaya gəldiyinə inanırdılar, məhsuldarlıq ilahəsi İsidanın tacı lotos gülündən idi, dirilik tanrısı Osiris lotos yarpağı, işıq tanrısı Qor isə lotos çiçəyinin üstündə oturmuş vəziyyətdə təsvir edilirdi. Lotos həyat mənbəyi, yaradıcı başlanğıc, mənəvi dünya və mirvarini təmsil edirdi.

Ölçüsü 25 santimetrdən böyük olan çiçəklərin ömrü cəmi dörd gündür. Onun bəzi növləri gecə ay işığında açılır, daha sonra səbətşəkilli toxumları yaranır, suya üzü üstə düşən toxum səbəti üzür, içindəki toxumlar bir-bir suya tökülərək dibə batır və yeni lotos cücərməyə başlayır.

Hazırda Cənubi Avropada bitən lotoslar Şimali Amerikadan gətirilir. Əfsanəvi gözəlliyə malik çiçəyi çox vaxt onunla sadəcə zahiri bənzərliyi və suda bitməyindən başqa oturaq heç bir nöqtəsi olmayan su zanbağı ilə qarışdırırlar.

Neftçala rayonun Xolqarabucaq kəndinin ərazisindən keçən Akkuşa çayının sahilində suyun durğun yerində bitən şanagüllə lotosun bir növüdür. Ölkəmizdə yeganə olaraq yalnız burada bitən bitki maydan avqusta qədər çiçək açır. Onun toxumları və kökümsovu yeyilir, başağrısı zamanı toxumlarından ağrıkəsici kimi istifadə olunur. Dünyanın müxtəlif ölkələrində durğun su hövzələrində geniş yayılıb. Haqqında özü qədər gözəl əfsanələr dolaşan çiçəyin adı təəssüf ki, «Qırmızı kitab»a düşüb. Lakin onun nəslinin kəsiləcəyi o qədər də real görünmür, çünki alimlər şanagüllərin min illik toxumlarını əkib və onların cücərdiyinin şahidi olublar.