Vergiler.az

Vergi uçotundan yayınma hallarının qarşısı alınıb

 

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2017-ci ilin aprel ayının 1-dən sahibkarlıq subyektləri arasında mal, iş və xidmətlər üzrə əməliyyatların rəsmiləşdirilməsi zamanı elektron qaimə-fakturalar tətbiq edilir. «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi, elektron qaimə-fakturaların tətbiqi, əməliyyatların şəffaflaşdırılması və vergi uçotunun bərpasını nəzərdə tutan dəyişikliklərlə bağlı vergi ödəyiciləri arasında geniş məlumatlandırma işləri aparıb və görüşlər keçirilib. Bunlarla yanaşı, vergi qanunvericiliyinin tələblərinə əməl edilməsi vəziyyətinin nəzarətdə saxlanılması üçün Vergilər Nazirliyində yaradılmış müvafiq məlumat bazalarında dəyişikliklərlə əlaqədar məlumatlar mütəmadi olaraq araşdırılır, riskli vergi ödəyiciləri müəyyən edilir və həmin vergi ödəyiciləri üzrə nəzarət tədbirləri həyata keçirilir.

Vergilər Nazirliyinin iyul ayı ərzində həyata keçirdiyi araşdırmalar zamanı vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatlarda kifayət qədər risklərin yaranması halları aşkar edilib. Bəzi vergi ödəyiciləri tərəfindən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə elektron qaimə-fakturaların verilmədiyi, malların (işlərin, xidmətlərin) satılmasına baxmayaraq, həmin əməliyyatlara görə vergilərin dövlət büdcəsinə ödənilmədiyi, satışdan əldə edilmiş pul vəsaitlərinin uçota alınmadığı, «Nağdsız hesablaşmalar haqqında» Qanunun tələblərinə əməl edilmədiyi və bir sıra pozuntulara yol verildiyi müəyyən edilib. Bəzi hallarda isə vergi ödəyiciləri heç bir təsərrüfat subyekti (anbarı, mağazası və s.) olmadığı halda, aldıqları (idxal etdikləri) malların satışını vergiyə cəlb etməyərək, həmin malları «mal qalığı» kimi göstərirlər.

Qeyd olunanlarla əlaqədar, Vergilər Nazirliyi yanında Lokal Vergilər Departamenti tərəfindən Bakı şəhərində fəaliyyət göstərən bir neçə riskli vergi ödəyicilərində malların elektron qaimə-faktura tətbiq etməklə həyata keçirilməsi, malların və pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması, eləcə də nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunması kimi hallara nəzarət etmək məqsədi ilə operativ vergi nəzarəti həyata keçirilib.

Bu ilin iyul ayı ərzində həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində ümumilikdə 10 milyon 529 min manat dəyərində mal-materialın əskik gəldiyi (mövcud olmadığı), başqa sözlə desək, vergi ödəyiciləri tərəfindən satılmasına baxmayaraq, satışdan əldə olunan gəlirin müvafiq vergi bəyannamələrində əks etdirilmədiyi və vergidən yayındırıldığı, 885,2 min manat məbləğində mal-materialın isə uçotsuz, yəni sənədsiz olduğu müəyyən edilib.

Yoxlamalar nəticəsində dövlət büdcəsindən yayındırılmış 1 milyon 916 min manat məbləğində ƏDV-nin vergi bəyannamələrində bərpa edilməsi üçün müvafiq tədbirlər görülüb.

Vergilər Nazirliyi xəbərdarlıq edir ki, maliyyə sanksiyalarına və cərimələrə məruz qalmamaq üçün vergi ödəyiciləri şəffaf vergi uçotunun qurulmasını, malların (işlərin, xidmətlərin) alış və satışının qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsini və «Nağdsız hesablaşmalar haqqında» Qanunun tələblərinə ciddi əməl olunmasını təmin etməlidirlər.