Vergiler.az

Şəffaf vergi ödəyicilərinin sıraları genişlənir

 

Bu ilin əvvəlindən «Yaşıl dəhliz» prinsipi ilə şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üzün fərdi və sürətli xidmətlərin göstəril­məsi həyata kezirilir. «Yaşıl dəhliz» layihəsinin tətbi­qinin ölkədə investisiya və biznes mühitinin yaxşılaş­dırıl­masına, könüllü vergi əməletməsinin artmasına və cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinə səbəb olacağı düşünülür.

Partnyor ödəyicilərə ərazi məhdudiyyəti nəzərə alınmadan xidmət göstərilir. Bunlara bir sıra ənənəvi xidmətlərlə yanaşı, İKT-nin son nailiyyətlərinə əsaslanan innovativ xidmətlər də aiddir. Məsələn: videobağlantılar, çağrı və xidmət mərkəzlərində partnyor ödəyicilərə növbəsiz və sürətli xidmətlərin göstərilməsi, partnyor ödəyicilərin müraciəti əsasında onlar üçün dəyirmi masa, seminar və konfransların təşkili, xüsusi təlim proqramlarının hazırlanması və s. Bunlarla yanaşı, partnyor ödəyicilər vergi qanunvericiliyi və inzibatçılığında baş verən dəyişikliklər və vergilərlə bağlı digər məsələlər barədə də məlumatlandırılırlar.

Koordinasiya işlərinin təşkili məqsədilə hər bir partnyor ödəyici üçün aidiyyəti vergi strukturundan kuratorlar ayrılıb. Kuratorlar partnyor ödəyicilərin müraciəti əsasında onlara ünvanlı xidmətlər göstərirlər.

«Yaşıl dəhliz»ə həm Vergilər Nazirliyinin, həm də vergi ödəyicisinin təşəbbüsü ilə qoşulmaq mümkündür. Vergi ödəyiciləri partnyor vergi ödəyicisi statusuna malik olmaq üçün bir sıra meyarlara cavab verməlidir. Belə ödəyicilər, ilk növbədə, vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etməli, vergiləri tam həcmdə və vaxtında ödəməli, işçilərinin sayını və onlara verilən əməkhaqlarını düzgün bəyan etməli, gücləndirilmiş elektron imzaya sahib olmalı, saxta sənədlər qəbul və təqdim etməməli, son 3 il ərzində iqtisadi sahədə cinayətin törədilməsinə görə barəsində cinayət təqibi aparılmamalı, mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına uyğun, yazışmaları isə əsasən elektron şəkildə aparmalıdırlar. Vergilər Nazirliyi mütəmadi olaraq qeyd olunan meyarlara cavab verən vergi ödəyicilərini müəyyən edərək, onlara «Partnyor vergi ödəyicisi statusunun əldə edilməsi barədə» unikal koda malik bildiriş verir. Vergi ödəyicisi partnyor vergi ödəyicisi statusunun əldə olunması üçün vergi orqanlarına müraciət etdikdə, həmin müraciət vergi orqanlarının müvafiq struktur vahidi tərəfindən araşdırılır və vergi ödəyicisinin fəaliyyəti göstərilən meyarlara uyğun gəldiyi halda ona «Partnyor vergi ödəyicisi statusunun əldə edilməsi barədə» bildiriş verilir, uyğun gəlmədiyi halda isə onun fəaliyyətinin göstərilən meyarlara tam və ya qismən uyğun olmaması barədə məlumat çatdırılır.

Partnyor vergi ödəyicilərinin vergi qanunvericiliyinin tətbiqi, ziddiyyətli məqamların aydınlaşdırılması, fəaliyyəti üzrə həyata keçirilən vergi nəzarəti tədbirləri, vergi orqanları tərəfindən səlahiyyətləri daxilində göstərilən xidmətlər və digər məsələlərlə bağlı uçotda olduğu vergi orqanına etdiyi müraciətləri xüsusi nəzarətə götürülür, Vergi Məcəlləsinə və «İnzibati icraat haqqında» Qanuna uyğun olaraq müəyyən edilmiş müddətdən 3 dəfə az olmaqla baxılır. Partnyor ödəyicinin müraciətinə baxılması zamanı yaranan fikir ayrılıqlarına həmin vergi ödəyicinin iştirakı ilə Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisinin istəyinə uyğun olaraq vergi ödəyicisinin iş yerində və ya vergi orqanında baxılır, həmçinin İKT-nin imkanlarından istifadə etməklə, o cümlədən video bağlantı qurmaqla müzakirə edilir.

Partnyor vergi ödəyicisi statusunu aldıqdan sonra göstərilən meyarlara cavab verməyən ödəyici Vergilər Nazirliyi tərəfindən 1 ay müddətində həmin meyarlara cavab verməsi üçün lazımi tədbirlərin görülməsi məqsədilə məlumatlandırılır. Bu müddət bitdikdən sonra meyarlara cavab verməyən vergi ödəyicisinə «Partnyor vergi ödəyicisi statusunun ləğvi barədə» bildiriş təqdim olunur və onun statusu ləğv edilir.

Bu ilin əvvəlindən vergi orqanlarına partnyor ödəyici statusunun alınması üçün müraciət edən və ya təsdiq edilmiş qaydalarda göstərilən meyarlara uyğun olduğu müəyyən edilən 455 (o cümlədən Bakı şəhəri üzrə 200) vergi ödəyicisinə «Partnyor vergi ödəyicisi statusunun əldə edilməsi barədə» bildirişlər təqdim olunmuşdur. Yanvar-iyun ayları ərzində partnyor ödəyicilərə xidmət mərkəzlərində 231 xidmət göstərilmişdir. Vergi ödəyiciləri 1264 halda telefon vasitəsilə məlumatlandırma xidmətindən, 182 halda isə ünvanlı xidmətdən istifadə etmişdir. 499 partnyor vergi ödəyicisi vergi orqanları tərəfindən keçirilən tədbirlərdə iştirak etmiş, 2706 halda bildiriş təqdim olunmuş partnyor ödəyicilərin 45 yazılı müraciəti cavablandırılmış, onlara kitabça, buklet və s. nəşrlər təqdim edilmişdir.

Partnyor vergi ödəyicilərinin növbədənkənar qəbulu üçün respublika üzrə 50 xidmət mərkəzinin növbə terminalının proqram təminatında «Yaşıl dəhliz» adında seçim imkanı yaradılmış və bu sahədə işlər davam etdirilir. Bununla yanaşı, Çağrı Mərkəzinə zəng etdikdə partnyor ödəyicilərə sürətli xidmətin göstərilməsi məqsədilə səsli menyuda dəyişiklik edilərək xüsusi xətt vasitəsilə xidmətlərin göstərilməsi imkanı yaradılmışdır.

 

Aytən NƏBİYEVA