Vergiler.az

Qarşılıqlı əməkdaşlıq haqqında protokol imzalanıb

 

Avqustun 10-da Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində «Elektron Hökumət Təlim-Tədris Mərkəzi» MMC arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb. Protokol tərəflər arasında əsas fəaliyyət istiqamətləri üzrə birgə təlim, seminar və digər tədbirlərin keçirilməsi, mütəxəssislərin mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması, metodiki dəstək və digər sahələr üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması və inkişafı məqsədi ilə imzalanmışdır.

Niyyət protokolu üzrə birgə fəaliyyət aşağıdakı əməkdaşlıq istiqamətlərini əhatə edir:

· Tərəflərin əsas fəaliyyət sahələri üzrə perspektiv inkişaf istiqamətlərini müəyyən etmək və tərəflər üçün maraq kəsb edən sahələr üzrə elmi və metodiki əməkdaşlığın əsasını qoymaq;

· Tərəflərin birgə təşkilatçılığı və dəstəyi ilə vergi, informasiya-kommunikasiya və yüksək texnologiyalar, eləcə də «Elektron hökümət» sahələri üzrə birgə maarifləndirici tədbirlər, təlim və seminarlar keçirmək;

· Qarşılıqlı təbliğat və təşviqat işləri aparmaq və tərəflərin birgə iştirakı ilə həyata keçirilən layihələr haqqında ictimaiyyəti məlumatlandırmaq;

· Əlaqəli sahələr üzrə birgə tədris proqramları hazırlamaq və tədris kursları keçirmək;

· Tərəflərin iştirakı və təşkilatçılığı ilə yerli və beynəlxalq əhəmiyyətli tədbirlər, o cümlədən seminar, konfrans, simpozium və sərgilər keçirmək;

· Vergi qanunvericiliyi və vergilər üzrə elektron idarəçilik, «Elektron hökumət», elektron dövlət xidmətləri və sahibkarlığın inkişafı mövzularında vergi ödəyiciləri arasında maarifləndirmə işini birgə təşkil etmək;

· Tərəflərdən birinin təşkil etdiyi təlimlər üçün digər tərəfdən ödə­nişli əsaslarla müəllimlər cəlb etmək;

· Tərəflərdən birinin təşkil etdiyi təlimlərdə digər tərəfin əməkdaşlarının iştirakını təmin etmək;

· Tərəflərin birgə dəstəyi ilə elektron dərsliklər hazırlamaq;

· Tərəflərin inzibati və texnoloji infrastrukturundan, o cümlədən təhsil informasiya resurslarından qarşılıqlı razılaşma əsasında istifadə etmək;

· Qabaqcıl metodikaların, elmi nəticələrin, aparılan tədqiqatlar barədə materialların və digər nəşrlərin qarşılıqlı mübadiləsini təmin etmək;

· Birgə tədbirlər, layihələr və tədris proqramları təşkil etmək məqsədilə potensial tərəfdaş təşkilatlar və şəxslər üçün əlaqələndirici rolunu oynamaq.

Niyyət protokolunu Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində «Elektron Hökumət Təlim-Tədris Mərkəzi» MMC-nin direktor vəzifəsini icra edən Rauf Cabarov imzalayıb.

Sənəd çərçivəsində ilk tədbir imzalanma günü olub, «Elektron Hökumət Təlim-Tədris Mərkəzi» MMC-nin direktor vəzifəsinin icraçısı Rauf Cabarov dövlət vergi orqanları əməkdaşları üçün Tədris Mərkəzində «Exell-in məlumat axtarış sistemi və bu məlumatların səmərəli istifadəsi üzrə funksionallığın öyrənilməsi ilə əlaqədar V Lookup funksiyası» mövzusunda məruzə ilə çıxış edib.

Fəxriyyə İKRAMQIZI