Vergiler.az

Vergi siyasəti və qeyri-neft sənayesinin inkişafının stimullaşdırılması

 

Düvlət Statistika Komitəsinin məlumatına gürə, 2017-ci ilin ilk 7 ayı ərzində Azərbaycanın sənaye sektorunda 21,8 milyard manatlıq sənaye məhsulu istehsal olunub, onun böyük hissəsi qeyri-neft sənayesi məhsullarının payına düşür. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% artıb, neft sənayesində isə 7,1% azalma baş verib. Qeyri-neft sənayesində yeyinti və içkilərin istehsalı 30%, toxuculuq sənayesi məhsullarının istehsalı 98,5%, geyim istehsalı 49%, tikinti materiallarının istehsalı 38,3%, kompüter və elektron məhsulların istehsalı 57,6%, maşın və avadanlıqların istehsalı 19,1% artıb. Həmin məhsulların 30%-dən çoxu xarici ölkələrə ixrac olunub.

İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bildirib ki, sənayeləşmə siyasətinə uyğun olaraq, qeyri-neft sənayesində idxalı əvəz edən, rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin təşkilinə, sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri daha da gücləndirilib. Bu sahədə sənaye parkları və məhəllələrinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Qeyri-neft sənayesinin inkişafına dair tədbirlər planının icrası sayəsində 2017-ci ilin birinci yarısında ölkədə 20-dən artıq sənaye müəssisəsi açılıb, onların sırasında tikinti materialları, kağız və karton, tekstil, rezin və plastmas məmulatlarının, qida məhsullarının istehsalı və digər sahələrdə müasir texnologiyalara əsaslanan, rəqabətqabiliyyətli və ixracyönümlü onlarla sənaye müəssisəsi fəaliyyətə başlayıb. Bununla yanaşı, mövcud sənaye müəssisələrinin istehsal gücləri genişləndirilib. Bölgələrdə sənaye zonaları və məhəllələrinin yaradılması prosesi davam etdirilir. Neftçala Sənaye Zonasında 3 müəssisə artıq fəaliyyətə başlayıb, daha 6 müəssisənin isə bu il fəaliyyətə başlaması nəzərdə tutulur. Masallı Sənaye Zonasına sahibkarlar tərəfindən dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunub, yaxın günlərdə infrastrukturun yaradılmasına başlanılacaq. Hazırda Ağdam, Ağstafa, Qazax və digər rayonlarda da sənaye zonalarının yaradılması imkanları araşdırılır.

Cari ilin ilk yeddi ayında qeyri-neft sənayesinə investisiya qoyuluşları da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5%-dən çox artıb. İl ərzində ölkə iqtisadiyyatına 5 milyard dollar həcmində investisiya yatırılıb, investisiya qoyuluşlarının təxminən 45%-i sənaye sahəsinə yönəldilib.

Qeyri-neft sənayesi məhsullarının istehsalı və ixracının artmasında vergi və gömrük güzəştləri, qeyri-neft ixracının stimullaşdırılması, investisiyaların təşviqinə dair yürüdülən siyasət öz mühüm təsirini göstərməkdədir. İndiyədək verilmiş 173 investisiya təşviqi sənədi üzrə təqdim edilmiş sənədlərin 63 faizi sənaye sahələrini əhatə edir. Hazırda investisiya təşviqi sənədi almış 83 müəssisə artıq fəaliyyət göstərir ki, onun 55-i qeyri-neft sənayesi sahələrinə aiddir. Ümumilikdə, 2-3 il ərzində təşviq sənədi əsasında qeyri-neft sənayesi sahələrinə 1,6 milyard manatlıq investisiya qoyuluşu nəzərdə tutulur. Bu layihələrin reallaşdırılması nəticəsində 11 mindən çox yeni iş yeri açılacaq.

Qeyi-neft sənayesi sektoruna xarici investorları cəlb etmək məqsədilə müxtəlif stimullaşdırıcı addımlar atılıb, vergi-gömrük, investisiya və digər güzəştlərin tətbiq olunması sayəsində xarici investorların, beynəlxalq maliyyə təşkilatlarının bu sahəyə marağı artıb. Dünya Bankı Balaxanı texnoparkı layihəsinə 47 milyon dollar investisiya qoymaq üçün Azərbaycan hökuməti ilə saziş imzalayıb. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) yüksək texnologiyalar və sənaye parklarına investisiyalar yatırmaq üçün hökumətlə razılıq əldə edib. Cənubi Koreya, Sinqapur, Yaponiya, Türkiyə və digər ölkələrin investorları Azərbaycanda mineral və spirtli içkilər, tikinti, maşınqayırma və avadanlıqlar, emal, mədənçıxarma sənayesinə sərmayə qoymaq niyyətindədir.

Qeyri-neft sənayesinin inkişafına müsbət təsir edən əsas amil kimi səmərəli vergi siyasətinin həyata keçirilməsi də mühüm yer tutur. 2017-ci il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanunun icrası regonlarda sənaye sektoru üzrə çalışan sahibkarlıq subyektlərinin fəaliyyətinin genişləndirilməsinə, onların yeni investisiya layihələrinin icrasına başlamasına səbəb olub. Vergi yükünün aşağı salınması, stimullaşdırıcı vergi siyasətinin tətbiqi qeyri-neft sənayesində istehsalın canlanmasına və yeni iş yerlərinin yaranmasına təkan verib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi»ndə əsas yer tutan sektorlardan biri qeyri-neft sənayesidir. Sənəddə qeyri-neft sənayesinin ixrac potensialının artırılması, rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, regionların sənaye potensialının gücləndirilməsi, sənaye və texnologiyalar parklarının və sənaye məhəllələrinin yaradılması, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi ilə bağlı prioritetlər müəyyənləşib. Yaxın 5 il ərzində kiçik və orta biznesin inkişafı kontekstində sənayenin əsas sektorlarının inkişafına yönəldilən layihələrin həyata keçirilməsi nəzərdə tutulur: «Azərbaycanda sənayenin strukturunda mədənçıxarmanın payının azalması fonunda emal sənayesinin xüsusi çəkisi artmaqdadır. Əgər sənaye yüksəlişinin birinci mərhələsi karbohidrogen resurslarına əsaslanırdısa, indiki mərhələdə inkişaf iqtisadi səmərəliliyin üzərində qurulmalıdır. Azərbaycan yeni sənayeləşmə dövrünə qədəm qoyub. Bu mərhələnin əsas xüsusiyyətləri sənayenin regionlarda inkişafı, innovativlik və ətraf mühitə təsirlərin azaldılması, iqtisadiyyatın rəqabət qabiliyyətinin və sənaye ixracının artırılması və yeni iş yerlərinin açılmasıdır. «Milli iqtisadiyyatın strateji yol xəritəsi» ağır sənayenin başlıca istiqamətlərini müəyyənləşdirəcək».

Elbrus CƏFƏRLİ