Vergiler.az

Nağdsız ödənişlərə keçid zamanın tələbidir

 

POS-terminalların quraşdırılması və onlardan istifadəyə nəzarət gücləndirilir

 

İnkişaf etmiş ölkələrdə alış-verişin təxminən 80-85 faizi ödəniş kartları vasitəsilə nağdsız qaydada aparılır.  Hazırda Azərbaycanda təxminən 4,5 milyona yaxın ödəniş kartından istifadə olunsa da, nağdsız ödənişlər üzrə göstəricilər hələ arzu edilən səviyyədə deyil. Nağdsız ödənişlərə keçidlə bağlı qanunvericilik bazası təkmilləşdirilir, maddi-texniki imkanlar gücləndirilir.

2017-ci ildən qüvvəyə minmiş «Nağdsız hesablaşmalar haqqında» Qanuna əsasən aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir:

· vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi;

·  «Sığorta fəaliyyəti haqqında» və «İcbari sığorta haqqında» Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər;

· dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar;

· əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar;

· stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi;

· faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması;

· dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi);

· təhsil haqlarının ödənilməsi;

· turagentlərə ödəmələr.

Qanunun bütün gücü ilə işləməsi üçün  Azərbaycan hökuməti nağdsız ödəniş infrastrukturunu maksimum dərəcədə genişləndirməyə və müasirləşdirməyə çalışır. Bakıda və ümumilikdə Azərbaycanda bir sıra xidmət sahələrinin, o cümlədən müxtəlif ticarət, əyləncə, iaşə və s. obyektlərin müasir səviyyəyə uyğunlaşdırılması məqsədilə POS-terminalların quraşdırılması və onlardan istifadə olunması Vergilər Nazirliyi tərəfindən ciddi nəzarətə götürülüb. Vergilər Nazirliyi tərəfindən yaradılmış qərargaha vergi ödəyicilərinə məxsus təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması, istifadəsi, işlək vəziyyətdə olması, ondan istifadə qaydalarının mənimsənilməsinin nəzarətdə saxlanılması, əhali ilə hesablaşmalar sahəsində qanunvericiliyə əməl olunması tapşırılıb. Bunun üçün vergi əməkdaşları təhkim edilib və müvafiq işlərin yerinə yetirilməsi istiqamətində operativ nəzarət tədbirləri həyata keçirilir.

Nəzarət tədbirlərindən başqa, POS-terminallardan istifadənin üstünlükləri və istifadə qaydası barədə həm əhali, həm də vergi ödəyiciləri arasında Vergilər Nazirliyi tərəfindən mütəmadi məlumatlandırma işləri aparılır. Nazirliyin hazırladığı «POS-terminalların tətbiqi ilə əlaqədar vergi ödəyicilərinin məlumatlandırılması zamanı görülməli işlərə dair tövsiyələr» vergi ödəyicilərinə obyektlərdə quraşdırılmış POS-terminallardan istifadə vərdişlərinin aşılanması, eləcə də nağdsız ödənişlərin əlverişliliyi və üstünlükləri barədə geniş izahat və təbliğat işlərinin həyata keçirilməsi üçün nəzərdə tutulub. Bundan əlavə, əhalinin məlumatlandırılması məqsədilə sahibkarlıq obyektlərinin görünən yerlərində stiker formasında təbliğat-təşviqat lövhələri quraşdırılıb.

Burada əsas məqsəd nağdsız ödənişlərə keçidin əhəmiyyəti barədə əhalidə düzgün münasibətin formalaşdırılmasıdır. Ödənişlərin kartlar vasitəsilə nağdsız qaydada aparılmasına dövlət maraqlı olduğu qədər ictimaiyyət də maraqlı olmalıdır.  

Rəşad SADIQOV