Vergiler.az

Qanunsuz sahibkarlıqla mübarizədə cəmiyyət fəal olmalıdır

 

Dövlət tərəfindən müəyyənləşdirilən vergi güzəştləri, müəssisələrdə aparılan yoxlamaların dayandırılması, dəstək xarakterli müxtəlif tədbirlərin görülməsi sahibkarlığın inkişaf etdirilməsinə, ölkə iqtisadiyyatının gücləndirilməsinə və son nəticədə hər bir vətəndaşın həyat səviyyəsinin yüksəlişinə xidmət edir. Lakin təəssüflər olsun ki, bəzi hallarda verilən güzəştlərdən sui-istifadə etmək meyillərinə də rast gəlirik. Bir sıra işbaz sahibkarlar qanunla müəyyən olunmuş qaydalara məhəl qoymur, vergilərin gizlədilməsi üçün müxtəlif vasitələrdən istifadə etməyə çalışırlar. Bu cür hallara qarşı daha təsirli tədbirlər görmək üçün ötən il Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində yeni struktur bölmə - İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin tərkibində qanunsuz sahibkarlıq fəaliyyətinə qarşı mübarizə şöbəsi yaradılıb. Şöbənin yaradılmasında başlıca məqsəd qanunsuz sahibkarlıq və vergidən mütəşəkkil qaydada yayınma halları ilə mübarizə sahəsində vəziyyəti yaxşılaşdırmaq, ciddi qanun pozuntularına qarşı mübarizənin səmərəliliyini artırmaqdır. 

Bu günlərdə Bakı şəhərində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı vergi orqanlarında qeydiyyata durmadan qanunsuz sahibkarlıqla məşğul olma faktları aşkarlanmışdır. Paytaxtın müxtəlif ərazilərində istehsal və xidmət obyektlərində əmək münasibətlərinin pozulması, uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məğul olma  kimi halların mövcudluğu təəssüf doğurur.

Vergi orqanlarının apadıqları müşahidələr göstərir ki, bəzi sahibkarlar 2016-cı il iyunun 1-dən qüvvəyə minmiş Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərdən daha çox sui-istifadə etməyə çalışırlar. Məcəllənin 192-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəyyən qrup şəxslər cinayət məsuliyyətindən azad olunurlar. Başqa sözlə desək, 20.000 manata qədər vergi ödənişlərindən yayınan şəxslər cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb edilirlər. Həmin məbləğ, yəni cinayət nəticəsində əldə edilmiş gəlir tamamilə dövlət büdcəsinə köçürüldükdə sahibkarlar cinayət məsuliyyətindən azad olunur. Qeyd edək ki, əvvəllər iqtisadi fəaliyyət sahəsinə aid cinayət məsuliyyəti yaradan hədd 1000 manat müəyyən edilmişdi. Dəyişikliklərdən sonra bu məbləğ 20 dəfə artırılıb. Bundan başqa, 2016-cı ildə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün bəzi güzəştlər müəyyənləşdirilib. Əvvəllər hansısa sahibkarlıq subyektinin dövriyyəsinin gizlədilməsinə görə yüksək cərimələr və həbs qətimkan tədbiri tətbiq olunurdusa, bu ildən onlara qarşı tətdbirlər xeyli yüngülləşdirilib. İlk dəfə böyük ictimai təhlükə törətməyən qanunsuz sahibkarlıq və ya yalançı sahibkarlıq cinayətlərini törətmiş şəxslər əldə etdikləri qanunsuz gəliri və ya vurduqları ziyanı dövlət büdcəsinə tamamilə ödədikdə məsuliyyətdən azad olunurlar.

Vergi orqanları inzibatçılığı təkmilləşdirərək sahibkarlarla münasibətləri partnyorluq müstəvisində qurur, inzibati metodlarla deyil, vergi mədəniyyətini və könüllü ödəmə vərdişlərini təlqin etməyə çalışır.

Qanunsuz sahibkarlığa yol açan amillərdən biri də bəzi şəxslərin vergidən yayınmaq məqsədilə uçota alınmadan fəaliyyət göstərməsidir. Vergi Məcəlləsinin 53.6-cı maddəsinə əsasən, vergi orqanında uçota alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün maliyyə sanksiyası tətbiq edilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqa­nında uçota dayanması nəzərdə tutulub. Bu tələbə əməl olunmadıqda fiziki şəxsə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur. Vergi Məcəlləsinin 58.7-ci maddəsi ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, nəzarət kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilməməsinə görə də sanksiyalar müəyyən edilib. Vergi ödəyicisinə il ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat, ikinci dəfə yol verildikdə 800 manat, üç və daha çox dəfə yol veril­dikdə 1200 manat məbləğində ma­liyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 58-ci maddəsində digər qanun pozuntularına görə də konkret maliyyə sanksiyalarının tətbiq olunması, o cümlədən işəgötürən işçiləri əmək müqaviləsi bağlamadan hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə şərait yaradırsa, hər bir belə şəxs üzrə ona 1000 manat məb­ləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulub.  Sahibkarların bəzisi elə başa düşür ki, qanunsuz sahibkarlıq inzibati məsuliyyət tədbiri və ya maliyyə sanksiyası ilə məhdudlaşdırılacaq və onlar cinayət məsuliyyəti yaradan hallara görə mühakimə olunmayacaqlar. Halbuki Cinayət Məcəlləsinin 192-ci maddəsində müxtəlif hallar üzrə törədilmiş zərərlərə görə azadlıqdan məhrum­etmə cəzası nəzərdə tutulub.  

E.CƏFƏRLİ