Vergiler.az

İşsizlikdən müdafiə sistemi qurulur

 

2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək «İşsiz­lik­dən sığorta haqqında» Qanun işsizlikdən sığortanın təşki­la­ti, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, sı­ğor­ta­nın subyektləri arasındakı münasibətləri tən­zim­ləyir. Qa­nunun məqsədi respublikamızın əmək baza­rında ris­kin ötürülməsinə əsaslanan müna­si­bət­lə­rin və yeni ma­liy­yələşmə mexanizmlərinin yara­dıl­ması, sığorta­olu­nan­ların itirilmiş əməkhaqlarının kom­pensasiya olun­ma­sı və işsizliyin yaranması hal­la­rının qarşısının alın­ması üçün qabaqlayıcı tədbir­lərin görül­məsi yolu ilə əhalinin sosial müda­fiəsinin gücləndirilməsinə təminat veril­məsidir. Qanun döv­lət orqanının və ya hüquqi şəx­sin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixti­sar edilməsi nə­ti­cə­sində əmək münasibətlərinə xitam veril­miş şəxs­lə­rə şamil edilir.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev yeni qanunvericilik aktları ilə əlaqədar keçirdiyi mətbuat konfransında bildirib ki, bazar münasibətləri şəraitində işsizlikdən müdafiə sisteminin sosial-iqtisadi məsələlərin həllinə, əmək hüquqlarının qorunmasına, sosial ədalətin təmin edilməsinə yönəlmiş dövlət siyasətinin əsas elementlərindən biri olan bu sistem dünyada 72 ölkədə fəaliyyət göstərir. Bu ölkələrin hər birində işsizlikdən sığorta sistemi ölkənin iqtisadi potensialında, əmək bazarının vəziyyətindən, işsizliyin xüsusiyyətlərindən, aztəminatlı əhaliyə münasibətdə digər sosial proqramların mövcudluğu vəziyyətindən və s. hallardan asılı olaraq yaradılıb: «Azərbaycanda da Dövlət Məşğulluq Strategiyasında ölkəmizdə işsizlikdən sığorta sisteminin yaradılması məsələsi əksini tapıb. Beynəlxalq Əmək Təşkilatının Azərbaycan tərəfindən ratifikasiya edilmiş konvensiyasında və tövsiyəsində də işsizlikdən sığorta sisteminin tətbiqi məsələsi yer alıb. Bu sığorta sisteminin əsas məqsədi işsizin iş yerini itirdiyi andan onun yeni iş yeri tapanadək olan dövrdə itirilmiş gəlirlərinin tam və ya qismən kompensasiya edilməsi və ona əmək bazarına təkrar qaytarılmasına kömək göstərilməsidir. Bu qanun müasir dünyada işsizlikdən sığorta sahəsində mövcud olan mütərəqqi cəhətlər əsas götürülməklə, beynəlxalq ekspertlərin rəyi, Beynəlxalq Əmək Təşkilatının tövsiyələri, aidiyyəti qurumların rəy və təklifləri nəzərə alınmaqla təkmil səviyyədə hazırlanıb. Qanun ölkəmizin əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılmasına, sığortaolunanların, yəni işəgötürənlə əmək müqaviləsi bağlamış və işsizlikdən sığorta olunan işçilərin itirilmiş əməkhaqlarının kompensasiya olunmasına xidmət edir. Digər tərəfdən isə bu qanun işsizliyin yaranması hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə əsaslı təminat yaradır».

İşsizlikdən sığorta üzrə tarif dərəcələrinin də dünya ölkələrindəki tariflər üzrə ən aşağı səviyyədə nəzərdə tutulduğunu deyən nazir müavini əlavə etmişdir ki, qanunda həmin tarif dərəcələri sığortaedən tərəfindən hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi və sığortaolunan, yəni işçi tərəfindən əməkhaqqının 0,5 faizi səviyyəsində müəyyən olunub. İşsizlikdən sığorta sistemi işsiz vətəndaşları uzun müddət sığorta ödənişi almağa deyil, əksinə, onların ixtisaslarını, təhsillərini, peşəkarlıqlarını artırmaqla, yenidən əmək bazarına qaytarılmasını stimullaşdırır: «Sığorta ödənişini almaq hüququ yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yaxud işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində əmək münasibətlərinə xitam verilmiş və məşğulluq orqanında işsiz kimi qeydiyyata alınmış sığortaolunanlara şamil edilir. İşsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslər üçün sığorta ödənişi nəzərdə tutulur. Yəni  həmin şəxslərə sığorta ödənişi onların sığorta stajından asılı olaraq itirilmiş orta aylıq əməkhaqqlarının məbləğinə görə sığorta stajı 3 ildən 5 ilə qədər olduqda - 50 faiz,  5 ildən 10 ilə qədər olduqda - 55 faiz, 10 ildən yuxarı olduqda isə 60 faiz səviyyəsində müəyyən edilib».

Sığorta ödənişinin ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin ediləcəyini bildirən nazir müavini ona da qeyd edib ki, bir şəxs üçün sığorta ödənişinin verilmə müddəti ilkin müraciət zamanı sığorta ödənişi təyin edildiyi aydan sonrakı 24 ay ərzində 9 aydan artıq ola bilməz: «Bununla yanaşı, vətəndaş ilk dəfə sığorta ödənişi təyin olunduğu vaxtdan sonrakı 24 ay ərzində «Məşğulluq haqqında» Qanunda nəzərdə tutulmuş münasib işlə təmin edilmədikdə ona bir dəfə təkrar müraciət edərək yenidən minimum sığorta ödənişi almaq hüququ verilir. Digər tərəfdən, qanunda müvafiq hallarda sığorta ödənişinə əlavə də nəzərdə tutulur ki, bu da sığorta ödənişi təyin edilmiş şəxsin himayəsində 18 yaşa çatmamış uşaq olduqda nəzərdə tutulub. Lakin ailədə ər və arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, onlardan yalnız birinə əsas sığorta ödənişinə əlavəni almaq hüququ şamil edilir».

Bildirmişdir ki, işsizlikdən sığorta sisteminin tətbiqi özünüməşğulluq proqramının gələcəkdə daha geniş vüsət almasına, daha çox insanın özünüməşğulluğuna dəstək verilməsinə, digər aktiv məşğulluq tədbirlərinin miqyasının genişlənməsinə də əsaslı təminat yaradacaq. 

Aytən NƏBİYEVA