Vergiler.az

Aqrar sahənin inkişafı prioritet hesab olunur

 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov 2017-ci ilin birinci yarısının iqtisadi yekunları ilə bağlı müsahibəsində kənd təsərrüfatının inkişafı, aqrar sektorun genişləndirilməsi istiqamətində görülən işlərə qiymət  ver­mişdir.

Millət vəkili bildirmişdir ki, Azərbaycanın daxili siyasətində inkişaf şaxələndirilmiş iqtisadi strategiyaya əsaslanır. 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları icra olunur və hazırda bu proqramların üçüncü mərhələsi həyata keçirilir: «Azərbaycan bu bölgədə və dünyada sabitlik məkanı kimi tanınır. Əlbəttə, belə bir şəraitdə həm investisiyaların qoyuluşu üçün maraq göstərilir, həm də xalqımız rahat yaşayır, əhalimizin rifah halı yaxşılaşır.

Bu dövrdə qeyri-neft iqtisadiyyatımız 1,7 faiz artıb. Qeyri-neft sənayesində isə artım 4,4 faizdir. Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Həmçinin, ölkəmizin valyuta ehtiyatları artıb və 40,6 milyard dollar təşkil edir. Altı ay ərzində valyuta ehtiyatlarımızda təxminən 3 milyard dollar artım olub. Kənd təsərrüfatında da 2,2 faiz səviyyəsində artım baş verib».

Qeyd edilmişdir ki, qlobal iqtisadi çətinliklər fonunda ölkəmizdə aqrar sektorun inkişafının güclü şəkildə dəstəklənməsi təsadüfi de­yil: «Azərbaycan kənd təsərrüfatının inkişafı sahəsində tarixən güclü ənənələrə malik olan ölkədir. Əlverişli coğrafi iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Eyni zamanda, həyata keçirilən səmərəli siyasət sayəsində Azərbaycanın iqtisadi potensialının və maliyyə imkanlarının art­ması respublikamızda kənd təsərrüfatı sahəsində mövcud olan imkanlardan istifadə edilməsinə münbit zəmin yaradır. Ölkə əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir».

Millət vəkili ölkəmizdə kənd təsərrüfatına praktiki müstəvidə geniş maliyyə və texniki dəstək göstərildiyini və bu sahədə hədəflənən yüksək nəticələrin əldə olunması məqsədilə institusional islahatlar həyata keçirildiyini, qanunvericilik bazasının gücləndirilməsini, Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizinin kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldildiyini, fermerlərin torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azad olduqlarını xüsusi vurğulamışdır. E.İbrahimov qeyd etmişdir ki, müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Eyni zamanda, iri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi daşıyır: «Hazırda aqrar sahənin daha da inkişafı xüsusi diqqət mərkəzindədir və bu sahədə yeni aqroparkların yaradılması işi sürətlə gedir. Bu günə qədər dövlətin təşəbbüsü və maliyyə dəstəyi ilə 32 iri fermer təsərrüfatı yaradılıb. İndi 38 böyük aqropark yaradılır. Tezliklə 38 aqroparkın yaradılması bizim ixrac potensialımızı böyük dərəcədə artıracaq. Qeyri-neft sektoru məhsullarının ixracı 27 faiz artıb. Bu məhsullar sırasında kənd təsərrüfatı məhsulları da üstünlük təşkil edir».

İqtisadiyyatın bütün sahələrində olduğu kimi ölkəmizin aqrar sahəsində də zamanın çağırışlarına uyğun olaraq iqtisadi inkişaf modellərindən istifadə olunur: «Hazırda aqrar sahəni innovasiyalar tətbiq etmədən inkişaf etdirməyi təsəvvür etmək çox çətindir. Bunu nəzərə alaraq aqrar sahədə innovasiyanın tətbiqi istiqamətində geniş işlərə başlanmışdır.

Millət vəkili «Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi»ndən danışarkən bildirmişdir ki, bu sənədin ümumi məqsədi Azərbaycan Respublikasında kənd təsərrüfatı sektorunun yüksək rəqabət qabiliyyətinə və dayanıqlı inkişafına nail olmaqdır: «Strateji yol xəritəsində ölkəmizin kənd təsərrüfatı məhsullarının istehsalında və emalında istifadə olunan istehsal vasitələri və bu sektorda həyata keçirilən xidmətlə təminat məsələləri də dərindən araşdırılmış və bütün bu məsələlərin yaxşılaşdırılması üçün görülməsi vacib olan istiqamətlər müəyyən edilmişdir. Strateji yol xəritəsində onun əsas məqsədlərindən biri olan əhalinin ərzaq və qida təhlükəsizliyinin təmin olunması çox geniş və əhatəli formada təhlil edilərək görüləcək işlər müəyyən edilmişdir. Bu məqsədlə Ərzaq Təhlükəsizliyi Komissiyasının və Qida Təhlükəsizliyi Agentliyinin yaradılması, beynəlxalq normalara uyğun rasional fizioloji istehlak normalarının hazırlanması, ölkənin, həmçinin hər bir regionun və inzibati rayonun ərzaq məhsulları üzrə tələbatı bu normalar əsasında dəqiqləşdirilərək, ərzaq ehtiyatlarının çeşid və həcm göstəriciləri üzrə yaxın, orta və uzunmüddətli proqnozların hazırlanması nəzərdə tutulur».

E.İbrahimov ötən ilin iyun ayında Milli Məclis tərəfindən qəbul edilmiş «Kənd təsərrüfatı kooperasiyası haqqında» Qanunla bağlı şərh verərək bildirmişdir ki, məqsəd Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaqdır: «Qanun layihəsi hazırlanarkən dünya təcrübəsi öyrənilib. Kooperasiya sistemi Azərbaycanda kənd təsərrüfatının inkişafına, istehsal olunan məhsulların rəqabət qabiliyyətliliyinin daha da artırılmasına və onların Avropa standartlarına uyğun gəlməsinə öz töhfəsini verəcək. Bu məqsədə nail olmaq üçün «Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı» çərçivəsində bir sıra vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. Onların sırasında kooperativlərin fəaliyyəti ilə bağlı maarifləndirmənin və təbliğat-izahat işinin gücləndirilməsini, kooperativlərin dövlət tərəfindən dəstəklənməsini, aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsini, torpaqdan səmərəli istifadə edilməsini, kənd təsərrüfatı kooperasiyası sisteminin inkişaf etdirilməsini, kənd təsərrüfatı istehsalında səmərəliliyin təmin edilməsini, kənd təsərrüfatında innovasiyaların tətbiqinə şərait yaradılmasını qeyd etmək olar. Dövlət proqramında Azərbaycanda kənd təsərrüfatı kooperasiyasının inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün bir sıra istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur. Kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının (assosiasiyalarının) yaradılmasının və inkişafının dəstəklənməsi, kooperativlərin yaradılması və inkişafı üçün əlverişli sosial-iqtisadi və hüquqi mühitin formalaşdırılması, kənd təsərrüfatı istehsalçılarının kooperativlərdə birləşməsinin stimullaşdırılması ilə bağlı tədbirlər görülməsi, kooperativlərdən hazır məhsulun qısa müddətdə tədarükünü, daxili və xarici bazara çıxışını təmin edən mexanizmin yaradılması və s. bu tədbirlər sırasına daxildir».

FƏXRİYYƏ