Vergiler.az

Kompensasiya ödənişini almaq üçün nələrə diqqət etməli?

 

«İcbari sığortalar haqqında» Qanuna əsasən, naməlum, oğurlanmış və ya icbari sığorta müqaviləsi olmayan avtonəqliyyat vasitəsi ilə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına zərər dəymiş üçüncü şəxslər İcbari Sığorta Bürosundan kompensasiya ödənişini tələb etmək və almaq hüququna malik olan şəxslər hesab olunurlar. Hadisə nəticəsində şəxsin ölməsi halında bu hüquq onun ailə üzvlərinə keçir.

 

Kompensasiya ödənişini almaq üçün İcbari Sığorta Bürosuna müraciət etməyin başlıca şərti həmin ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının olmasıdır. Digər mühüm şərt isə ondan ibarətdir ki, zərərçəkənin sağlamlığına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam və ya qismən ödənilməmiş olsun.

 

 

Dələduz vasitəçilərdən ehtiyatlı olun!

 

İSB-dən bildirilir ki, büroya kompensasiya ödənişi ilə bağlı müraciət etmək və ödəniş edilməli halda onu almaq mürəkkəb proses deyildir. Bunun üçün qanunvericiliklə siyahısı müəyyən edilmiş sənədlərin toplanması və büroya təqdim edilməsi yetərlidir. Bunu zərərçəkmişin özü, ailə üzvləri, yaxud onun adından qanuni əsaslarla çıxış edən nümayəndəsi edə bilər. Bu və ya digər səbəblərdən vətəndaşlar büroya şəxsən müraciət etmədiyi hallarda bu işi peşəkar hüquq xidmətləri göstərən vasitəçilərə həvalə edə bilərlər. Tərəflər arasında yaranan mülki münasibətlər göstəriləcək xidmətlərə görə bütün şərtlərin, eləcə də ağlabatan məbləğdə müəyyən edilmiş xidmət haqqının aydın əks olunduğu və notarial qaydada təsdiqlənmiş müqavilə ilə rəsmiləşdirilməlidir. Çünki bəzi hallarda zərərçəkənlərin düşdüyü vəziyyətin həssaslığından, eləcə də onların məlumatlı olmamasından sui-istifadə edən, zərərçəkənə düşə biləcək kompensasiya ödənişinin bir hissəsini qanunsuz yolla mənimsəmək istəyən «vasitəçilər» peyda olur və vətəndaşları aldatmaq yolu ilə guya bürodan kompensasiyanın alınması prosesinin mürəkkəbliyini, hətta mümkünsüzlüyünü iddia edərək vətəndaşları onların adından vasitəçi kimi çıxış etməyə razı salırlar. Adətən, bu cür «vasitəçilər» vətəndaşın verdiyi etibarnamə əsasında hərəkət edirlər və tərəflər arasında münasibətləri tənzimləyən hər hansı hüquqi razılaşma və ya müqavilə mövcud olmur. Burada digər acınacaqlı məqam isə ondan ibarətdir ki, vasitəçiyə etibarnamə verərkən vətəndaşlar əksər hallarda etibarnamənin əhatə etdiyi hüquqların dairəsinə diqqət etməyərək tələb olunandan daha geniş səlahiyyətlər verən etibarnamə təqdim edirlər, bununla da vasitəçiyə təmsilçilik hüququ ilə yanaşı, özlərinin adından maliyyə əməliyyatları aparmaq hüququnu da ötürmüş olurlar.

 

 

Ödənişlər yalnız bank hesabına

və ya poçt vasitəsilə göndərilir

 

İSB-dən bildirilmişdir ki, büro heç bir halda kompensasiya ödənişlərini vasitəçilərə ödəmir. Bütün ödənişlər yalnız zərərçəkənlərin və ya onların müraciət etmiş ailə üzvlərinin adına poçt vasitəsilə və ya bank hesabına göndərilir: «Vətəndaşlar bilməlidirlər ki, müqavilə ilə bərkidilməyən münasibətlər nəticədə vətəndaşa çatmalı olan kompensasiya ödənişinin müəyyən hissəsindən qanunsuz olaraq məhrum edilməsi ilə nəticələnə bilər. Belə ki, əgər zərərçəkənin adından çıxış edən vasitəçi müqavilə ilə deyil, etibarnamə üzrə hərəkət edirsə və etibarnamənin əhatə etdiyi hüquqların dairəsi yalnız təmsilçiliklə məhdudlaşdırılmamışdırsa, bu halda həmin şəxs etibarnaməyə uyğun olaraq zərərçəkənə çatacaq vəsaiti almaq və onun üzərində sərəncam vermək səlahiyyətinə də malik olur. Bir sıra hallarda vasitəçilər bundan sui-istifadə edərək dələduzluq edir və vətəndaşa çatacaq həmin vəsaitin əhəmiyyətli hissəsini mənimsəyir, zərərçəkənə isə özlərinin istəyinə görə bir məbləği verərək yalnız bu qədər kompensasiya ödənildiyini söyləyirlər. Zərərçəkənlər isə bunun fərqinə varmayaraq nəticədə özlərinin də xəbəri olmadan bu cür vasitəçilərin qurbanına çevrilmiş olurlar. Bu səbəbdən, vətəndaşlar vasitəçi ilə mülki münasibətlərini yalnız öncədən bağlanılan və notarial qaydada təsdiqlənmiş ikitərəfli müqavilə ilə rəsmiləşdirməlidir. Vətəndaşlar hər hansı səbəbdən kompensasiya ödənişi ilə bağlı Büroya şəxsən müraciət edə bilmədikdə, eləcə də vasitəçi ilə müqavilə bağlamaq mümkün olmadıqda, vasitəçiyə veriləcək etibarnamə ona yalnız zərərçəkəni Büro qarşısında təmsil etmək hüququ verməli, vasitəçiyə daha geniş səlahiyyətlər həvalə etməməlidir. Zərərçəkənlə vasitəçi arasında bağlanılan ikitərəfli müqavilə əsasında əməkdaşlıq isə bu kimi mənfi halları istisna edir, çünki bu zaman vasitəçinin zərərçəkənə ödənilən kompensasiyanı almaq imkanı olmur və ona yalnız öncədən razılaşdırılmış və müqavilədə qeyd olunmuş xidmət haqqı çatır. Həmçinin, etibarnamədən fərqli olaraq müqavilə tərəflər arasında mülki münasibətləri dəqiq müəyyən edir, eləcə də vasitəçinin zərərçəkənə göstərdiyi hüquqi xidmətlərin keyfiyyətinə dair sonradan yarana biləcək mübahisələrin hüquqi müstəvidə həlli üçün zəmin yaradır».

Büro bütün hallarda - istər zərərçəkənin özünün, ailə üzvlərinin, istərsə də onu təmsil edən vasitəçinin müraciət etməsi halında, tamamilə təmənnasız olaraq, müraciət etmiş şəxslərə kompensasiya ödənişinin alınması prosesi ilə bağlı lazımi dəstəyi və istiqamətləndirməni təmin edir.

 

 

Bu məqamlara xüsusi

diqqət yetirin

 

Bəzi hallarda zərərçəkən ibtidai istintaq və ya məhkəmə araşdırması dövründə zərərvuran şəxsə qarşı ona dəymiş zərərlə bağlı hər hansı iddia qaldırmır və müvafiq olaraq rəsmi sənədlərdə də zərərçəkənin iddiasının olmaması əksini tapır. Lakin sonradan büroya kompensasiya ödənişi almaq üçün müraciət edən bu cür zərərçəkənlər və ya onların vasitəçiləri bilməlidirlər ki, bu hal onların kompensasiya ödənişi almasını əngəlləyə və ödənişin verilməsindən qanuni əsaslarla imtinaya səbəb ola bilər.

İSB bildirir ki, naməlum, oğurlanmış və ya icbari sığorta müqaviləsi olmayan avtonəqliyyat vasitəsinin səbəb olduğu yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa dəymiş zərərlə bağlı kompensasiya ödənişinin alınması üçün İcbari Sığorta Bürosuna müraciət edərkən bəzi vacib məqamları nəzərə almaq lazımdır. Belə ki, vətəndaşın kompensasiya ödənişi almaq üçün Büroya şəxsən müraciət etməyi daha məqsədəuyğundur. Əgər kompensasiya ödənişinin alınması prosesi ilə bağlı əlavə hüquqi xidmətlərin lazım olacağı qənaətinə gəlinərsə, bu zaman analoji xidmətləri təqdim edən vasitəçi ilə ünsiyyət qurmaq olar. Vasitəçi ilə mülki münasibətləri müqavilə ilə rəsmiləşdirmək lazımdır. Müqavilənin bütün şərtləri və vasitəçiyə ödəniləcək xidmət haqqını aydın əks etdirməsini və notarial qaydada təsdiqlənmiş olmasını tələb etmək lazımdır.

Hər hansı səbəbdən büroya şəxsən müraciət edə bilmədikdə, eləcə də vasitəçi ilə müqavilə bağlamaq mümkün olmadıqda, verilən etibarnaməni büro qarşısında yalnız şəxsi təmsil etmə hüququ ilə məhdudlaşdırmaq məqsəduyğundur. Çünki daha geniş səlahiyyətlər həvalə edən etibarnamə verməklə bəzi vasitəçilərin dələduzluq əməllərinin qurbanına çevrilə bilərlər. Büro tərəfindən verilən kompensasiya ödənişini şəxs özü qəbul etməli və hər hansı şəxsə bunu həvalə etməməlidir. 

AYTƏN