Vergiler.az

Manatın 25 yaşı tamam oldu

 

Milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də tədavülə buraxılıb. 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əsginaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əsginas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əsginaslar dövriyyəyə buraxılıb. Azərbaycan Respublikasının 1-ci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib.

1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat : 10 rubl nisbətində rubllar ilə paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunurdu.

Milli Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə 10.000 manatlıq, 1996-cı ildə isə 50.000 manatlıq əsginaslar çap etdirilərək dövriyyəyə buraxılıb.

1994-cü ildə Almaniyada «Giesecke & Devrient» şirkəti tərəfindən istehsal edilən 10.000 manatlıq əsginasın üzərində «Şirvanşahlar» kompleksinin ümumi görünüşü, arxa tərəfində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə həm rəqəmlə, həm də söz ilə nominal verilmişdi.

İngiltərənin «De La Rue» şirkəti tərəfindən çap edilən 50.000 manat dəyərində əsginaslar 1996-cı ildən dövriyyəyə buraxılıb və bu pul vahidinin üzərində orijinal üslubda Naxçıvanda olan memarlıq abidəsi - «Mömünə Xatun türbəsi», arxa hissəsində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə nominalın dəyəri həm rəqəmlə, həm də sözlə verilib.

İngiltərədə 2001-ci ildə «De La Rue» şirkəti tərəfindən yeni dizaynla 1000 manat dəyərində əsginas buraxılıb. Bu əsginas Azərbaycanda neftin çıxarılması və istehsal edilməsinə həsr edilib. Əsginasın dizaynında ənənəvi çərçivələr və ornamentlər istifadə edilib.

Ümumikdə, Azərbaycan Respublikasının Milli Bankı tərəfindən ölkə iqtisadiyyatının nağd pula olan tələbatının ödənilməsi məqsədilə 1992-2005-ci illər ərzində 5 trilyon 238 milyard manat həcmində 692,5 milyon ədəd əsginas istehsal olunaraq dövriyyəyə buraxılıb. Köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə olub və denominasiya çərçivəsində dövriyyədən geri yığılıb.

Azərbaycan Respublikası Prezidenti tərəfindən 2005-ci il 7 fevral tarixdə «Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında» Fərman imzalanıb. Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat AZN 5000 köhnə AZM-ə bərabər tutuldu. AZM və AZN-in birgə 1 il ərzində - 2006-cı ildə dövriyyədə oldu və yalnız 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edildi. Lakin AZM-lərin AZN-lərə dəyişdirilməsi prosesinə heç bir məhdudiyyət qoyulmadı və hazırda da bu proses xırda həcmdə olsa da davam edir.

Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əsginaslar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət olub.

Yeni manatın dizaynı ilə bağlı müsabiqənin qalibi Avstriyanın «OeBS» şirkətinin dizayneri, avronun müəllifi Robert Kalina olub. Yeni nəsil pul nişanlarının texniki parametrləri isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb.