Vergiler.az

Biznes mühitində canlanma var

 

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2017-ci ilin birinci yarısında Azərbaycanda iqtisadiyyatın bütün sahələri üzrə yeni yaradılaraq qeydiyyata alınmış hüquqi və fiziki şəxslərin sayında artım olub. Bu ilin yanvar-iyun ayları üzrə qeydiyyatdan kezən hüquqi şəxs­lərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 5% çoxdur və ölkə üzrə qeydə alınmış hüquqi şəxslərin sayı 119 mini keçib. Bunlardan 100.376-sı (bütün hüquqi şəxslərin 89,2%-i) özəl müəssisələrin, 6.598-i xarici, 2.064-ü birgə müəs­si­sələrin, 10.521-i (9,3%) dövlət müəssisələrinin, 1.701-i isə (1,5%) bələdiyyələrin payına düşür.

İlk 6 ayda topdan və pərakəndə satış, avtomobil və digər məişət mallarının təmiri ilə məşğul olan 29.577 (artım 6,1%); maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 1.601 (artım 2,2%); daşınmaz əmlakla bağlı əməliyyatlarla məşğul olan 1.451(artım 11,3%); inzibati və yardımçı xidmətlərlə məşğul olan 4.406(artım 8,7%); rabitə və informasiya sahəsində fəaliyyət göstərən 2.804  (artım 4,2%); istirahətin təşkili və əyləncə sahəsində fəaliyyətlə məşğul olan 1743 (artım 4,7%) hüquqi şəxs qeydiyyata alınıb.

DSK-nın məlumatına görə, ilin ilk yarısında fiziki şəxslərin sayı əvvəlki ilin müvafiq dövrü ilə nisbətdə 12,5% artıb. Hazırda ölkəmizdə 770 min fiziki şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Onların böyük bir qismi kənd təsərrüfatı sahəsində (228,489) çalışır, emal sənayesi sahəsində isə 16.808, topdan və pərakəndə satış, avtomobil və məişət mallarının təmiri sahəsində 198.884 min fiziki şəxs fəaliyyət göstərir.

Bundan əlavə, maliyyə və sığorta fəaliyyəti ilə 1.606, daşınmaz əmlakla bağlı əməliyyatlarla 11.801, inzibati və yardımçı xidmətlər sahəsində 2.748, tikinti fəaliyyəti ilə 5.772, turistlərin yerləşdirilməsi və ictimai iaşə ilə 36.573, nəqliyyat və anbar təsərrüfatı ilə 79.686, istirahətin təşkili və əyləncə sahəsində fəaliyyətlə 10.379, digər sahələrdə isə 190 minə yaxın fiziki şəxs çalışır.

 

Səmərəli vergi rejimi sahibkarlığı stimullaşdırır

2017-ci il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı qanunun icrası sahibkarlıq subyektlərinin sayının artmasına səbəb olub. Vergilər Nazirliyinin məlumatına görə, 2017-ci ilin yanvar-iyun ayları ərzində qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 103.968 olub ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən iki dəfə çoxdur.

Vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, biznesə başlama prosedurlarının əsaslı şəkildə sadələşdirilməsi, vergi güzəşt və azadolmaların tətbiqi, sahibkarlığın və ixracın təşviqi, vergi yükünün aşağı salınması sayəsində biznes mühitində canlanma müşahidə olunur.

Vergilər Nazirliyi tərəfindən hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatının elektron qaydada həyata keçirilməsi də biznes mühitinə müsbət təsir göstərib, yeni sahibkarlıq subyektlərinin yaradılmasına imkan verib. Fiziki şəxslərin vergi uçotu və hüquqi şəxslərin dövlət qeydiyyatının Vergilər Nazirliyi tərəfindən elektron qaydada həyata keçirilməsi vətəndaşların sahibkarlıq fəaliyyətinə başlamasını xeyli asanlaşdırır. Sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində mühüm yeniliklərdən biri olan «e-qeydiyyat» sisteminin tətbiqi hüquqi şəxslərə və fərdi sahibkarlara vergi orqanına getmədən internet vasitəsilə vergi uçotuna dayanma imkanı yaradır. Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı ərəfəsində yerinə yetirilməli olan 3 məcburi prosedurdan keçmək zərurəti tamamilə aradan qaldırılıb, ümumilikdə qeydiyyatın aparılmasına sərf edilən müddət 1 günədək azalıb.

Ölkədə biznesə başlama ilə bağlı prosedurlar 15-dən 2-yə, sərf olunan vaxt isə 30 gündən 2 günə endirilib. Fərdi sahibkarlar 2011-ci ildən, yerli investisiyalı müəssisələr isə 2012-ci ildən etibarən elektron qaydada qeydiyyata alınır.

 

Xarici iş adamları yeni müəssisələr yaradır

Son dövrlərdə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas məqsədlərindən biri də investisiyaların təşviqi və əlverişli biznes mühitinin formalaşdırılmasıdır.  Hazırda Vergi Məcəlləsində 104 azadolma və 25 güzəşt növü qüvvədədir.   

Vergi islahatlarının əsas istiqamətlərindən biri xarici investorların ölkəyə cəlb olunmasını əhatə edir. Azərbaycanın beynəlxalq müqavilələrə qoşulması investisiyaların təşviqi və qorunması, ikiqat vergitutmanın aradan qaldırılması xarici investisiyaların ölkəyə yönəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Görülən tədbirlər nəticəsiz qalmır: regionlarda yerli sərmayəçilərlə yanaşı, xarici iş adamlarının da sayı artıb, bölgələrə sərmayə qoyuluşları çoxalıb. Hazırda Azərbaycanda 7000-dən artıq xarici investisiyalı müəssisə fəaliyyət göstərir ki, onların böyük qismi bölgələrdədir.

 

 

Regionlarda iqtisadi layihələrin icrası genişlənir

Ölkəmizin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri regionların sosial-iqtisadi imkanlarından hərtərəfli şəkildə istifadə olunması, bölgələrdə sahibkarlığa dövlət qayğısının artırılması, iş adamlarının fəaliyyəti üçün şərait yaradılması və sərmayələrin cəlb edilməsi, yeni iş yerlərinin açılması kimi vəzifələri əhatə edir.

2014-2018-ci illəri əhatə edən Dövlət Proqramının və digər mühüm qanunvericilik sənədlərinin icrası sayəsində regionlarda istifadə olunmamış iqtisadi güc səfərbər edilərək hərəkətə gətirilir, yeni yaradılan istehsal müəssisələrinin, xüsusilə də sənaye obyektlərinin və sahibkarlıq subyektlərinin fəaliyyətinin artması üçün əlverişli vergi-gömrük siyasəti və müxtəlif stimullaşdırıcı tədbirlər həyata keçirilir. Strateji hədəflərdən biri regionlarda (Gəncə, Mingəçevir, Daşkəsən və s.) sənaye texnoparklarının və sənaye məhəllələrinin, aqroparkların, innovasiya zonalarının, biznes inkubatorlarının, iri fermer təsərrüfatlarının yaradılmasıdır. Həmin layihələrin icrasının sürətləndirilməsinə təkan vermək üçün təkanverici tədbir kimi vergi güzəştləri tətbiq olunur. Bununla yanaşı, bölgələrdə çalışan sahibkarlar üçün vergi yükünün optimallaşdırılması məqsədilə bir sıra mallar və xidmətlər üzrə vergilərin dərəcələri tam və ya qismən azaldılıb, bir sıra vergi güzəştləri tətbiq olunub ki, burada əsas məqsəd biznes mühitini canlandırmaqla ölkənin iqtisadi yüksəlişinin yeni mərhələsinə keçidi təmin etməkdir.

Elbrus CƏFƏRLİ