Vergiler.az

Azad iqtisadi zonaların təşkili sahəsində beynəlxalq təcrübə mübadiləsi

 

«Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 17 mart 2016-cı il tarixli Sərəncamı ilə azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilmiş və ölkə başçısının «Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında» 31 may 2017-ci il tarixli Sərəncamı ilə Vergilər Nazirliyinin nümayəndəsinin də daxil olduğu İşçi Qrup yaradılmışdır. İyul ayının 12-dən 14-dək azad iqtisadi zonaların təşkili, fəaliyyəti və idarə edilməsi sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə İşçi Qrupun iclaslarında iştirak edən ekspertlər Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olmuşdur.

 Vergilər Nazirliyinin Vergi siyasəti və stra­teji araşdırmalar departamentinin baş di­rek­toru Samirə Musayeva Dubay şəhərində «Azad iqtisadi zonaların təşkili, fəaliyyəti və idarə edilməsi sahəsində qabaqcıl beynəl­xalq təcrübənin öyrənilməsi»nə həsr olun­muş iclasda iştirak edib. İclasın Dubayda təşkil edilməsi təsadüfi deyildir - bu şəhərdə 23 azad iqtisadi zona (BƏƏ-də 37) fəaliyyət göstərir.

Jebel Ali ölkənin ən böyük ticarət dövriyyəsi və ticarət limanı olan azad ticarət zonasıdır. Birləşmiş Ərəb Əmirliyi üzrə ÜDM-in 7%-i, Dubay üzrə isə 20%-i Jebel Alinin payına düşür.

Bu zonanın ərazisində fəaliyyət göstərən şəxslər vergi administrasiyasında vergi ödəyicisi kimi uçota alınmır və bəyannamə vermirlər. Zonanın rezidentləri ildə bir dəfə beynəlxalq audit şirkəti tərəfindən tərtib edilən audit hesabatını səlahiyyətli orqana təqdim edirlər.

Jebel Ali azad iqtisadi zonasının daxilində rezidentlərin malın (işin, xidmətin) təqdim edilməsindən gəlirləri gəlir (mənfəət) vergisindən və ƏDV-dən, habelə rezidentlərin təsisçilərinə ödənilən dividendlər vergidən azaddır. Bundan əlavə, zona daxilində işçilərə ödənilən əmək haqlarından hər hansı vergi tutulmur. İdxal və ixrac olunan mallar gömrük rüsumları və vergilərdən azaddır.