Vergiler.az

Ölkəmizin strateji valyuta ehtiyatları xarici dövlət borcunu 3,6 dəfə üstələyir

 

Mərkəzi Bankın bu ilin birinci yarısını əhatə edən «Pul si­ya­səti» icmalının növbəti buraxılışı nəşr edilib. İcmalda qeyd olu­nur ki, tədiyyə balansının yaxşılaşması nəticəsində 2017-ci ilin ilk yarısında makroiqtisadi sabitliyin təmin olunması istiqamətində müsbət meyllər formalaşmış və güclənmişdir. Valyuta bazarının tarazlaşmağa başlaması şəraitində inflyasiyanın yüksəlməsi gözləntiləri səngimiş, inflyasiyanın aylıq tempi yanvar ayından aşağı dğşməyə başlamışdır.

 

Azərbaycan iqtisadiyyatının

xarici sektoru üzrə proseslər

2017-ci ilin ilk yarısında Azərbaycanın xarici iqtisadi mövqeyi - qeyri-neft ixracının genişləndirilməsi və idxalın əvəzlənməsi istiqamətində görülmüş tədbirlər, eləcə də dünya iqtisadiyyatında və əsas ticarət tərəfdaşlarında baş verən proseslərin təsiri altında formalaşmışdır. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən,  2017-ci ilin ilk altı ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 8,7 milyard ABŞ dolları təşkil etmişdir ki, bunun da 5,3 milyardı ixracın, 3,4 milyardı isə idxalın payına düşmüşdür. Xarici ticarət balansında 1,9 milyard ABŞ dolları məbləğində müsbət saldo əmələ gəlmişdir. Dövr ərzində 171 ölkə ilə ticarət əməliyyatları həyata keçirilmişdir.

Ticarət dövriyyəsinin 37%-i Avropa İttifaqı (Aİ) ölkələrinin payına düşmüşdür. Aİ ilə ticarət əlaqələrinin 41%-i İtaliya, 11%-i Almaniya, 8%-i Portuqaliya, 6%-i isə Çexiya ilə həyata keçirilmişdir. MDB ölkələrinin ümumi ticarət dövriyyəsində xüsusi çəkisi 17% olmuşdur. Bu istiqamətdə ticarət dövriyyəsinin 65%-i Rusiyanın, 20%-i Ukraynanın payına düşmüşdür. Ticarət əlaqələrinin 32%-i digər ölkələrlə saxlanılmışdır. Bu ölkələr qrupunda əsas tərəfdaşlar Türkiyə (43%), Çin (24%), Gürcüstan (10%), İsrail (8%) və Hindistandır (8%).

İxracda əsas tərəfdaşlar İtaliya (23,1%), Türkiyə (11,7%), Çin (6,5%), Rusiya (5,5%), Portuqaliya (5%), Gürcüstan (4,5%) kimi ölkələr olmuşdur.

Ölkədə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala investisiya axınları davam etmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, xarici mənbə­lərdən əsas kapitala yönəldilmiş investisiyaların həcmi 2017-ci ilin 6 ayında 4,3 milyard manat ekvivalentində olmuşdur ki, bu da əsas kapitala yönəldilmiş ümumi investisiyaların 60%-ni təşkil edir. Əsas kapitala yönəldilmiş xarici investisiyaların artım tempi 0,6% təşkil etmişdir.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin çox hissəsi Böyük Britaniya, Türkiyə, Rusiya, İran, ABŞ, Yaponiya, Malaziya, İran və İsveçrənin sərmayədarlarına məxsus olmuşdur.

Ölkənin strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilmişdir. 2017-ci ilin 6 ayının sonuna ölkənin strateji valyuta ehtiyatları 40,5 milyard ABŞ dolları təşkil edərək 33 aylıq mal və xidmət idxalına kifayət etmiş və xarici dövlət borcunu 3,6 dəfə üstələmişdir.

Makroiqtisadi proseslər

2017-ci ilin ilk yarısında daxili tələb əvvəlki illərdə olduğu kimi iqtisadi artım dinamikasının əsas komponenti olmuşdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, son istehlak xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 20,8% artmışdır. İstehlak xərclərinin real artım tempi isə 6,1% təşkil etmişdir. Son istehlak xərclərinin nominal həcmi 20.3 milyard manat olmuşdur ki, bu da ev təsərrüfatlarının gəlirlərinin 86,3%-ni təşkil edir. Hər bir istehlakçı orta hesabla ayda 352 manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 44,7 manat çox əmtəə almış və pullu xidmətlərdən istifadə etmişdir.

Əhalinin nominal gəlirlərinin artımı istehlak tələbini dəstəkləyən əsas amil olmuşdur. 2017-ci ilin yanvar-iyun aylarında əhalinin pul gəlirləri nominal olaraq 7,3% artmışdır. Əhalinin adambaşına düşən pul gəlirlərinin artımı isə 6,2% təşkil etmişdir.

Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 7,1 milyard manat təşkil etmişdir. Dövr ərzində neft sektoruna 4,3 milyard manat, qeyri-neft sektoruna 2,8 milyard manat həcmində investisiyalar yönəldilmişdir. Cəmi investisiya qoyuluşlarının 30,2%-i dövlət, 69,8%-i özəl sektorun payına düşmüşdür. Əsas kapitala yönəldilmiş vəsaitin 40%-i daxili mənbələr, 60%-i isə xarici mənbələr hesabına formalaşmışdır.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri (70,3%) üstünlük təşkil etmişdir.

 

Məşğulluq

Ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 44,2 min nəfər təşkil etmişdir. Muzdla çalışan işçilərin sayı 2017-ci ilin 1 iyun tarixinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6% artaraq 1 milyon 525,2 min nəfər olmuşdur. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,8%-i məhsul istehsalı sahələrində, o cümlədən 7,1%-i tikinti, 6,6%-i emal sənayesi, 2,2%-i mədənçıxarma sənayesində, 3,1%-i də kənd təsərrüfatında fəaliyyət göstərmişlər.

 

İnflyasiya

2017-ci ilin birinci yarısında aylıq inflyasiya tempinin azalması müşahidə edilmiş, inflyasiyanın yüksəlməsi gözləntiləri səngimişdir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən ilin birinci yarısında orta illik inflyasiya 13,9% təşkil etmişdir. İstehlak Qiymətləri İndeksinin komponentləri olan ərzaq qiymətləri orta illik 18,1%, qeyri-ərzaq qiymətləri 12,4%, xidmətlər isə 9,4% dəyişmişdir.

Orta illik inflyasiyanın 7,6% bəndi ərzaq, 3,3% bəndi qeyri-ərzaq, 3% bəndi isə xidmətlərin payına düşür. Aylıq əsasda inflyasiya azalma meyili nümayiş etdirmişdir. Belə ki, aylıq faktiki inflyasiya yanvarda 2,3% olduğu halda, fevral və mart aylarında 1,6%, apreldə və mayda isə cəmi 0,2% təşkil etmişdir. İyundan artıq mövsümi deflyasiya müşahidə edilir. İyunda 1%-lik deflyasiya qeydə alınmışdır. Regionlar üzrə aylıq qiymət dəyişimi göstəricilərinə nəzər yetirsək, iyun ayı ərzində bütün regionlarda deflyasiya olduğunu görərik.

İlin ilk yarısı ərzində inflyasiyaya nominal effektiv məzənnə, gözlənti və inersiya, əsas partnyor ölkələrdə gedən inflyasiya prosesləri, inzibati qiymətlər, mövsümi və s. amillər təsir göstərmişdir.

Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2017-ci ilin yanvar-iyun aylarında 13,2% təşkil etmişdir.

 

Pul təklifi

İnflyasiya amillərini nəzərə alaraq pul bazasının artım kanalları idarəetməyə götürülmüş, pul bazası pul siyasətinin başlıca əməliyyat lövbəri olmuşdur. Mərkəzi Bank özünün likvidlik əməliyyatlarının aparılması zamanı  pul bazası üzrə hədəfə əsaslanmışdır. Əsas məqsəd pul təklifi kanallarını tənzimləmək və bu yolla inflyasiyanın yüksəlməsinin qarşısını almaq olmuşdur. Monetar şərait ikinci rübdə nisbətən yumşalsa da, ümumilikdə neytral olmuşdur. İqtisadiyyatın, o cümlədən fiskal sektorun pula olan tələbinə adekvat olaraq pul siyasətinin başlıca əməliyyat hədəfini təşkil edən pul bazası 5,3% artmış və 8 milyard 274,5 milyon manat təşkil etmişdir. Bu, ödəniş sisteminin sabitliyini təmin etməklə bərabər, iqtisadiyyatın kreditləşdirilməsi imkanlarını genişləndirən amildir. Dövriyyədə olan nağd pul kütləsi 5,6%, manatla müxbir hesablar isə 1,6% artmışdır. Altı ayın sonuna manatla pul multiplikatoru 1,38 təşkil etmişdir.

İlk yarımillikdə manatla geniş pul kütləsi (M2) 1% azalaraq dövrün sonuna 11 milyard 435,9 milyon manat təşkil etmişdir. Manatla pul kütləsinin (M2) strukturunda nağd pul kütləsi, fiziki şəxslərin əmanətləri və hüquqi şəxslərin depozitləri fərqli dinamika nümayiş etdirmişlər. Altı ay ərzində nağd pul kütləsi 6,2%, fiziki şəxslərin manat əmanətləri 21,2% artmış, hüquqi şəxslərin manat depozitləri isə 21,9% azalmışdır.

 

A.NƏBİYEVA