Vergiler.az

«Made in Azerbaijan» qeyri-neft istehsalını və ixracını stimullaşdırır

 

Milli brend ilə xarici dövlətlərə ixrac olunan məhsulların həcmi 44% çoxalıb

Azərbaycan iqtisadiyyatının ixrac simvoluna çevrilən «Made in Azerbai­jan» brendinin təşviqi ilə bağlı işlərə başlanmasından cəmi bir neçə ay ötməsinə baxmayaraq layihə öz uğurları ilə ölkəmiz üçün töhfəsini verməkdədir. Yerli ixracatçıların istehsal etdikləri rəqabətədavamlı məhsulların xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almaları və ixracla əlaqəli bəzi xərclərin dövlət büdcəsi hesabına ödənilməsi mexanizmini tənzimləyən milli brendimiz 2017-ci ilin birinci yarısında ixracın həcminin artmasında mühüm rol oynayıb. İqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib ki, «Made in Azerbaijan» brendinin dünyada təşviqi qeyri-neft sektorunda istehsalın artmasına səbəb olub və nəticədə ölkədən ixrac olunan qeyri-neft məhsullarının həcmi ilin ilk altı ayında 44 % artıb.

Qeyd edilib ki, milli brendimizin tanıdılmasına dövlət tərəfindən ən yüksək səviyyədə dəstək verilməsi və ixracatçılara hərtərəfli qayğı göstərilməsi qeyri-neft ixracı ilə məşğul olan sahibkarları həvəsləndirib, hazırda həmin sektorunun müxtəlif sahələrində çalışan 100-dən artıq şirkət öz məhsulunu «Made in Azerbaijan» brendi ilə dünya bazarına çıxarmaq üçün təşəbbüs göstərir. Çünki bu brend ixracatçılar üçün xarici bazarlara daha asan və rahat çıxmaq, güzəştlərlə əhatə olunmaq deməkdir. Nazirlik milli brendlə bazara çıxan ixracatçıları müəyyən etmək üçün müsabiqə təşkil edir, xarici ölkələrdə məhsula sertifikat və patent alınmasına və əmtəə nişanlarının qeydiyyatına görə onlara çəkilən xərclərin 50%-i həcmində vəsait nağdsız qaydada ödənilir. Beynəlxalq sərgi və ya yarmarkalarda «Made in Azerbaijan» brendini təşviq edən ixracatçıların da xərclərinin 30%-i dövlət tərəfindən qarşılanır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun  (AZPROMO) rəhbəri Rüfət Məmmədov bildirib ki, «Made in Azerbaijan» brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi məqsədilə sahibkarların beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə və ya fərdi qaydada iştirakı təmin edilir. Bu brend ilə ölkə stendinin təqdim olunduğu  beynəlxalq sərgi və yarmarkalar müəyyənləşdirilib. Beynəlxalq sərgi və yarmarkalarda «Made in Azerbaijan» brendinin təbliği ilə bağlı ixrac missiyalarının ilkin olaraq Avropa İttifaqı ölkələri, MDB, İran körfəzi və ərəb ölkələri, eləcə də Çin, Yaponiya, Malayziya və s. ölkələrə təşkili nəzərdə tutulur. «Made in Azerbaijan» brendinin təbliğ olunduğu məhsullar və həmin məhsulların təqdim edildiyi mağazalar şəbəkəsinə İstanbul, Moskva, Frankfurt, Dubay və digər iri hava limanlarındakı «Duty Free» mağazaları, Rusiyanın tanınmış mağazaları aiddir. Həmin mağazalarda Azərbaycan şərabları, mürəbbə, bal, xalça, kəlağayı və s. kimi məhsullar təklif edilir.

Azərbaycan məhsulları ilk dəfə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən «Gulfood 2017» sərgisində «Made in Azerbaijan» vahid ölkə stendində nümayiş olunub. Sərgi çərçivəsində Azərbaycanın «Azprotein» şirkəti ilə BƏƏ-nin «General Tradeing Company» şirkəti arasında Dubaya ət ixracına dair müqavilə imzalanıb. Bundan başqa, Azərbaycanın «Asico» şirkəti Küveytə meyvə-tərəvəz, «AHEC» şirkəti Misir, Əfqanıstan və Səudiyyə Ərəbistanına fındıq ixracına dair təkliflər alıb, «Astara tea» və «Kercom» isə Dubaya çay və bal ixracına dair ərəb şirkətləri ilə danışıqlara başlayıb. «Made in Azerbaijan» brendinin xarici bazarlarda təşviqi sahəsində həyata keçirilən kompleks dövlət dəstəyi tədbirlərinin davamı olaraq Belarus Respublikasının paytaxtı Minsk şəhərində «Azərbaycan Ticarət Evi» MMC yaradılıb və 20 fevral 2017-ci il tarixində Minsk Şəhər İcraiyyə Komitəsi tərəfindən qeydiyyata alınıb.

Bu günlərdə Bolqarıstanın Burqas şəhərində keçirilən «Wine Fest Burgas 2017» şərab festivalında «Made in Azerbaijan» brendinin tanıdılması məqsədilə təqdimat keçirilib. Təqdimat zamanı ölkəmizin üzümçülük və şərabçılıq ənənələri, eləcə də «Made in Azerbai­jan» brendinə daxil olan şərablar barədə məlumat verilib, «Gəncə Şərab-2» şirkətinin istehsalı olan «Hillside» qırmızı turş şərabın 2017-ci ilin fevral ayında Bolqarıstanın ən nüfuzlu tədbirlərindən olan «Vinaria» şərab müsabiqəsində gümüş medala layiq görüldüyü ziyarətçilərin diqqətinə çatdırılıb. Otuz şərab istehsalçısı tərəfindən 200-dən çox şərabın təqdim edildiyi bu tədbirdə Azərbaycanın yerli «mədrəsə» üzüm növündən hazırlanmış «İvanovka bağları. 1954. Mədrəsə» və «İvanovka bağları. 1954. Kəmşirin» adlı şərablar böyük maraqla qarşılanıb.

Festival çərçivəsində açıq havada «Xalça yolu» adlı xalça festivalı da keçirilib. Azərbaycan xalçaları nümayiş etdirilib və tədbir iştirakçıları xalçalarımız barədə məlumatlandırılıb. Azərbaycanın əsasən Bakı, Şirvan, Quba, Qarabağ, Gəncə və Qazax regionlarının xalçaçılıq üzrə ixtisaslaşdığı, hər regiona aid xalçaların naxış, kompozisiya və rəng çalarlarına görə fərqləndiyi, Azərbaycan xalçalarında digər ölkələrin xalçalarından fərqli olaraq ilmələrin daha sıx yerləşdiyi və bu səbəbdən onların istifadə müddətinin daha uzun olduğu ziyarətçilərin diqqətinə çatdırılıb. Tədbirdə Azərbaycan ilə yanaşı, Bolqarıstan, İran, Mərakeş, Pakistan və Cənubi Amerika regionunun xalçaları nümayiş etdirilib.

R.Məmmədov belə hesab edir ki, xarici ölkələrə ixrac missiyalarının təşkili və «Made in Azerbaijan» brendinin xarici bazarlarda təşviqi ilə bağlı yürüdülən siyasət qeyri-neft məhsullarının istehsalını stimullaşdırır.  İxrac məhsullarının çeşidinin və coğrafiyasının şaxələndirilməsi, «Made in Azerbaijan» brendinin xarici bazarlarda təşviqi ilə yanaşı, ixracyönümlü istehsala verilən kreditlərə əlavə güzəştlərin edilməsi məqsədilə müvafiq işlər aparılır.

Stimullaşdırma ilə əlaqədar digər tədbirlər əlverişli maliyyə şərtlərini, logistikanı, infrastrukturun yaxşılaşdırılmasınə, xarici bazarlara çıxış üçün yardım kimi sahələri əhatə edir. Bunlardan əlavə, milli məhsulların ixracının stimullaşdırılması məqsədilə sahibkarlıq subyektlərindən idxal və ixrac əməliyyatında tələb olunan sənəd və prosedurların sayının azaldılması, ixracdakı hesablamaların sadələşdirilməsi, ixracatçılar üçün daha münasib şəraitin yaradılması da nəzərdə tutulur. 

E.CƏFƏRLİ