Vergiler.az

Yerli özünüidarəetmənin inkişaf yolları araşdırılır

 

Bələdiyyələrin hüquqi vəziyyətini müəyyən edən «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında yerli özünüidarəetmə vətəndaşlara yerli əhəmiyyətli məsələləri qanun çərçivəsində, müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək imkanı verir. Bələdiyyələrin statusunun əsasları ölkənin Konstitusiyası, bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən edilir. Bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsilə həyata keçirir.

Konstitusiyamızın 144-cü maddəsində göstərilir ki, bələdiyyələr öz iclaslarında bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi, bələdiyyənin reqlamentinin, yerli büdcə və onun icrası haqqında hesabatların təsdiqi, bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi, yerli vergilərin və ödənişlərin müəyyənləşdirilməsi, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi, yerli sosial müdafiə və sosial inkişaf proqramlarının, yerli iqtisadi inkişaf proqramlarının, yerli ekoloji proqramların qəbul və icra edilməsi kimi məsələləri həll etmək səlahiyyətinə malikdir.

Bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər. Bu səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri maliyyə vəsaiti ayrılmalıdır. Belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq qanunvericilik və icra hakimiyyətləri nəzarət edirlər.

Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Yerli vergilər və ödənişlər ilə bağlı bələdiyyə üzvləri 2/3 səs çoxluğu ilə qəbul edilir.

Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər. Bələdiyyələrin məhkəmə tərəfindən müdafiəsinə, dövlət orqanlarının qərarları nəticəsində yaranan əlavə xərclərin ödənilməsinə dövlət təminat verir.

Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Azər Badamov bildirmişdir ki, Prezident yanında Yerli özünüidarəetmənin inkişafı üzrə Şuranın yaradılması ölkə başçısının səlahiyyətinə aid məsələdir: «Əgər belə bir qurum təsis edilərsə, sözsüz ki, yerli özünüidarəetmə orqanları da öz işinə daha məsuliyyətlə yanaşar və bələdiyyələrin inkişafına öz təsirini göstərə bilər».

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda yerli özünüidarəetmə orqanlarının işinin səmərəli təşkili istiqamətində qanunvericilik bazası yaradılmış və bununla yanaşı, şəhər, qəsəbə, kənd bələdiyyə assosiasiyaları, Ədliyyə Nazirliyinin tərkibində Bələdiyyələrlə iş mərkəzi təşkil olunmuşdur: «Bu təşkilatların yerli özünüidarəetmə orqanlarının işinin qanunauyğun və səmərəli təşkilində böyük rolu var. Bununla yanaşı qeyd etməliyəm ki, bələdiyyə sisteminin ölkəmizdə fəaliyyətinin böyük tarixi olmadığına görə cəmiyyətin inkişaf tələbinə uyğun olaraq daim bu sistemdə yeniliklərin, təkmilləşmələrin edilməsinə ehtiyac vardır».

F.İKRAMQIZI