Vergiler.az

Qiymətli kağızların təkrar bazarında artım qeydə alınıb

 

Maliyyə Bazarlarına Nəzarət Palatası 2017-ci ilin birinci yarım ili ərzində qiymətli kağızlar bazarının göstəricilərini açıqlayıb. Palatadan bildirilir ki, düvr ərzində ayrı-ayrı bazar seqmentlərində artım müşahidə edilib, qiymətli kağızların təkrar bazarı 54% artaraq 2,975 milyard manatı ötüb.

Korporativ qiymətli kağızlar bazarının 64% azalması fonunda, dövlət qiymətli kağızlar bazarı 4,3 dəfə artıb. Bu ilin ilk yarısında qiymətli kağızlar bazarı keçən ilin müvafiq dövrü ilə müqayisədə 26% azalaraq 5,230 milyard manat təşkil edib.

Hesabat dövründə real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz kapitallarını artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının səhm seqmentində  əməliyyatların həcminin 83% artaraq 1,047 milyard manat təşkil etməsinə səbəb olub. Ümumilikdə səhmlərlə ilkin bazarda bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 2,9 dəfə artaraq 983 milyon manata çatıb.

Palatanın açıqlamasında qeyd edilir ki, bu ilin altı ayı ərzində Mərkəzi Bank tərəfindən manata olan təzyiqin azaldılması məqsədilə həyata keçirilmiş not buraxılışları dövlət qiymətli kağızlar bazarında əməliyyatların həcminin artım dinamikasını müəyyən edib. Bu dövrdə dövlət qiymətli kağızlar bazarında əqdlərin həcmi ötən illə müqayisədə 4,3 dəfə artaraq 1,106 milyard manat təşkil edib ki, bunun 776 milyon manatını Mərkəzi Bankın notları ilə ilkin bazarda bağlanan əqdlər təşkil edib. Dövr ərzində ümumi məbləği 330 milyon manatdan artıq olan qısa və ortamüddətli dövlət istiqrazları yerləşdirilib. Qısamüddətli dövlət istiqrazları üzrə orta çəkili gəlirlilik 15,93% təşkil edib. Dövlət istiqrazları ilə təkrar bazar əqdlərinin məbləği 28,9 milyon manat olub.

Bakı Fond Birjasının törəmə maliyyə alətləri platformasında ümumi məbləği 2,020 milyard manat olan valyuta əsaslı və ümumi dəyəri 188 milyon manat olan əmtəə əsaslı törəmə maliyyə alətləri ilə ticarət əməliyyatları həyata keçirilib. Ümumilikdə törəmə maliyyə alətləri bazarının ümumi həcmi 2,207 milyard manat olub və bazarda keçən ilin müvafiq dövrü ilə müqayisədə 42% artım müşahidə edilib. Qiymətli kağızlarla keçirilən repo əməliyyatlarının ümumi məbləği 11,6 milyon manat olub ki, bunun da 85%-ni (9,9 milyon manat) dövlət istiqrazları üzrə 15 repo əməliyyatı təşkil edib. Korporativ istiqrazlarla 1,7 milyon manat məbləğində 2 repo əməliyyatı keçirilib.

AYTƏN