Vergiler.az

Əcnəbi turistlər nağdsız ödənişlərə daha çox üstünlük verirlər

 

Bu il ölkəmizin turizm sahəsində reallaşan ən önəmli tədbirlərdən biri aprel ayının 10-dan may ayının 10-dək davam edən Bakı Ticarət Festivalının keçirilməsi olmuşdur. Festivalın operatoru səlahiyyətlərini həyata keçirən Vergilər Nazirliyi tərəfindən 6 iri ticarət mərkəzində ƏDV köşklərinin fəaliyyəti üçün yerlər müəyyənləşdirilmiş, köşklərin hazırlanması, dizaynı, zəruri avadanlıqlarla təchiz edilməsi təmin olunmuşdur.

Ticarət festivalı dövründə ƏDV-nin qaytarılması məqsədilə satıcı kimi qeydiyyata alınması üçün müraciət etmiş 30 vergi ödəyicisinin 172 təsərrüfat subyektinin aidiyyəti vergi orqanında qeydiyyatdan keçməsi üçün zəruri köməklik göstərilmişdir. Festival çərçivəsində alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması prosedurunu əks etdirən bukletlər hazırlanmış, xüsusi dizaynla nəşr etdirilərək ƏDV köşklərinə və satıcı kimi qeydiyyatdan keçən vergi ödəyicilərinə paylanılmışdır. Ticarət festivalı dövründə 22 min 112 elektron vergi hesab-fakturası (VHF) tərtib olunmuş, onlardan 20 min 853-ü ƏDV köşklərində təsdiq edilərək müvəkkil banklar tərəfindən 19 min 891 hesab-faktura üzrə 1.533.005,7 manat vəsait alıcılara qaytarılmışdır. Tərtib edilmiş e-VHF-dan ümumi məbləği 14.802.388,3 manat olan 20 min 183 e-VHF yerli vətəndaşlara, ümumi məbləği 1.430.963.5 manat olan 1929 e-VHF əcnəbilərə verilmişdir.

Onu da qeyd edək ki, ölkəmizdə turizmin inkişafı sahəsində həyata keçirilən müxtəlif tədbirlər nəticəsində Azərbaycana gələn əcnəbilərin sayında və onların həyata keçirdiyi nağdsız ödənişlərin həcmində artım müşahidə olunmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 2017-ci ilin birinci yarısında ölkəmizə 1 milyon 199 min 667 nəfər xarici vətəndaş səfər etmişdir. Bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə (966 min 497 nəfər) 24 faiz artım olduğunu göstərir.

Bu ilin birinci yarısında ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya 374 min 491 nəfərlə (17% artım) ilk yerdə qərar tutmuşdur. Sonrakı yerlərdə Gürcüstan (254 425 nəfər, 4% artım), İran (180 103 nəfər, 89% artım), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (44 196 nəfər, 338% artım), Ukrayna (27 342 nəfər, 14% artım) və İraq (19 355 nəfər, 75% artım) vətəndaşlarının xüsusi çəkisi daha çox olmuşdur.

Azərbaycana səfər edən ərəb ölkələrinin sayında da bö­yük artım nəzərə çarpır. 2016-cı ilin ilk altı ayı ilə müqayisədə bu ilin ilk yarısında Omandan 16 dəfə, Küveytdən 8, Səudiyyə Ərəbistanından 6, Qətərdən 5, Mərakeşdən 5, BƏƏ-dən 4,4, Pakistandan 3,5, Əlcəzairdən 3,5, İordaniyadan 2,2, Türkmənistandan 2 və İraqdan təxminən 1,5 dəfə çox turist ölkəmizə gəlmişdir. Regionlar üzrə isə MDB ölkələri (12 %), Avropa İttifaqı ölkələri (13 %) İran Körfəzi və Yaxın Şərq ölkələri (117%), Asiya ölkələri (64,4%), Afrika ölkələri (72%), Amerika və Avstraliyadan (22,8%) ölkəmizə səfər edən xarici vətəndaşların sayında da artım baş vermişdir.

Mərkəzi Bankın məlumatına görə, 2017-ci ilin ilk altı ayı ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları üzrə əməliyyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 93% artaraq 507.450,635 manat təşkil etmişdir. 2016-cı ilin birinci yarısında isə Azərbaycana gələn xarici vətəndaşların bank kartları üzrə əməliyyatları 263.427.544 manat, il ərzində isə 602.288.119 manat olmuşdur. 

Yeri gəlmişkən, Dünya Səyahət və Turizm Şurasının (WTTC) məlumatına əsasən, Azərbaycan üzrə 2016-cı ildə turizm xidmətlərinin ixracının ümumi dövriyyəsi 2,8 milyard ABŞ dolları təşkil etmişdir. 

Aytən NƏBİYEVA