Vergiler.az

Vergi Məcəlləsinə edilən dəyişikliklər: təhlillər, əldə olunan nəticələr...

 

Sahibkarlar vergi güzəşti və azadolmalarından necə yararlanırlar?

 

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamenti 2012-2016-cı illər üzrə vergi ödəyiciləri tərəfindən vergi orqanlarına təqdim edilmiş vergi bəyannamələri və onların əlavələrinin təhlili əsasında sahibkarlara verilmiş vergi güzəştləri və azadolmalarının nəticələrini müəyyənləşdirib.

Aparılmış monitorinqin yekunlarına əsasən müəyyən edilib ki,  Vergi Məcəlləsində nəzərdə tutulmuş azadolma və güzəştlərdən idxalda ƏDV-dən və aksizdən azad edilmə, bələdiyyə vergiləri ilə bağlı güzəştlər istisna olmaqla 85 azadolma və 23 güzəşt növü mövcuddur. Güzəşt və azadolmaların yalnız 50,9%-i barədə məlumatlar bəyannamələrdə və onların əlavələrində, 50,9%-i barədə məlumatlar isə nazirliyin «Axtarış-hesabat» informasiya sistemində öz əksini tapıb. 

Departamentdən verilən məlumatda qeyd olunur ki, müvafiq tədiyyələr üzrə aparılmış təhlillərə əsasən, vergi ödəyicilərinə verilmiş güzəşt və azadolmalar nəticəsində itirilmiş vergi məbləğinin həcmi 2016-cı ildə 2012-ci illə müqayisədə 13,5 dəfə artıb. Bu illər ərzində güzəşt və azadolmalardan istifadə edən vergi ödəyicilərinin sayında 6% artım müşahidə olunub. Son illərdə Vergi Məcəlləsinə edilən dəyişikliklər nəticəsində ƏDV üzrə azadolmalardan istifadə edən vergi ödəyicilərinin sayında da əhəmiyyətli artım olub. 2016-cı il üzrə azadolma hüququndan istifadə edən vergi ödəyicilərinin sayının artması, əsasən, buğda ununun və çörəyin istehsalı və satışı ilə məşğul olan vergi ödəyicilərinin hesabına baş verib.

 

Mənfəət vergisi üzrə

güzəşt və azadolmalar

Təhlillər nəticəsində müəyyən edilib ki, 2 güzəşt və 16 azadolmanın mövcud olduğu mənfəət vergisi üzrə hesablanmış güzəşt məbləği son 3 ildə artmaqda davam edib. Təqdim olunan bəyannamələr üzrə güzəşt edilmiş mənfəət vergisi hesablanmış mənfəət vergisinə münasibətdə 2015-ci ildə 5,3 dəfə, 2016-cı ildə isə 1,8 dəfə çox olub. Ümumilikdə mənfəət vergisi üzrə 2012-2016-cı illər ərzində güzəşt və azadolma hüququndan istifadə edən vergi ödəyicilərinin sayı 1,8 dəfə artıb.

2015-2016-cı illərdə güzəşt və azadolmaların həcminin kəskin artımının əsas səbəbi, Vergi Məcəlləsinin 106.1.5-ci maddəsinə uyğun olaraq, Dövlət Neft Fondunun vergidən azad edilən gəlirlərinin (xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqinin) 2015-ci ildə 23.880,2 milyon manat və 2016-cı ildə 6.843,8 milyon manat təşkil etməsi ilə bağlıdır. Fondun məzənnə fərqindən əldə olunan gəlirləri nəzərə alınmasa, 2016-cı ildə vergidən azad olunan gəlirlərin həcmi 2012-ci illə müqayisədə 4,8 dəfə artıb, 2015-ci illə müqayisədə isə 15,8% azalıb. Vergi Məcəlləsinin 106.1.16-cı maddəsi («Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanuna əsasən hüquqi şəxslərə ödənilən kompensasiya) üzrə bəyannamədə müvafiq sətrin mövcud olmasına baxmayaraq, son 5 il ərzində bu sətrin vergi ödəyiciləri tərəfindən doldurulmadığı müəyyən edilib. Bir sıra mənfəət vergisi ödəyiciləri müvafiq hesabat dövründə işçi saylarının olmasına baxmayaraq, vergi orqanlarına boş bəyannamələr təqdim ediblər. 2012-ci ildə 1323, 2013-cü ildə 854, 2014-cü ildə 1756, 2015-ci ildə 1314 və 2016-cı ildə 1007 vergi ödəyicisi işçi sayını bəyan etsə də, vergi orqanlarına mənfəət vergisi üzrə boş bəyannamələr təqdim edib.

 

ƏDV üzrə güzəşt və

azadolmalar

Son illərdə Vergi Məcəlləsinə edilən dəyişikliklər nəticəsində ƏDV üzrə azadolmalardan istifadə edən vergi ödəyicilərinin sayında kifayət qədər artım müşahidə olunur. Vergi Məcəlləsinin 164-cü maddəsi ilə tənzimlənən ƏDV üzrə 37 azadolma növü müəyyən edilib ki, onlardan da 2-si 2017-ci ildən tətbiq olunmaqdadır. ƏDV azadolmaları üzrə itirilmiş vergi məbləğinin xüsusi çəkisi 2012-ci ildə 9,9%, 2013-cü ildə 8%, 2014-cü ildə 17,8%, 2015-ci ildə 47,7% və 2016-cı ildə 72,7% təşkil edib. Göründüyü kimi, illər üzrə ƏDV azadolmalarının xüsusi çəkisində artım müşahidə edilir. Vergi ödəyiciləri tərəfindən təqdim olunmuş bəyannamə məlumatlarına əsasən, ƏDV-dən azad edilən dövriyyə məbləğləri 2012-ci ildə 13%, 2013-cü ildə 7,7%, 2014-cü ildə 34,6%, 2015-ci ildə 84,2%,  2016-cı ildə isə 40,6% artıb ki, bu da son 5 il ərzində ƏDV üzrə vergidən azad olunan əməliyyatların həcminin 3,8 dəfə yüksəldiyini göstərir. ƏDV bəyannamələri üzrə 18% dərəcə ilə vergiyə cəlb olunan dövriyyələr üzrə isə eyni tendensiya nəzərə çarpmır. 2012-ci və 2013-cü illərdə vergiyə cəlb olunan dövriyyədə müəyyən qədər artım müşahidə edilsə də, 2014-cü ildən etibarən dinamikanın azalan xətt üzrə getdiyi müşahidə olunmaqdadır. Yəni, illər üzrə ƏDV dövriyyəsindəki artım, əslində, vergidən azad və vergiyə 0% dərəcə ilə cəlb olunan əməliyyatların hesabına baş verib. ƏDV-yə 18% dərəcə ilə cəlb olunan dövriyyələrdə baş vermiş azalmalar əsas etibarilə neft-qaz və tikinti sektorunda fəaliyyət göstərən vergi ödəyicilərinin dövriyyələrinin aşağı düşməsi və bir sıra ƏDV ödəyicilərinin ləğv edilməsi hesabına yaranıb. ƏDV-yə 0% dərəcə ilə cəlb olunan dövriyyələrdə baş vermiş artımlar isə, əsasən, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər və ya qanunlar çərçivəsində aparılan əməliyyatlar və malların ixracı üzrə əməliyyatlarda baş vermiş artımlar hesabına baş verib. 2016-cı il üzrə azadolma hüququndan istifadə edən vergi ödəyicilərinin sayının artması isə, əsasən, buğda ununun və çörəyin istehsalı və satışı ilə məşğul olan vergi ödəyicilərinin hesabına yaranıb.

Təhlillər göstərir ki, ƏDV ödəyiciləri tərəfindən də hesabat dövründə işçi saylarının olmasına baxmayaraq, vergi orqanlarına boş bəyannamələr təqdim edilməsi hallarına rast gəlinir. 2012-ci ildə 739, 2013-cü ildə 1001, 2014-cü ildə 1236, 2015-ci ildə 973 və 2016-cı ildə 756 ƏDV ödəyicisi işçi sayı bəyan etməsinə baxmayaraq, vergi orqanlarına boş bəyannamələr ünvanlayıb.

 

Əmlak vergisi üzrə

güzəşt və azadolmalar

7 azadolma və 6 güzəştin nəzərdə tutulduğu əmlak vergisinin ödəyiciləri tərəfindən təqdim edilmiş bəyannamə məlumatlarının təhlili göstərir ki, müəssisələrin əmlak vergisindən azad olunan əmlakının orta illik qalıq dəyəri son 5 ildə 1,9 dəfə artaraq 2016-cı ildə 9.157,2 milyon manata çatıb. Bu vergi növündən azad olunan əmlakın orta illik qalıq dəyərinin illər üzrə dinamikası isə belədir: 2013-cü ildə 11,2%, 2014-cü ildə 22,2%, 2015-ci ildə 9,8%, 2016-cı ildə isə 25,8% artım.

Azad­olmaların həcminə nəzər yetirdikdə boru kəmərlərinin, dəmir və avtomobil yollarının, rabitə və enerjiötürücü xətlərin, meliorasiya və suvarma sistemi obyektlərinin, peyklərin və digər kosmik obyektlərin dəyərinin daha çox olduğu nəzərə çarpır.

 

Gəlir vergisi üzrə

güzəşt və azadolmalar

Bu vergi növü üzrə vergidən azad edilən gəlirlərin həcmi 2016-cı ildə 2015-ci illə müqayisədə 37,4 dəfə artıb. Artımın əsasən kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə məşğul olan vergi ödəyicilərinin hesabına baş verdiyi müəyyən edilib. Eyni zamanda, vergidən azad olunan fəaliyyətlə bağlı xərclərdə də 2015-ci illə müqayisədə 2016-cı ildə analoji artımlar olub və nəticədə vergidən azad edilən gəlirlər üzrə gəlir vergisi 57,1% çoxalıb.

Buna baxmayaraq, g əlir vergisi bəyannamələrinə əsasən, vergidən azad edilən gəlirləri bəyan edən fərdi sahibkarların sayı və azad olunan gəlirlərin həcmi real göstəricilərdən xeyli aşağı olub. Belə ki, uçot baza məlumatlarına əsasən, 2017-ci il yanvarın 1-nə qədər əsas fəaliyyət növü kənd təsərrüfatı məhsullarının istehsalı olan 152.936 fiziki şəxsin 80.118-nin (52,4%) vəziyyəti aktiv olub, lakin 2016-cı ildə cəmi 64 vergi ödəyicisi tərəfindən azad olunan gəlirləri bəyan edilib.

Gəlir vergisi ödəyicilərinin də öz işçi saylarının uçotunu gizlətdiyi, bu barədə vergi orqanlarına boş bəyannamə təqdim etmələri müəyyənləşib. 2012-ci ildə 527, 2013-cü ildə 715, 2014-cü ildə 793, 2015-ci ildə 730, 2016-cı ildə isə 558 vergi ödəyicisi vergi orqanlarına gəlir vergisi üzrə boş bəyannamələr təqdim edib.

 

Sadələşdirilmiş vergi üzrə

güzəşt və azadolmalar

Digər tədiyyə növləri kimi, sadələşdirilmiş vergi ödəyiciləri üçün də son illərdə əhəmiyyətli şəkildə güzəşt və azadolmalar tətbiq olunub. Vergi Məcəlləsinin 219.7-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları 2014-cü il yanvarın 1-dən 5 il müddətinə, 219.8-ci maddəsinə əsasən körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri isə 2014-cü il yanvarın 1-dən 10 il müddətinə sadələşdirilmiş vergini ödəməkdən azad ediliblər. Məcəlləyə uyğun olaraq, həmin maddələr üzrə 2016-cı ildə sadələşdirilmiş vergidən azad­olma Bakı şəhəri üzrə 1,1 milyon manat, digər şəhər və rayonlar üzrə isə 0,1 milyon manat olmaqla, ümumilikdə 1,2 milyon manat təşkil edib.

Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə uyğun olaraq, 2016-cı il ərzində yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinə görə sadələşdirilmiş vergi tutulmur. Vergi orqanlarına təqdim edilən bəyannamələrə əsasən 1462,6 min kvadratmetr əmlak sahəsinin təqdim olunması sadələşdirilmiş vergidən azad edilib. Azadolma üzrə təqdim olunan əmlakın sahəsi və yerləşdiyi zonaya uyğun olaraq aparılmış hesablamalara əsasən, bu təqdimetmələrdən itirilmiş vergi məbləği 33,9 milyon manat təşkil edib.

Yüksək texnologiyalar əsasında ixrac yönümlü və yüksək rəqabət qabiliyyətli sənaye məhsullarının istehsalının artırılması, investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması məqsədilə sənaye və texnologiya parklarına və investisiya təşviqi sənədi almış vergi ödəyicilərinə verilən güzəşt və azadolmalar son dövrlərdə iqtisadi prioritetlərdəndir. Bu sahədə aparılan təhlillər göstərir ki, sənaye və texnologiya parklarına və investisiya təşviqi sənədi almış vergi ödəyicilərinə verilən güzəştlər nəticəsində onların işçi sayında və dövriyyə məbləğlərində artım baş verib.

 

Güzəşt və azadolmalar

 tənbəlliyə rəvac verməməlidir...

Göründüyü kimi, dövlət sahibkarlara kifayət qədər güzəşt edərək onların fəaliyyətini stimullaşdırmaq üçün bir sıra vergi azadolmaları və güzəştlər tətbiq edir. Ümumi statistikadan da məlum olur ki, bu səmərəli siyasət vergi ödəyicilərinin sayının artmasına səbəb olsa da, bəzi sahibkarların müxtəlif illərdə dövlət büdcəsinə ödədiyi vergilərin həcmi güzəştin müqabilində o qədər də yüksək deyil. Bununla bərabər, bir sıra üzdəniraq iş adamları  güzəştlərdən sui-istifadə etməklə qarşılıqlı hörmət və əməkdaşlığa xələl gətirirlər. Bir neçə vergi növü üzrə işçi saylarının uçotunun gizlədilməsi, vergi orqanlarına boş bəyannamələrin təqdim olunması bunu bir  daha təsdiqləyir.

Sahibkarlar güzəştlərin əbədi olması barədə təsəvvür və vərdişlərdən də uzaq olmalıdırlar. Bir çox ölkələrin təcrübəsindən göründüyü kimi, vergi güzəşti və azadolmaları müəyyən dövr üçün həmin sahənin «ayağa qaldırılması» və inkişaf etdirilməsinə kömək məqsədilə verilir. Yəni bu güzəştlər əbədi deyil və müəssisənin normal gəlir əldə etmək imkanları yarandıqdan sonra dayandırılır. Ona görə də sahibkarlar güzəşt tətbiq olunduğu dövrdə yaradılmış bu fürsətdən səmərəli şəkildə yararlanmalı, istehsal və xidmət sahələrini genişləndirməli, vergi güzəşti sayəsində əldə etdikləri vəsaitləri təkrar investisiya mənbəyi kimi istifadə etməlidirlər. Təəssüf ki, bəzi hallarda sahibkarlar bu güzəştləri həyat tərzinə çevirir və tənbəlləşir, vergi ödəmək vərdişindən uzaqlaşırlar. Güzəştlər dövrü başa çatdıqdan sonra onlar vergi ödəməyi sanki ağır yük kimi qəbul edir, vergi intizamına əməl etməkdə çətinlik çəkirlər.

Dünya təcrübəsindən də göründüyü kimi, sahibkarlığı stimullaşdırmağın ən yaxşı vasitəsi vergi inzibatçılığının təkmilləşdirilməsi, optimal vergi mexanizminin yaradılması və vergi yükünün aşağı salınmasıdır. Bu siyasət özünü daha yaxşı doğruldur və bütün sahibkarların geniş fəaliyyəti üçün əlverişli imkanlar yaradır. Bu baxımdan, 2017-ci ildə Azərbaycanın vergi qanunvericiliyində edilmiş dəyişikliklərdə vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi yükünün aşağı salınması əsas prioritetlərdən olub. Bu il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsində vergi yükünün azaldılması və pərakəndə ticarət fəaliyyətində ƏDV-nin ticarət əlavəsindən hesablanması məqsədilə çox mühüm maddələr yer alıb. Sahibkarların vergi yükünün azaldılması ilə yanaşı, onların dövriyyə vəsaitlərinə qənaət edilməsi, habelə ixracı stimullaşdırmaq məqsədilə ixrac fəaliyyəti ilə məşğul olan şəxslərin apardıqları əməliyyatlardan yaranan ƏDV üzrə artıq ödənilmiş vergilərin öz müraciətləri əsasında geri qaytarılması müddəti 45 gündən 20 günə endirilib. Yəni, sahibkarlığın uzunömürlü və davamlı yüksəlişinin əsas vasitəsi azad və rəqabətli biznes mühiti, səmərəli vergi siyasəti və vergi yükünün azalması ilə müşayiət olunan asan inzibatçılıq və digər amillərdir. Azərbaycanda həmin istiqamətlər üzrə ən münbit şərait təmin edilib, ona görə də sahibkarlar dünyada qəbul olunmuş bu «qızıl prinsipləri» öz fəaliyyət proqramına çevirməlidirlər.

Elbrus CƏFƏRLİ