Vergiler.az

Vergi ödəyicilərinə keyfiyyətli xidmət göstərilir

 

Vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə vergi orqanı olmayan iri şəhər və rayonlarda yaradılmış vergi ödəyicilərinə xidmət mərkəzlərində vətəndaşlara müasir standartlara uyğun vergi xidmətləri göstərilir. Xidmət mərkəzlərində ödəyicilərə vergilər barədə məlumat və izahatların alınması, fiziki şəxslərin qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması, hüquqi və fiziki şəxslərin təsərrüfat subyektlərinin (obyektlərinin), NKA-larının qeydiyyatı və qeydiyyatdan çıxarılması, ƏDV qeydiyyatı və qeydiyyatdan çıxarılması, uçot məlumatlarının dəyişdirilməsi, bütün növ elektron xidmətlər, hazır sənədlərin və arayışların təhvil verilməsi, «Asan imza»nın, habelə istifadəçi kodu, şifrə və parolun əldə edilməsi və ya dəyişdirilməsi, əmək müqavilələrinin elektron informasiya sisteminə daxil edilməsi və digər xidmətlər göstərilir.

Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentindən verilən məlumata görə, hazırda sayı 57-yə çatan xidmət mərkəzlərində 2017-ci ilin yanvar-iyun ayları ərzində 293.082 vergi ödəyicisi qəbul edilib, onlara 458.513 xidmət göstərilib.

Bu ilin ilk yarısında göstərilən xidmətlərin, həmçinin vergi orqanları tərəfindən keçirilən görüşlərin və ünvanlı xidmətlərin monitorinqi və təhlili zamanı məlum olub ki, xidmət mərkəzləri tərəfindən 2017-ci ilin yanvar ayında ən çox vergi uçotuna alınmaq (60,8%) və bəyannamələrin elektron formada göndərilməsi ilə bağlı xidmətlər (12,8%) göstərilib. Müqayisə üçün deyək ki, 2016-cı ilin yanvar ayında ən çox göstərilmiş xidmət bəyannamələrin elektron göndərilməsi ilə bağlı (27,4%) olub, vergi uçotuna alınma ilə bağlı xidmətlər isə ümumi xidmətlərin 22%-ni təşkil edib. Aparılmış təhlillər nəticəsində 2017-ci ilin yanvar ayında xidmət mərkəzinə müraciət etmiş vergi ödəyicilərinin və ya onların səlahiyyətli nümayəndələrinin 39,8%-nin son bir ildə 4 dəfə və daha çox, 21,1%-nin 2-3 dəfə e-xidmətlərdən istifadə üçün xidmət mərkəzlərinə müraciət etdiyi müəyyənləşdirilib.

Departamentin məlumatında o da bildirilir ki, xidmət mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi, inzibati xərclərinin azalması, Vergilər Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən vergi ödəyiciləri tərəfindən sərbəst istifadəni təmin etməklə növbədə gözləmə hallarının minimuma endirilməsi üçün müvafiq tədbirlərin görülməsinə başlanılıb. Bununla yanaşı, 2017-ci ilin əvvəlindən Vergilər Nazirliyinin strukturlarında və vergi inzibatçılığında edilən dəyişikliklərə uyğun olaraq vergi ödəyicilərinə xidmət sahəsində aparılan işlərin səmərəliliyinin və keyfiyyətinin artırılması, o cümlədən göstərilən xidmətlərin əhatəsinin genişləndirilməsi, xidmətlərin göstərilmə müddətlərinin optimallaşdırılması, vergi ödəyicilərinə xidmət mərkəzlərində və «ASAN xidmət» mərkəzlərində vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə vahid icra və uçot mexanizmlərinin tətbiqi məqsədilə «Vergi ödəyicilərinə xidmətlərin göstərilməsi Qaydaları»nda əlavə və dəyişikliklər edilib.

Aytən NƏBİYEVA