Vergiler.az

E-arayışla bağlı müraciətlərin sayı 1 milyon 200 mini keçib

 

«Elektron hökumət» portalı istifadəçilərə müxtəlif məzmunlu fərdi məlumatlar üzrə arayışları vahid mərkəzdən əldəetmə imkanı yaradır. Portalda istifadə olunan xidmətlər arasında elektron arayışlara müraciət sayı son dövrlər artıb və bu günədək 17 arayış növü üzrə 1.252.176 dəfə müraciət qeydə alınıb.

Statistik məlumata görə, iş yerinə dair arayış xidmətinə 608.034, vətəndaşa aid fərdi məlumatlar üzrə arayışa 275.054, yaşayış yeri haqqında arayışa 75.643, diplom haqqında arayışa 64.473, şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayışa 61.200, il ərzində rabitə xidmətləri üzrə ödənişlər haqqında arayışa 27.964, rabitə xidmətlərinə görə borcun olmaması barədə arayışa 25.192, vətəndaş haqqında «Tələbə-məzun» dövlət elektron məlumat sistemindən çıxarışa 21.439, vətəndaşın adına qeydiyyatda olan nəqliyyat vasitəsi haqqında elektron arayışa 17.325, ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında arayışlara 17.029 dəfə müraciət olunub. Eyni zamanda, vətəndaşın hərbi xidmət keçməsi barədə arayışa 16.532, ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayışa 12.253, vətəndaşın hərbi qeydiyyatda olması barədə arayışa 11.846, «Su təchizatı və tullantı sularının axıdılması xidmətləri»nə dair abonentə aid məlumatın verilməsi xidmətinə 8249, «Su təchizatı və tullantı sularının axıdılması xidmətləri»ndən istifadəyə görə borcun olmaması haqqında arayışa 6127, turizm fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin lisenziyaları haqqında arayışlara 2545, dənizçinin şəxsiyyət sənədi üzrə isə 1271 müraciət qeydə alınıb.

Arayışların elektron formada təqdim olunması vaxta qənaətlə yanaşı, bürokratik maneələri aradan qaldırır. E-arayışları PDF formatında yaddaşa verdikdən sonra çap edilməsi və istənilən elektron poçt ünvanına göndərilməsi mümkündür. Qeyd edək ki, «Elektron hökumət» portalının «Elektron arayışlar» bölməsində «Elektron arayışların yoxlanılması» xidməti də yerləşdirilib. Bu xidmətin köməyi ilə arayışın üzərindəki QR-kod və ştrix kodlar vasitəsilə onun etibarlılığını yoxlamaq mümkündür. Həmin xidmətə bu günədək 57.112 dəfə müraciət olunub.