Vergiler.az

BVF Yunanıstanın vergi və pensiya siyasətini kəskin tənqid edib

 

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatında bildirilir  ki, uzun müddət davam edən maliyyə böhranından qurtara bilməməsinin başlıca səbəblərindən biri Yunanıstanın öz vergi rejimində əsaslı islahat aparmaqdan imtina etməsidir. BVF Yunanıstanı borclanma yükünün əvəzinə daha sərt büdcə qənaətinə keçməyə çağırmışdır. Qeyd edilmişdir ki, dövlət xərclərinin və  investisiyaların azaldılması ilə müqayisədə vergi islahatı əhəmiyyətli dərəcədə az çətinlik yarada bilər. BVF-nin mövqeyinə görə, dövlət xərclərinin və  investisiyaların azaldılması iqtisadi artımın və əsas kommunal xidmətlərin göstərilməsinin qarşısını alır.  «Əvvəllər olduğu kimi, Yunanıstanın vergilərin və xərclərin strukturunda islahat aparması zəruridir, çünki bu amillər iqtisadiyyatın artımı və vergiqoymanın ədalətliliyi ilə bir arada heç yola getmir»”, - BVF-nin məlumatında bildirilir.  

Yunanıstan büdcədə ciddi dəyişikliklər etsə də, BVF-nin rəyinə görə, bu dəyişikliklər əsas problemlərin həlli, xüsusən də vergi və pensiya sistemlərinin islahatı nəzərə alınmadan olunmuşdur.

Fonddan bildirildiyinə görə, səxavətli vergi güzəştləri ucbatından hazırda ev  təsərrüfatlarının yarıdan çoxu gəlir vergisi ödəməkdən azaddır. Müqayisə üçün bildirilmişdir ki, avro zonasında ailələrin cəmi səkkiz faizi gəlir vergisi ödəməkdən azad edilmişdir. Bundan əlavə, pensiya sistemindəki «izafi səxavətlilik»” də dövlətə hər il ümumi daxili məhsulun 11 faizi məbləğinə başa gəlir. «Sadə dillə desək, Yunanıstan infrastrukturun və məqsədyönlü sosial proqramların maliyyələşdirilməsi ucbatından öz iqtisadiyyatını modernləşdirə bilmir, bununla belə, ev təsərrüfatlarının yarıdan çoxu gəlir vergisindən azad edilmişdir və ölkə Avropanın ən varlı ölkələri səviyyəsində dövlət pensiyaları ödəyir»”, - BVF-nin məlumatında bildirilir.