Vergiler.az

Vergi Məcəlləsinə edilən dəyişikliklər vergi yükünün azaldılmasına şərait yaradacaq

 

2016-cı il dekabrın 29-da Vergilər Nazirliyində ölkənin aparıcı KİV nümayən­də­lə­rinin iştirakı ilə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyi­şik­liklərə həsr olunmuş mətbuat konfransı keçirilib.

Mətbuat konfransında çıxış edən vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış  «Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Qanun vergi sistemində həm həcm, həm də mahiyyət baxımından olduqca ciddi islahatların həyata keçirilməsi üçün əsas yaradır. Qeyd olunub ki, Məcəlləyə 115 yeni maddə əlavə olunub, 83 maddədə dəyişiklik  edilib, 3 maddə ləğv edilib. Dəyişikliklərdən 123-ü vergi inzibatçılığının, o cümlədən vergi uçotunun təkmilləşdirilməsi və şəffaflaşdırılması, 34-ü vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8-i vergi yükünün azaldılması, vergi güzəştləri və vergidən azadolmalarla bağlıdır.

Sahib Ələkbərov vurğulayıb ki, ölkə Prezidentinin 2016-cı ilin avqust ayında imzaladığı «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında» sərəncamına uyğun olaraq hazırlanmış əlavə və dəyişikliklərin əsas məqsədi sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafı üçün daha əlverişli şəraitin yaradılması, vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın formalaşdırılması, nağdsız əməliyyatların həcminin və vergi mühitinin cəlb­ediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, dürüst və şəffaf uçotun qurulmasıdır.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas istiqamətləri barədə məlumat verən Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva KİV təmsilçilərinin nəzərinə çatdırıb ki, Vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəştləri və azadolmalarla bağlı dəyişikliklərin vergi ödəyicilərinin vergi yükünün azaldılmasına, onların dövriyyə vəsaitlərindən səmərəli istifadə etmələrinə şərait yaradacaq, sahibkarlığın inkişafına dəstək verəcək. Qeyd edilib ki, icbari tibbi sığorta və səhiyyə (tibb) xidmətləri göstərən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun, dövlət adından yaradılan səhiyyə (tibb) müəssisələrinin gəlirləri mənfəət vergisindən müddətsiz, buğdanın idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışı, quş ətinin satışı isə 3 il müddətində ƏDV-dən azad edilib. Bankların restrukturizasiya və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərinin təqdim edilməsi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib. Banklar tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividendin, diskont və faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi müddəti 2023-cü ilin fevral ayınadək artırılıb. Sahibkarların vergi yükünün azaldılması ilə yanaşı, onların dövriyyə vəsaitlərinə qənaət edilməsi, habelə ixracı stimullaşdırmaq məqsədilə ixrac fəaliyyəti ilə məşğul olan şəxslərin apardıqları əməliyyatlardan yaranan ƏDV üzrə artıq ödənilmiş vergilərin qaytarılması müddətləri də azaldılıb.

Məcəlləyə edilmiş mühüm dəyişikliklərdən biri də sahibkarlıq fə­aliyyəti subyektləri arasında malla­rın, işlərin və xidmətlərin həyata keçirilməsi zamanı elektron qaimə-fakturanın təqdim olunmasıdır. Bu tələb ƏDV ödəyiciləri və vergi tu­tulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün 2017-ci ilin aprelindən, bütün digər vergi ödəyiciləri üçün isə 2018-ci ilin yanvarından qüvvəyə minəcək. Vergi Məcəlləsinə edilmiş bu dəyişikliklər sahibkarlar arasında aparılan əməliyyatların rəsmiləşdirilməsi prosedurunun sadələşməsinə, operativliyin təmin edilməsinə, inzibatçılıq xərclərinin azaldılmasına, sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla gələcəkdə vergi orqanları ilə fikir ayrılıqlarının qarşısının alınmasına və şəffaflığın təmin olunmasına xidmət edəcək.

Məcəlləyə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərin Azərbaycan mənbəyindən gəlirlərə aid olunmasını və həmin ödənişlərdən ödəmə mənbəyində əlavə 10 faiz dərəcə ilə vergi tutulmasını nəzərdə tutan müddəalar daxil edilib.

Elektron ticarətin vergiyə cəlb olunması ilə bağlı qanunvericiliyə edilmiş əlavə və dəyişiklikləri şərh edən S.Musayeva bildirib ki, elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsi, habelə elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsinə görə ƏDV alıcının olduğu yerdə tətbiq ediləcək. Bu dəyişikliyin əsas məqsədi rəqabət şərtlərinin eyniləşdirilməsini və uçot sisteminin qurulmasını təmin etməkdir.

Məcəlləyə edilmiş dəyişikliklərdən biri də kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması ilə bağlıdır. Kənd təsərrüfatı məhsullarının istehsalçıları vergilərdən azad edilsə də, onların məhsulları ticarət şəbəkələri tərəfindən pərakəndə qaydada satılarkən bu məhsulların tam dəyəri ümumi qaydada ƏDV-yə cəlb edilirdi ki, bu da bir sıra suallara səbəb olurdu. Qeyd edilənləri nəzərə alaraq, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühiti yaratmaq və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən Azərbaycanda istehsal edilmiş kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanacaq.

Vergi Məcəlləsində daha bir yenilik sabit verginin tətbiqi ilə bağlıdır. Sabit vergi fərdi qaydada, yəni muzdlu işçi cəlb etmədən müəyyən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərə tətbiq ediləcək. Belə ödəyicilər əsasən kiçik həcmdə gəlirlərə malik şəxslərdir. Qüvvədə olan vergi qanunvericiliyinə görə, onlar vergi uçotuna alınaraq gəlirləri haqqında bəyannamə təqdim etməli, vergilərini hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. Bəzi fəaliyyət növlərinin sabit vergiyə cəlb olunması ilə bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliyin əsas məqsədi bu sahədə uçotun sadələşdirilməsi və belə şəxslərin vergi yükünün minimallaşdırılması məqsədini daşıyır. Bundan sonra  bu cür  fəaliyyətlə məşğul olan fiziki şəxslər əldə etdikləri gəlirlərin məbləği nəzərə alınmadan, bəyannamə təqdim etmədən, kiçik bir sabit məbləğ ödəməklə həyata keçirə biləcəklər.

 

 

Sonra nazirliyin rəhbər vəzifəli şəxsləri KİV nümayəndələrinin suallarını cavablandırıblar:

 

«Haqqın» İnformasiya Agentliyi:

- Bəzi ölkələrdə mövcud olan «dəbdəbə vergisinin» Azərbaycanda tətbiqi  nəzərdə tutulurmu?

 

S.Musayeva:

- Vergi Məcəlləsinə edilən dəyişikliklərdə konkret olaraq dəbdəbə vergisinin tətbiqi nəzərdə tutulmasa da, sənəddə ölkəyə idxal edilən istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün istifadə olunan digər vasitələr, mühərrikinin həcmi 2000 kubsantimetrdən yuxarı olan minik avtomobilləri, platin və qızılın hər qramı, almazın 1 karatı üçün aksiz dərəcələri 2-3 dəfə artırılıb. Vergi Məcəlləsində idxal olunan xəz-dəri mallarının aksizli mallara aid edilməklə 10 faiz dərəcə ilə aksizə cəlb edilməsi də təsbit olunub. Yəni bu məhsulları alan daha zəngin insanlar daha çox vergi ödəyəcəklər.

 

«APA» İnformasiya Agentliyi: 

- Vergi Məcəlləsinə edilən dəyişikliklərdə elektron ticarətin vergiyə cəlb olunması da nəzərdə tutulub. Bu zaman xarici ölkələrdən alınan xidmətlərə görə ƏDV ödəniləcəkmi?

 

 S.Ələkbərov:

- Vergilər Nazirliyi elektron ticarətin vergiyə cəlb olunması ilə bağlı dünya təcrübəsini öyrənib. Ölkəmizdə «Elektron ticarət haqqında» Qanuna və Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, elektron qaydada aparılan ticarət, iş və xidmətlərin təqdim edilməsi, habelə elektron qaydada təşkil olunan lotereyalar, digər yarış və müsabiqələrin keçirilməsi ƏDV-yə cəlb ediləcək. Vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən yerli bank, xarici bankın ölkəmizdəki filialları və ya poçt rabitəsinin milli operatoru tərəfindən qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və alıcının hesabından tutularaq büdcəyə ödənilməlidir. Bu dəyişikliklə elektron ticarət aparan vergi ödəyicilərinə şəffaf vergi nəzarətinin təmin edilməsinə, rezident və qeyri-rezident elektron ticarət iştirakçıları arasında diskriminasiyanın aradan qaldırılmasına imkan yaradılacaq. Vergi ödəyicilərinə münasibətdə isə bu günə qədər qayda necə idisə, elə də qalacaq. Yəni sahibkarlar  qeyri-rezidentdən alınan işə, xidmətə görə Vergi Məcəlləsinə əsasən vergilər ödəyirlər. Qanuna edilən dəyişikliklər isə vergi ödəyicisi olmayan şəxslərin gördüyü iş və xidmətlərə görə mənbədən verginin tutulmasını nəzərdə tutur.

 

«APA» İnformasiya Agentliyi:

- Bank hesablarındakı pulun nağdlaşdırılması  zamanı 1 faiz verginin tutulması hansı vergi ödəyicilərinə şamil olunacaq?

 

 S.Musayeva:

- Banklardan nağd pul vəsait­lərinin çıxarılmasının məhdudlaşdırılması və nağdsız ödəmələrin stimullaşdırılması məqsədilə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə banklar və poçt rabitəsinin milli operatorları tərəfindən 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi tutulacaq. Bu, vətəndaşlara deyil, yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə tətbiq olunacaq. Yeni qaydalar həm sadələşdirilmiş, həm də ƏDV ödəyiciləri olan şəxslərin vəsaitlərini banklardan nağd qaydada çıxararkən tətbiq olunacaq.

 

«APA» İnformasiya Agentliyi:

- Bankların dövlət büdcəsinə nə qədər borcu var və «vergi amnistiyası» onlara da şamil olunacaqmı?

 

Natiq Şirinov, Vergi risklərinin təh­lili və nəzarəti Baş İdarəsinin rəisi:

- 2017-ci ilin yanvar ayının 1-nə olan rəqəmlərə əsasən, bankların faiz borcları təxminən 2 milyon 190 min manat təşkil edib. Maliyyə sanksiyaları isə təxminən 4,8 milyon manatdır. Qanun bütün vergi ödəyiciləri kimi banklara da şamil olunacaq və onların milyon manata yaxın borcunun silinməsini nəzərdə tutur.

Zeynalabdin Məmmədzadə, Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsinin rəisi:

- Dövlət başçısının təşəbbüsü ilə qəbul edilmiş «Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında» Qanun sahibkarlığın inkişafının stimullaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədini daşıyır. Qanun layihəsində vergi borcları - vergilər, faizlər və maliyyə sanksiyaları üzrə müəyyənləşdirilib. Qanunda vergi ödəyicilərinin vergilər üzrə borclarının əsas məbləğinin silinməsi nəzərdə tutulmayıb. Faiz və maliyyə sanksiyalarının isə iki qaydada - birdəfəyə qeyd-şərtsiz və müəyyən şərtlər daxilində mərhələli şəkildə silinməsi nəzərdə tutulur. Vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlərin və Vergi Mə­cəlləsinin 58.7-ci maddəsində nəzərdə tutulan nağd əməliyyatların aparılması qaydalarının pozulmasına görə maliyyə sanksiyalarının 2017-ci ilin 1 yanvar vəziyyətinə istisnasız olaraq silinəcək. Digər maliyyə sanksiyaları isə müəyyən ardıcıllıqla və aşağıda göstərilən şərtlər daxilində silinəcək. Maliyyə sanksiyaları üzrə borcların 2017-ci ilin yanvar ayı ərzində 30 faizi ödənilərsə yerdə qalan borcların 70 faizi,  yanvar və fevral ayları ərzində maliyyə sanksiyaları üzrə borcların 50 faizi ödənilərsə, yerdə qalan borcların 50 faizi və yanvar, fevral və mart ayları ərzində borcların 70 faizi ödənilərsə, yerdə qalan 30 faizi silinəcək. Bu qanun fəaliyyət sahəsindən asılı olmayaraq, bütün vergi ödəyicilərinə şamil edilir.

 

S.Ələkbərov:

- Əlavə etmək istərdim ki, təxminən 44 min vergi ödəyicisi «vergi borclarının tənzimlənməsi haqqında» Qanundan yararlana biləcəklər. Borcun silinməsi üçün vergi ödəyicisinin vergi orqanına müraciət etməsinə ehtiyac olmayacaq. Çünki hazırda ölkəmizdə vergi inzibatçılığı elə səviyyədədir ki, haqqında danışdığımız proseslər elektron qaydada, avtomatik rejimdə həyata keçirilir. Vergi ödəyicilərinin bu məsələ ilə bağlı hər hansı sualı yaranarsa, onlar vergi orqanlarına, vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə, «195» Çağrı Mərkəzinə zəng edə bilərlər.

 

«Fins» İnformasiya Agentliyi:

- Dəyişikliklərdən sonra spirtli içkilərin satışı necə həyata keçiriləcək?

 S.Musayeva:

- Aksizli malların dövriyyəsi ilə bağlı qaydalara edilən dəyişikliklərə əsasən, pərakəndə satışda aksizli malların dəyərinin nağdsız qaydada qəbul edilməsi tələbi aradan qaldırılıb. Lakin qanunda malı istehsal binasından çıxaran istehsalçı, topdan satan şəxs və tədarükçü sahibkarlar arasında aparılan ödənişlərin nağdsız olması əsas tələb kimi nəzərdə tutulub. Yalnız istehlakçı ilə hesablaşma mərhələsində ödənişin nağdsız qaydada olmasına dair tələb yoxdur. Bununla bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə də dəyişikliklər edilib. Çünki həmin qaydaların pozulması cinayət və inzibatı xəta hesab olunur.

 

«Fins» İnformasiya Agentliyi:

- Vergi ödəyiciləri tərəfindən aparılan hesablaşmaların nağdsız qaydada həyata keçirilməsi prosesi necə tənzimlənəcək?

 

S.Musayeva:

- ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən hesablaşmaların nağd qaydada aparılması ay ərzində 30 min manatadək, 200 min manatdan az olan vergi ödəyiciləri tərəfindən isə ay ərzində 15 min manatadək həyata keçirilə bilər. Bu məbləğlərdən çox olan hesablaşmalar isə yalnız nağdsız formada aparılmalıdır.

 

N.Şirinov:

- Nağdsız qaydada hesablaşmalar bir sahibkarın digər sahibkarın bank hesabına nağdsız qaydada ödəniş həyata keçirməsini nəzərdə tutur. «Nağdsız hesablaşmalar haqqında» Qanunda bu cür hesablaşmaların 3 forması müəyyən edilib. Bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə və ödəniş vasitələri  ilə həyata keçirilən hesablaşmalar,  ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar. Qanunda hər iki tərəf sahibkar olarsa, hesablaşma formasının necə həyata keçirilməli olduğu göstərilir. Yəni bir sahibkar digər sahibkarın bank hesabına nağd vəsait yerləşdirə bilməz.

 

S.Ələkbərov:

- Onu da diqqətinizə çatdırmaq istərdim ki, bu qaydalar yalnız sahibkarlara, vergi ödəyicilərinə aiddir və vətəndaşlara şamil olunmur. Digər tərəfdən, vətəndaşlar tərəfindən də ödənişlərin nağdsız qaydada aparılması üçün ölkəmizdə hər cür şərait var, 75 mindən artıq POS-terminal quraşdırılıb. Düzdür, banklarda baş verən bəzi proseslər POS-terminalların sayının bir qədər azalmasına səbəb olub, amma 75 min POS-terminalın olması da kifayətdir. Əgər əlavə POS-terminallara ehtiyac yaranarsa, bu da təmin edilə bilər. Ölkə üzrə istifadədə 5 milyondan çox bank kartı var. Bütün bunlara baxmayaraq, təəssüf ki, nağdsız ödənişə keçidlə bağlı insanlarımızda vərdiş yoxdur. Dünyanın bir çox ölkələrində nağdsız hesablaşmalar çox rahat həyata keçirilir. Bir çox ölkələrdə nağd alınan mallara görə limit də tətbiq edilir. Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi bütün sahələrdə şəffaflığın təmin olunmasının, bir çox neqativ halların aradan qaldırılmasının əsas şərtlərindən biridir. Dünyanın əksər inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri bu qaydalardan geniş istifadə edirlər və biz də buna keçməliyik.

 

«Cümhuriyyət» qəzeti:

- Binə və Sədərək ticarət mərkəzlərində işləyən şəxslər hər ay müəyyən vəsait ödədiklərini, bununla yanaşı, vergi də tələb olunduğunu bildirirlər. Bu, nə dərəcədə düzgündür?

 

S.Ələkbərov:

- Hansı ödənişlərdən söhbət getdiyini açıqlamasanız da, birmənalı olaraq bilmək lazımdır ki, onların dövlət tərəfindən müəyyən edilmiş vergilərə aidiyyəti ola bilməz. İstər ticarət mərkəzi olsun, istər bank, sığorta şirkəti, yaxud fiziki şəxs: gəlir, mənfəət əldə edirsə, dövlətin vergisini ödəməyə borcludur. Bu, Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsində təsbit olunmuş tələbdir. Əlbəttə, biz çox istərdik ki,  vergi mədəniyyəti o səviyyəyə çatsın ki, vergilər vergi ödəyiciləri tərəfindən könüllü ödənilsin. Vergi orqanları vergi toplamaqla məşğul olmasınlar, yalnız vergi qanunvericiliyinə əməl edilməsinə nəzarəti həyata keçirsinlər. Biz buna doğru gedirik. Bu gün vergi sistemində çox ciddi dəyişikliklər baş verir və yaxın aylarda siz bunun real nəticələrinin şahidi olacaqsınız.

 

«Report» İnformasiya Agentliyi:

- Bəzi sahibkarlar Məcəlləyə dəyişikliklər  zamanı onların müzakirələrə cəlb edilməməsindən narazılıqlarını bildirirlər. Dəyişikliklər edilən zaman sahibkarlarla məsləhətləşmələr aparılıbmı?

 

S.Ələkbərov:

Vergilər Nazirliyi Məcəlləyə dəyişikliklərlə bağlı çoxlu saylı müzakirələr, dinləmələr keçirib, «AmCham», Azərbaycan Sahibkarlar Konfederasiyası və digər sahibkarlıq təşkilatları ilə görüşlərimiz, müzakirələrimiz olub. Vergilər Nazirliyinin rəsmi mətbu orqanı olan «Vergilər» qəzetində bir neçə ay ərzində ayrı-ayrı sahibkarların dəyişikliklərlə bağlı rəy və təkliflərini əks etdirən silsilə yazılar dərc olunub.

Nazirliyin rəsmi internet saytında sahibkarlara öz təkliflərini təqdim etmələri üçün xüsusi bölmə də yaradılıb. Bizim saytımıza il ərzində 3 milyondan çox daxilolma qeydə alınır. 2016-cı ilin 11 ayı ərzində vergi orqanlarına 80 mindən çox müraciət daxil olmuşdur ki, bu müraciətlərin də böyük bir qismində qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflər vardı. Bundan əlavə, vergilər nazirinin hər ay ərazilərdə vətəndaşlarla görüşləri keçirilir. Həmin görüşlərdə də vergi ödəyicilərindən müxtəlif təkliflər daxil olur. Yəni vergi ödəyicilərinin rəy və təkliflərini vergi orqanına təqdim etməsi üçün hər cür imkan yaradılıb.Yəqin ki, Vergi Məcəlləsində hansısa dəyişikliklər gələcəkdə də olacaq. Biz bundan sonra da sahibkarlarımızla görüşlər keçirməyə, müzakirələr aparmağa, onların fikirlərini dinləməyə, nəzərə almağa hazırıq və yerlərdə də belə görüşlərin keçirilməsi nəzərdə tutulur.

 

«Report» İnformasiya Agentliyi:

- Məcəlləyə edilmiş dəyişikliklərdən biri idman mərc oyunlarından əldə olunan uduşların vergidən azad olunmasıdır. İdman mərc oyunlarına güzəştlərin tətbiq edilməsi digər vergi tətbiq olunan sahələrə qarşı ədalətsizlik hesab edilə bilərmi?

 

S.Musayeva:

- Dövlət bu sahənin inkişafını stimullaşdırmaq üçün müəyyən güzəştlər edib. Amma idman mərc oyunlarının operatoru, satıcısı Vergi Məcəlləsinə əsasən müəyyən edilmiş dərəcələrlə vergiləri hesablayıb ödəyirlər. Sadəcə, uduşu əldə edən şəxsdən vergi mənbədən tutulur. Yəni idman mərc oyunları vergidən azad deyil.

 

S.Ələkbərov:

- Hər bir güzəşt konkret məqsəd daşıyır. Hansısa bir sahənin inkişafı, dirçəlməsi üçün, orada çalışan insanlara dəstək məqsədilə güzəştlər edilir. Amma bir qayda olaraq bu, müvəqqəti xarakter daşıyır. Dünyanın heç bir yerində heç vaxt güzəştlərin verilməsi vergi daxilolmaları baxımından əlverişli hesab edilməsə də, bu praktikadan bir çox ölkələrdə istifadə olunur. Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə də yuxarıda qeyd etdiyimiz kimi kifayət qədər vergi güzəştləri nəzərdə tutulub və onlar sahibkarlarımızın vergi yükünün azaldılması, onların sərəncamında daha çox vəsait qalması və vergi ödəyicilərinin öz fəaliyyətlərini genişləndirmələrinə şərait yaradılması məqsədini daşıyır.

 

«İnterfax Azərbaycan» agentliyi:

- Vergi Məcəlləsinə edilmiş dəyişikliklər 2017-ci ildə vergi daxil­olmalarına necə təsir edəcək? Vergi orqanlarının proqnozlarına əsasən hansı həcmdə əlavə vergilərin daxil olması gözlənilir? 

 

S.Ələkbərov:

- Sahibkarlar üçün daha cəlbedici vergi mühitinin təmin olunması Vergilər Nazirliyinin əsas vəzifələrindən biridir. Vergi Məcəlləsinə edilmiş dəyişikliklər dövlət büdcəsinin gəlirlərini artırmaqla bərabər, vergi ödəyicilərinin hüquqlarının qorunması, vergi mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir. Qeyd olunduğu kimi dəyişikliklərin 8 maddəsi vergi yükünün azaldılması və ya vergi güzəştləri və vergidən azad­olmalarla bağlıdır. Bu dəyişikliklər təbiidir ki, büdcəyə əlavə vergi cəlb olunmasına deyil, əksinə, həmin istiqamətlər üzrə büdcəyə vergi daxil­olmalarının azalmasına gətirib çıxaracaq. Aparılan vergi siyasəti ona hesablanıb ki, həm də əlavə mənbələr hesabına vergi bazası genişləndirilsin və vergi daxilolmaların həcmi artırılsın.

Vergilər Nazirliyinin 2016-cı ildə dövlət büdcəsi qarşısında proqnoz tapşırığı 7 milyard 10 milyon manat müəyyən edilib. Vergi orqanlarının gərgin əməyi sayəsində bu ilki proqnoza tam əməl olunub. 2017-ci il üçün proqnoz tapşırığı 7 milyard 510 milyon manatdır. Müqayisə üçün təxminən 15 il əvvəlki rəqəmləri xatırlatmaq istərdim. Nazirlik yaradılanda ölkə üzrə cəmi 510 milyon manat məbləğində vergi ödənilirdi. Ötən illər ərzində ölkədə aparılan iqtisadi islahatlar nəticəsində baş verən iqtisadi dəyişikliklər vergi daxilolmalarının həcminin əsaslı  dərəcədə artmasına səbəb olub, indi təkcə ölkənin regionlarından həmin məbləğdən xeyli artıq vergi daxil olur. Baxmayaraq ki, kənd təsərrüfatı 1999-cu ildən bəri torpaq vergisi istisna olmaqla, bütün növ vergilərdən azaddır, 2016-cı ildə ərazilərdən büdcəyə 600 milyon manat vergi daxil olub. Bu, regionların hansı səviyyədə inkişaf etdiyinin, buradakı iqtisadi potensialın artdığının göstəricisidir.

İqtisadiyyatımızda mövcud olan müvəqqəti çətinliklər yaxın müddətdə aradan qaldırılacaq. Məlum olduğu kimi bütün sahələr üzrə strateji yol xəritələri hazırlanıb, onların icrası Azərbaycanın daha sürətli inkişafını təmin edəcək. Bu, bir sıra beynəlxalq reytinq agentliklərinin proqnozlarında da öz əksini tapıb. Prosesin daha da sürətləndirilməsi əvvəlki illərdə olduğu kimi iqtisadi inkişafımızın davamlılığının təmin edilməsi üçün hər birimiz daha səmərəli işləməli, fəaliyyətimizi konkret son nəticələrin əldə olunmasına yönəltməliyik.