Vergiler.az

Vergilər Nazirliyində bank sektorunun nümayəndələri ilə görüş

 

Dekabrın 30-da Vergilər Nazirliyində Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Banklar Assosiasiyası, banklar və prosessinq mərkəzlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərlə bağlı bankların üzərinə düşən öhdəliklərlə bağlı məsələlər müzakirə olunub.

Vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov vergi sistemində aparılan islahatlar və həyata keçirilən yeniliklər barədə  tədbir iştirakçılarına ətraflı məlumat verərək qeyd edib ki, yaranmış yeni iqtisadi şəraitə uyğun olaraq, biznes mühitinin yaxşılaşdırılması və vergi ödəyicilərinin fəaliyyətinin genişləndirilməsi üçün həm qanunvericilik səviyyəsində, həm də Vergilər Nazirliyinin səlahiyyətləri çərçivəsində müvafiq addımlar atılıb.

S.Məmmədxanov Vergi Məcəlləsinə edilən dəyişikliklər, bu dəyişiklərin bank sektorunun fəaliyyətinə təsiri, nağdsız əməliyyatların həyata keçirilməsi və elektron ticarətə vergi nəzarətinin tətbiqi üçün tələb olunan şərtlər, bankların bu sahədə vəzifə və öhdəlikləri barədə məlumat verib. Bildirilib ki, elektron ticarət sahəsində vergi potensialının düzgün qiymətləndirilməsi üçün Vergilər Nazirliyinin nəzdində Elektron ticarətə nəzarət şöbəsi yaradılıb.

Görüşdə elektron ticarət sahəsində vergitutmaya dair bir sıra məsələlər müzakirə olunub, nağd­sız hesablaşmalar sahəsində vergi orqanları ilə banklar və prosessinq şirkətləri arasında əlaqələndirmənin vacibliyi vurğulanıb.

Görüş iştirakçılarını maraqlandıran suallar nazirliyin rəhbər vəzifəli şəxsləri tərəfindən cavablandırılıb.