Vergiler.az

Nağdsız ödənişlərin həcminin artırılması zamanın tələbidir

 

«Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Res­publikasının 23 dekabr 2016-cı il tarixli Qanunu ölkə ərazisində mülki dövriyyənin iştirakçıları ara­sın­da aparılan əməliyyatların və hesablaşmaların şəffaf­lı­ğını, isteh­lak­çı­ların hüquq­larının müdafiəsini təmin et­mək, nağd pul he­sab­laş­ma­la­rı­nın nağdsız hesablaşma­lar­la əvəzlənməsini stimullaş­dır­maq, bank sisteminin in­ki­şafını sürət­lən­dirmək məqsədi da­şı­yır. Qanun ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan vergi ödəyici­lə­rinə münasibətdə 2017-ci il yanvarın 1-dən, digər vergi ödə­yi­cilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minir.

Qanuna əsasən, nağdsız hesablaşma dedikdə, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə, eləcə də ödəniş vasitələri, ödəniş terminalları və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur. Əgər hər iki tərəf vergi ödəyicisi olarsa, bu zaman onlar arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız birinin bank hesabından digərinin bank hesabına köçürülməklə və ödəniş vasitələri ilə həyata keçirilə bilər.

Qanunda göstərilir ki, ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istə­ni­lən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri  30.000 manatdan,  digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Qanuna əsasən, aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir:

· vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi;

· «Sığorta fəaliyyəti haqqında» və «İcbari sığorta haqqında» Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər;

· dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar;

· stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi;

· faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması;

· dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi);

· təhsil haqlarının ödənilməsi və turagentlərə ödəmələr.

Qeyd olunanlarla yanaşı, Qanuna əsasən, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:

· kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;

· əlvan və qara metal qırıntılarının qəbulu;

· utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;

· utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu.

İqtisadçı ekspert Fikrət Yusifov bu addımın atılmasını hesablaşmalarda şəffaflığın təmin edilməsinə, eləcə də vergidən yayınma hallarının qarşısının alınmasına yönəlmiş tədbir kimi qiymətləndirir: «Müasir dövrdə hesablaşmaların nağd formasından nağdsız formaya keçidi mühüm əhəmiyyət kəsb edir. Bu mənada, ticarət və ictimai iaşə müəssisələri üçün hesablaşmaların yeni qaydasının tətbiqi tədqirəlayiqdir. Hesab edirəm ki, tədricən hesablaşmaların nağd formada aparılması ən minimal səviyyəyə qədər azaldılmalıdır. Nağdsız hesablaşmalar həm də ödənişlərin həyata keçirilməsində vətəndaşlar üçün çox uyğun və sərfəlidir».

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun rəyinə görə, nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması Azər­baycan iqtisadiyyatının gündəliyində duran ən mühüm məsələlərdəndir: «Burada əsas məqsəd pul döv­riyyəsinə daxil olan nağd pulun həcmini azaltmaq və nağdsız hesablaşmaları təşviq etməkdir. Bey­nəl­xalq praktikada belə fəaliyyətlər, adətən, qısamüddətli dövrü əhatə edir, nağdsız hesablaşmalar inkişaf etdikdən sonra bu qaydalar yenidən aradan qaldırılır. Bu baxımdan, Azərbaycanda da tətbiq edilən praktika postneft dövrü üçün nəzərdə tutulur. Bu zaman, təbii ki, çox va­cib məqamlardan biri məhz ikili mühasibatın ləğvi ilə bağlı aparılan fəaliyyətlərin genişləndirilməsidir. Müşahidələr göstərir ki, nağdsız hesablaşmalara mane olan səbəb­lərdən biri məhz budur. Ona görə də yeni qaydalara uyğun olaraq, nağd­sız hesablaşmaların genişləndirilməsi üçün müəssisə və təşkilatlar arasında hesablaşmaların kö­çürmələr formasında və daha şəffaf aparılmasının təşkili vacibdir. Bu isə son nəticədə nağd ödənişlərin mər­hələli şəkildə nağdsız hesablaşmalarla əvəzlənməsinə gətirib çıxara bilər».

Fəxriyyə İKRAMQIZI