Vergiler.az

Azərbaycanda Kiçik və Orta Sahibkarlıq Agentliyi yaradılacaq

 

«Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji yol xəritəsi»ndə qeyd olunur ki, ölkədə mərkəzləşdirilmiş Kiçik və Orta Sahibkarlıq Agentliyinin yaradılması nəzərdən keçiriləcək, onun məqsəd və missiyası, eləcə də aparıcı prinsipləri müəyyənləşdiriləcək. İlkin mərhələdə agentliyin kollegial orqanı qurulacaq, özəl və dövlət sektorundan, yerli assosiasiyalardan və ali təhsil müəssisələrindən kollegial quruma nümayəndələr seçiləcək. Agentliyin prioritetləri, qısa və uzunmüddətli hədəfləri müəyyən ediləcək, fəaliyyəti üçün zəruri maliyyələşdirmə mexanizmləri işlənib hazırlanacaq və lazımi resursların təmin edilməsi məsələsinə baxılacaq.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması, gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi, biznesin qeydiyyatının asanlaşdırılması, dövlətin maliyyə təminatı əsasında kredit resurslarına çıxış imkanlarının yaxşılaşdırılması kiçik və orta sahibkarlığın (KOS) inkişafında mühüm rol oynayıb. Hazırda bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi və sahibkarların hüquqlarının etibarlı müdafiəsi istiqamətində silsilə tədbirlər həyata keçirilir. Qeyd edilmişdir ki, KOS-un özəl kreditlərlə təminatının yaxşılaşdırılması üçün səmərəli mexanizm hazırlanır. Özəl kredit bürolarının yaradılması, daşınan əmlakın reyestrinin aparılması qaydaları ilə bağlı qanunvericiliyə dəyişikliklər sahibkarların girovla bağlı problemlərinin həllinə səbəb olacaq. Ölkədə sahibkarlığın, xüsusilə də qeyri-neft sektorunun inkişafı sahəsində, eləcə də regionlarda mövcud olan böyük potensial imkanların  üzə çıxmasında ABAD mərkəzlərin yaradılması da müsbət rol oynayacaq.

Qarşıdakı illərdə sahibkarlığın inkişafı sahəsində dövlət siyasəti aşağıdakı istiqamətlər üzrə həyata keçiriləcəkdir:

· sahibkarlıq fəaliyyəti ilə bağlı dövlət tənzimləməsinin səmərəliliyinin artırılması;

· kiçik və orta sahibkarların maliyyəyə çıxış imkanlarının daha da artırılması, bu istiqamətdə məqsədli dövlət maliyyələşməsi ilə yanaşı, alternativ maliyyə mənbələrinin də aktivləşdirilməsi;

· KOS-la bağlı kreditlərin sığortalanması mexanizminin formalaşdırılması üçün təkliflərin hazırlanması;

· ölkənin ixrac potensialının artırılmasında KOS-un maraqlarının müdafiəsinin gücləndirilməsi;

· istehsal sahibkarlığının dəstəklənməsi üzrə dünya praktikasında müvəffəqiyyətlə tətbiq olunan təşkilati modellərin (o cümlədən sənaye parkları, biznes-inkubatorlar və s.) yaradılması işlərinin davam etdirilməsi;

· sahibkarlıq subyektlərinin əlverişli biznes mühitindən eyni dərəcədə faydalanması imkanlarını təmin edəcək rəqabət mühitinin formalaşdırılması istiqamətində fəaliyyətin gücləndirilməsi;

· kiçik, orta və iri müəssisələr arasında qarşılıqlı səmərəli əməkdaşlığın, o cümlədən  istehsal-kooperasiya əlaqələrinin genişləndirilməsi;

· biznes informasiya mərkəzlərində kiçik və orta sahibkarlar üçün məlumatların əlyetərliliyinin artırılması;

· sahibkarlığın istehsal, bazar və sosial infrastruktur təminatının daha da yaxşılaşdırılması.

İqtisad üzrə fəlsəfə doktoru Ədalət Əsədovun sözlərinə görə, kiçik və orta sahibkarlığın davamlı inkişafında vergi siyasətinin rolu mühüm əhəmiyyət kəsb edir. Digər sahibkarlıq strukturlarına nisbətən bu sahədə fəaliyyət göstərən subyektlər az maliyyə sərfiyyatı tələb edir və onlara müəyyən kredit güzəştlərinin verilməsi də mümkündür. KOS-ların fəaliyyətinin təşkili iri həcmli vəsait tələb etmədiyi üçün bu, istər kredit verən təşkilatlar, istərsə də kredit alan tərəf üçün girov, sənədləşdirmə və s. məsələlər baxımından daha sadədir.

Özəl sektorun inkişafının dövlət tərəfindən dəstəklənməsi, vergi qanunvericiliyinin mütəmadi təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələrin aradan qaldırılması istiqamətində ardıcıl qərarların qəbulu və s. kiçik və orta sahibkarlığın inkişafı üçün münbit şərait yaradır.

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə bu sahibkarlıq subyektlərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı kifayət qədər optimallaşdırma tədbirləri, eləcə də vergi yükünün azaldılmasına yönəlmiş səmərəli siyasət sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə təminat verir. Hazırda qarşıda duran vacib məsələlərdən biri vergi ödəyiciləri olan KOS subyektlərinin məcburi sosial sığorta ayırmaları ilə bağlıdır. Vergi ödəyicilərinə aid sosial sığorta ayırmalarının daha da təkmilləşdirilməsi və ədalətli təyini zəruridir. Hazırda pərakəndə ticarət və nəqliyyat xidməti ilə məşğul olan vergi ödəyiciləri üçün aylıq məcburi sosial sığorta ödənişi 52,50 manatdır. İndiki halda iri topdan və ya pərakəndə ticarətlə məşğul olan sahibkarla 10-15 m2-lik sahəsi olan ticarət obyektində fəaliyyət göstərən sahibkar arasında fərq qoyulmur. Məcburi sosial sığorta ödənişinin bu cür tətbiqi ədalətli hesab edilə bilməz. Eyni vəziyyətin hökm sürdüyü xidmət sahələrində də müvafiq təkmilləşdirmələrə ehtiyac vardır. Məsələn, şadlıq sarayı kimi fəaliyyət göstərən sahibkarla kiçik bir köşkdə qutab, dönər satan və ya adi çayxana fəaliyyəti göstərən sahibkar arasında da sosial ayırmalar zamanı fərq qoyulmur: hər iki halda minimum əməkhaqqının 20%-i, yəni 21 manat sosial sığorta ayırması tələb edilir. Mövcud qaydalara əsasən, işçiyə verilən əməkhaqqının 22%-i müəssisənin (sahibkarın) əməkhaqqı fondundan, 3%-i isə işçidən tutulur. Bu isə işçilərə verilən əmək haqlarının düzgün göstərilməməsinə, əksər hallarda işəgötürənlə işçi arasında əmək müqaviləsinin bağlanmamasına gətirib çıxarır və ya ödənilən məbləğdən aşağı məbləğ rəsmiləşdirilir ki, nəticədə ikili mühasibat formalaşır.

Ə.Əsədovun sözlərinə görə, KOS-un inkişafı, biznes mühitinin sağlamlaşdırılması, eləcə də müşahidə olunan bəzi ziddiyyətlərin aradan qaldırılması üçün stimullaşdırıcı tədbirlərlə yanaşı, qanunvericilikdə də təkmilləşdirmələr aparılmalıdır. 

ELBRUS