Vergiler.az

Vergi Məcəlləsinə dəyişikliklər zamanın tələbidir

 

«PwC Azərbaycan» şirkəti Vergi Məcəlləsinə dəyişikliklərə dair  mətbuat konfransı keçirib. Şirkətin vergi və hüquq məsələləri üzrə partnyoru Maykl Ahern Məcəlləyə edilmiş dəyişikliklərin mühüm əhəmiyyət kəsb etdiyini, müasir iqtisadi çağırışlara cavab verdiyini bildirib. Qeyd edib ki, Azərbaycan öz vergi sistemində dünya ölkələrinin tətbiq etdiyi ən müasir qabaqcıl texnologiyaları və yenilikləri tətbiq edir, ölkənin vergi administrasiyası OECD və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edərək vergi inzibatçılığını daim təkmilləşdirir. Dünya iqtisadiyyatında baş verən tendensiyalarla ayaqlaşmaq üçün vergi sistemində islahatların aparılması zərurətinin meydana çıxdığını vurğulayan M.Ahern Vergi Məcəlləsinə edilmiş dəyişiklikləri qlobal və ölkə iqtisadiyyatında baş verən proseslərə uzlaşdırılmış davamlı islahatların nəticəsi hesab etdiyini bildirib.

Məcəlləyə edilmiş dəyişikliklər sırasında elektron ticarətin vergiyə cəlb olunması, transfer qiymətləndirmə, vergitutma obyektlərini şəffaf şəkildə vergiyə cəlb etmək və vergitutma bazasının gizlədilməsinin qarşısını almaq məqsədilə hüquqlardan sui-istifadə əleyhinə müddəaların vergi qanunvericiliyinə daxil edilməsini pozitiv addımların atıldığı qeyd edilib.