Vergiler.az

Təcrübəli əməkdaşlar təlimçi kimi fəaliyyət göstərəcəklər

 

Vergilər Nazirliyi yanında Tədris-Metodiki Şuranın iclasında  2016-cı il ərzində tədris və təlim sahəsində görülmüş işlər, müasir beynəlxalq təcrübə nümunələrinin tədris prosesində tətbiqi imkanları, 2017-ci il üçün tədris qrafikinin və tədris-mövzu planlarının layihələri, habelə bu sahədə qarşıya çıxan çətinliklər və onların həlli yolları müzakirə edilmişdir.

Qeyd olunmuşdur ki, bu il təşkil edilmiş 151 təlim və kursa ümumilikdə 4584 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilmişdir. Təlim və kursların 69-u onlayn formada keçirilmiş və bu təlimlərdə 2849 nəfər iştirak etmişdir. İl ərzində 784 nəfər vergi orqanı əməkdaşı sertifikasiya təlimlərinə qatılmış, onlardan 444 nəfəri sertifikat  almışdır. 2016-cı ildə elektron kitabxanadan 23.472 nəfər istifadə etmişdir (2015-ci ildə bu rəqəm 13.554  olmuşdur).

Tədbirdə 2017-ci ildə rəhbər vəzifəli şəxslər üçün idarəetmə sahəsində təlimlərin sayının artırılması və həmin təlimlərə kənardan peşəkar mütəxəssislərin dəvət olunması, təlimçilərin həvəsləndirilməsi məsələsinə yenidən baxılması, qısamüddətli, habelə onlayn təlimlərə cəlb edilən təlimçilərin stimullaşdırılması qərara alınmışdır. Bundan  əlavə, gələn  ildən müvafiq fəaliyyət sahələri üzrə əməkdaşların bilik və bacarıqlarının könüllü sertifikatlaşdırılmasına başlanılması, pensiyaya çıxmış təcrübəli və peşəkar əməkdaşların təlimçi qismində təlimlərə cəlb edilməsi imkanlarının araşdırılması da nəzərdə tutulur.