Vergiler.az

Ağır sənayenin inkişafı iqtisadi islahatların prioritetlərindəndir

 

«Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji yol xəritəsi»nə əsasən, 2020-ci ilədək ağır sənaye və maşınqayırma müəssisələrinin daxili iri istehlakçılarının ehtiyaclarının daha böyük hissəsinin ödəmələrinə nail olmaq, regional bazarda Azərbaycan məhsullarının payını artırmaq vəzifəsi qoyulmuşdur. Mədənçıxarma (neft-qaz sektoru istisna olmaqla), metallurgiya, bəzi tikinti materialları (məsələn, sement) istehsalı, neft-qaz və kənd təsərrüfatı maşınqayırması kom­pleksi, elektrik avadanlıqlarının istehsalı, maşınqayırma sektorunda xidmət müəssisələrinin fəaliyyətinin inkişafı kimi sahələr ağır sənaye və maşınqayırma sektorunun prioriteti kimi götürüləcək.

Qəbul edilmiş strategiyanın reallaşdırılması sənayenin strukturunu təkmilləşdirəcək, ağır sənaye və maşınqayırmanın sənayedə və məşğulluqda payı artacaq, qeyri-neft sənayesi iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən birinə çevriləcək, ümumi iqtisadi potensial 2020-ci ildən sonrakı dövr üçün nəzərdə tutulmuş məqsədlərin reallaşdırılması üçün hazır vəziyyətə gətiriləcək.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov «Strateji yol xəritəsi»ndə bu sahə üzrə yeni baxış ortaya qoyulduğunu bildirmişdir: «Azərbaycan dövləti ağır maşınqayırmaya, xüsusən də maşınqayırmanın ixrac qabiliyyətinin genişləndirilməsinə bir prioritet kimi yanaşır. İxrac imkanlarının genişləndirilməsi fonunda maşınqayırma sənayesi ölkəyə  valyuta axınını təmin edə biləcək. Bu baxımdan, strateji hədəf olaraq yeni bazarların tapılmasına və onlara çıxış imkanlarının artırılmasına ehtiyac var. Bu strategiya, eyni zamanda, idxaldan asılılığın aradan qaldırılması baxımınından da vacibdir. Güman ki, bu istiqamətdə də addımlar atılacaq. Çünki ağır maşınqayırma inkişaf etdikcə yerli məhsulun istehsalının artması idxal məhsullarına tələbi azaldacaq və nəticədə idxaldan asılılığın mərhələli şəkildə aşağı enməsi müşahidə olunacaq. Bu, həm də yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərəcək».

Sektorun müqayisəli üs­tünlüyü və məhsulların xarici bazarlara çıxarılma imkanları barədə qeyd edilmişdir ki, bu, qeyri-neft sektoruna ixrac qabiliyyətini artırmaq imkanı verir: «Sektoral təşviq ölkənin ixrac qabiliyyətinin artırılmasına rəvac verə bilər. Rusiya, Qazaxıstan və regionun digər ölkələri nəinki sovet dövründə, indinin özündə də Azərbaycan üçün iri bazardır. Bu baxımdan, respublikamızın ağır sənaye məhsullarını region ölkələrinə ixrac etmək imkanları yüksəkdir. Regional bazara çıxış isə ölkəyə valyuta  daxilolmasını təmin etmək  baxımından vacibdir».

FƏXRİYYƏ