Vergiler.az

Dövlət orqanlarının elektron xidmətləri və informasiya sistemləri qiymətləndiriləcək

 

«Dövlət orqanlarında elekt­ron xidmətlərin və informasiya sistemlərinin qiymətləndirilməsi Qaydaları» dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi, habelə informasiya sistemlərinin təşkili və fəaliyyəti  üzrə qiymətləndirmənin aparılması prosedurlarını tənzimləyir. Qiymətləndirmənin aparılmasında məqsəd elektron xidmətlərin təşkili və göstərilməsi üçün zəruri informasiya mənbələrini müəyyən etmək, informasiya sistemlərinin yaradılması zamanı onların təsdiq olunmuş layihələrə, texniki normalara, standartlara və tələblərə uyğun həyata keçirilməsinə nəzarət etmək, dövlət orqanlarının informasiya sistemlərinin qarşılıqlı inteqrasiyasını təmin etmək, dövlət xidmətlərinin göstərilməsi prosedurunun sadələşdirilməsi imkanlarını araşdırmaq, elektron xidmətlərin təşkili prosesini sürətləndirmək, dövlət orqanlarının fəaliyyətində şəffaflığı təmin etmək, bu sahədə modern və çevik idarəetmənin təmini imkanlarını araşdırmaqdır.

Qiymətləndirmə üç mərhələdə həyata keçiriləcək. Birinci mərhələ məlumatların toplanılması, sorğuların göndərilməsi, yerində baxışın həyata keçirilməsi və informasiya sistemləri üzərindən xidmətlərin test edilməsindən ibarətdir. İkinci mərhələdə toplanmış məlumatlar sistemləşdirilərək yoxlanılacaq və təhlil ediləcək. Sonuncu mərhələdə isə arayış və hesabatlar hazırlanacaq.

Qiymətləndirmənin başlamasına ən azı 15 gün qalmış Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmi saytında bu barədə məlumat yerləşdiriləcək və rəsmi məktubla dövlət orqanlarına bildiriş göndəriləcək. Dövlət orqanları qiymətləndirmənin keçirilməsi üçün şərait yaratmalı, tələb olunan məlumatları təqdim etməli, sorğuları cavablandırmalı və qiymətləndirmənin aparılmasına maneə törətməməlidir.

Dövlət orqanlarında elekt­ron xidmətlərin və informasiya sistemlərinin qiymətləndirilməsi Dövlət Agentliyi tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq həyata keçiriləcək. Qiymətləndirmənin keçirilməsi üçün agentlik tərəfindən yaradılacaq işçi qrupa müstəqil ekspertlər və mütəxəssislər cəlb ediləcək. İşçi qrupun səlahiyyətlərinə aiddir:

· elektron xidmətlərin təşkili və göstərilməsi, habelə informasiya sistemlərinin təşkili və fəaliyyəti üzrə ilkin qiymətləndirmələri aparmaq;

· yerində baxış keçirmək, qiymətləndirmənin nəticələrini ümumiləşdirmək və toplanmış məlumatları təhlil etmək;

· elektron xidmətlərin  və informasiya sistemlərinin təşkili və təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlamaq;

· qiymətləndirmənin yalnız təsdiqlənmiş qaydalarla nəzərdə tutulmuş parametrlərə və meyarlara uyğun aparılmasını təmin etmək;

· qiymətləndirmənin nəticələri barədə arayış və hesabatlar hazırlayıb Dövlət Agentliyinin sədrinə təqdim etmək;

· əldə olunan informasiyanın konfidensiallığını təmin etmək.

Qiymətləndirmə meyarlar və parametrlər üzrə müvafiq  göstəricilərə (indikatorlara) əsasən həyata keçiriləcək və elektron xidmətlər üzrə qiymətləndirmənin aparılması üçün hər bir meyar üzrə maksimum qiymətləndirmə balı müəyyən olunacaq. İnformasiya sistemləri üzrə qiymətləndirmənin aparılması üçün hər bir parametrin təmin edilməsi (1 bal), yaxud təmin edilməməsi (0 bal) müəyyən olunacaq. Qiymətləndirmədə 50% və bundan aşağı qeyri-kafi,  51%-dən 70%-dək kafi,  71%-dən 90%-dək yaxşı, 91%-dən 100%-dək əla hesab edilir.

Qiymətləndirmənin nəticəsi olaraq, Dövlət Agentliyi tərəfindən:

· qiymətləndirmə nəticəsində müəyyən olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı icrası məcburi olan tövsiyələr veriləcək, ehtiyac yarandıqda əməli və metodiki kömək göstəriləcək;

· qiymətləndirmə ilə bağlı hazırlanmış arayış aşkar olunmuş çatışmazlıqların təyin edilmiş müddət ərzində aradan qaldırılması üçün dövlət orqanına göndəriləcək;

· qiymətləndirmənin nəticələri, o cümlədən informasiya sistemlərinin və elektron xidmətlərin mövcud vəziyyəti, problemlər, nöqsanlar və həmin xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər barədə dövlət başçısına  hesabat təqdim olunacaq.

Dövlət orqanları təqdim edilmiş arayışda göstərilən çatışmazlıq və tövsiyələri diqqətlə araşdırmalı və arayış daxil olduğu gündən iki ay müddətində çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər barədə məlumatı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etməlidirlər. Qiymətləndirmənin nəticələri ilə bağlı məlumatlar agentliyin rəsmi internet saytında yerləşdiriləcək. 

AYTƏN