Vergiler.az

«ASAN Viza» biznesin inkişafına təkan verəcək

 

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış «ASAN Viza» portalı 2017-ci il yanvarın 10-dan tam istifadəyə verilib

 Portalın texniki imkanlarının genişlənməsi xarici ölkə vətəndaşlarına bürokratik maneə olmadan viza almağa imkan yaradacaq. «ASAN Viza» vasitəsilə əcnəbilər evlərindən çıxmadan, növbə gözləmədən, sənədlər toplamadan onlayn şəkildə müraciət edərək viza ala biləcəklər. Ölkədə qalma müddətini 30 günədək müəyyən edən birdəfəlik elektron vizanı almaq üçün portala müraciət edən şəxs ödəniş etdikdən sonra viza 3 iş günü müddətində onun elektron poçt ünvanına göndəriləcək. Viza üçün dövlət rüsumu 20 ABŞ dollarıdır. Bu rüsum vizaya baxılması üçün tələb olunur və geri qaytarılmır. Elektron viza müraciətlərinin bir nəfərlik, ailə (ən az 2, ən çox 10 nəfər) və qrup şəklində (ən az 10, ən çox 300 nəfər) edilməsi nəzərdə tutulur. İndiyə kimi “ASAN Viza” portalından 500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs elektron viza əldə edib.

Mütəxəssislər hesab edirlər ki, elektron viza iqtisadi, siyasi, sosial, hüquqi, humanitar sahələrdə əməkdaşlığın möhkəmlənməsi, işgüzar əlaqələrin genişlənməsi və biznes nümayəndələrinin xarici ölkələrdəki tərəfdaşları ilə daha çevik partnyorluğunun qurulması üçün yaxşı imkanlar yaradır. Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin sözlərinə görə, Azərbaycan hökuməti Avropa Birliyi ölkələri ilə inteqrasiyanı dərinləşdirərək ikitərəfli əlaqələrin inkişafına xidmət edən bir sıra mühüm sənədlər imzalayıb. İki il əvvəl tərəflər arasında viza rejiminin sadələşdirilməsinə dair saziş bağlanıb və bu sənəd Beynəlxalq Viza Məcəlləsinə uyğun olaraq, mövcud rejimin xeyli sadələşdirilməsinə hüquqi baza yaradıb. Bu, Azərbaycandan Avropaya və əks istiqamətə gediş-gəlişin asanlaşmasına, bir sıra güzəştlərin tətbiqinə əlverişli imkanlar yaradır. Azərbaycanlı iş adamları e-vizadan qarşılıqlı investisiyaların yatırılması və həcminin artırılması, yeni iqtisadi layihələrin icrasına başlanılması, ticarət, azad iqtisadi zonalar çərçivəsində birgə layihələrin həyata keçirilməsi üçün yararlana bilərlər.

Mütəxəssisin sözlərinə görə, ölkəmizdə elektron viza sisteminin qurulması və tətbiqi ilə bağlı hüquqi-texniki baza yaradılıb və sistemin işə düşməsi üçün heç bir əngəl yoxdur. Dövlət başçısının müvafiq sərəncamı əsasında həyata keçirilən viza rejiminin sadələşdirilməsi ilə bağlı texniki tədbirlər başa çatmaq üzrədir. Ölkəmizin dövlət sərhəd-keçid məntəqələrində müasir informasiya texnologiyalarına əsaslanan  idarəetmə sistemi qurulub, vətəndaşların  təhlükəsizliyinə şərait yaradan yüksək səviyyədə tədbirlərin görülməsi üçün infrastruktur mövcuddur.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun əməkdaşı Vidadi Quliyevin sözlərinə görə, e-viza qarşılıqlı ticarət əməliyyatlarının artmasına, yerli sahibkarların xarici bazarlara çıxışına əlverişli şərait yaradacaq. Yeni viza sisteminin tətbiqi Azərbaycanda çalışmaq və investisiya qoymaq istəyən əcnəbi iş adamlarının ölkəyə gəlişini asanlaşdıracaq. Mövsümi xarakterli işlərə, biznesə, sərmayə axtarışlarına və digər sahələrə maraq göstərən xarici ölkə vətəndaşlarının Azərbaycana böyük həcmdə sərmayə sərf etməsi gözlənilir. Onların fəaliyyətini leqallaşdıran miqrasiya və sosial müdafiə xidməti orqanları Azərbaycan büdcəsinə vergi və rüsumların ödənilməsini təmin edəcəklər.

Azərbaycan Turizm Assosiasiyasının sədr müavini Müzəffər Ağakərimovun fikrincə, yeni viza rejimi əcnəbi turistlərin Azərbaycana gəlmək üçün diplomatik korpusa getməsinə, sənədlərin hazırlanmasına ehtiyacı aradan qaldıracaq. Ölkəmizə gəlmək istəyən şəxslər internet vasitəsilə elektron ərizə və digər sənədlərin formalarını müvafiq orqanlara göndərməklə qısa müddətdə viza əldə edə biləcəklər. Turistlərin sayının çoxalması isə indiki dövrdə qeyri-neft sektorunun əsas sahələrindən sayılan turizmin inkişafı ilə ölkəmizə valyuta axınının artması baxımından mühüm əhəmiyyət kəsb edir.

 

2016-cı ildə Prezident İlham Əliyevin «Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və «ASAN Viza» sisteminin yaradılması haqqında» fərmanına əsasən, res­publikamıza gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələş­diril­məsi, müasir İKT-nin küməyi ilə operativliyi və şəffaflığı təmin edən elektron viza sisteminin yaradılması nəzərdə tutulub. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Düvlət Agent­liyinə («ASAN xidmət») elektron viza verilməsi üçün «ASAN Viza» sistemini yaratmaq və onun idarə olunmasını təmin etmək tapşırılıb.

E.CƏFƏRLİ