Vergiler.az

Əmək hüquqları qorunmalıdır

 

İşçi qəbulu zamanı əmək müqa-viləsinin bağlanmaması və bu mə­sələdə  gizli razılaşmaların olması nəticə etibarilə gəlir vergisinin və sosial ödənişlərin yerinə yetiril­məməsinə gətirib çıxarır, bununla da vətəndaşların hüquqları kobud şə­kildə pozulur. İqtisadiyyatın müx­təlif sektorlarında çalışanların bir qisminin qeyri-qanuni işləməsi in­san hüquqlarının pozulması ilə ya­naşı, ölkənin iqtisadi rifahına mənfi təsir güstərir, vergilərdən yayınmaya səbəb olur. 

Vergidən yayınma hallarının aradan qaldırılması, əlavə vergi potensialının müəyyən edilməsi, işçi sayının və iş yerlərinin düzgün rəsmiləşdirilməsi məqsədilə Vergilər Nazirliyində «İşəgötürənlər tərəfindən iş yerlərinin rəsmiləşdirilməməsi hallarının qarşısının alınması istiqamətində görüləcək işlərə dair» Tədbirlər Planı təsdiq olunmuşdur. Nazirlik həm işçilərin hüquqlarının qorunması, həm də vergi qanunvericiliyinin pozulması hallarının qarşısını almaq üçün inzibati tədbirlərdən daha çox maarifləndirici, məlumatlandırıcı və stimullaşdırıcı tədbirlərə üstünlük verir. Nazirlik tərəfindən «Vergi ödəyicilərinə göstərilən xidmətlər - məlumatlandırma, maarifləndirmə və təbliğat işində sahibkarların ictimai təşkilatlarının və KİV-in rolunun artırılması» layihəsi hazırlanmış, layihə çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir.

Vergi ödəyicilərinin istənilən vaxt, istənilən yerdən, istənilən növ informasiyaya çıxışını təmin etmək günün ən vacib məsələlərindən birinə çevrilmişdir. Vergilər Nazirliyi bu məqsədlə «195» Çağrı Mərkəzi, taxes.gov.az. veb saytı, vergi ödəyicilərinə xidmət mərkəzləri, «Vergi dostları» şəbəkəsindən, sosial mediadan geniş istifadə edir. Böyük auditoriyaya malik «Facebook», «Twitter» sosial şəbəkələrində, «Youtube» və video.az, video-hostinq səhifələrində Vergilər Nazirliyinin səhifələri yaradılmış və istifadəçilər arasında mütəmadi olaraq təbliğat işləri aparılır. Bunlarla yanaşı, vergi ödəyicilərinin mobil telefonlarına müvafiq bildirişlər, mesajlar göndərilir.

Bu günlərdə Vergilər Nazirliyi tərəfindən ictimaiyyətə təqdim olunmuş «Yaşıl dəhliz»  layihəsinin əsas məqsədlərindən biri  «partnyor vergi ödəyicisi statusu» əldə edən intizamlı vergi ödəyicilərinin sayını artırmaq və onlara göstərilən vergi xidmətlərinin səviyyəsini yüksəltməkdir. Belə ödəyicilər vergi hesabatlarını vaxtında, düzgün təqdim etməli, vergiləri tam həcmdə gecikdirmədən dövlət büdcəsinə ödəməli, işçilərin sayını və onların əmək haqlarını  düzgün bəyan etməli, mühasibat qaydalarına riayət etməlidirlər və s. Partnyor vergi ödəyicilərinə xidmətlər ərazi məhdudiyyəti nəzərə alınmadan «Yaşıl dəhliz» prinsipi əsasında göstəriləcək. Vergi ödəyicisinin istəyinə uyğun olaraq ünvanlı xidmət onun iş yerində də həyata keçirilə bilər. Bunun üçün hər bir partnyor ödəyici üçün aidiyyəti vergi strukturundan ayrılacaq kuratorlar onlara qanunvericilikdə baş verən dəyişiklikləri izah edəcək, işçilərin və vergi ödəyicilərinin özlərinin hüquqlarının qorunmasında zəruri yardımlar göstərəcək.

 «Yaşıl dəhliz» layihəsi ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına, könüllü vergi əməletməsinin artmasına, əmək hüquqlarının qorunmasına və əmək müqavilələrinin bağlanmasına nəzarətin güclənməsinə, beləliklə də cəmiyyətdə vergi mədəniyyətinin daha da yüksəlməsinə şərait yaradacaq.  

Rəşad SADIQOV