Vergiler.az

Zəngin insanlar bahalı mallar və zinyət əşyaları alarkən daha çox vergi ödəyəcəklər

 

İdxal olunan bir sıra mallara aksiz dərəcələri artırılıb

 

Aksiz - qanunvericilikdə müəyyən edilən aksizli malların satış qiymətinə daxil edilən dolayı (istehlak) vergi növüdür. Azərbaycan Respublikasında aksizli mallara izməli spirt, pivə və spirtli içkilərin bütün növləri, tütün məmulatları, neft məhsulları, minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz edilmiş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla), istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr, idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal edilmiş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz aid edilir.

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin məlumatına görə, 2017-ci ildən Azərbaycana idxal olunan qiymətli metallara görə aksizin dərəcəsi təqribən 2-3 dəfə artırılmış, idxal olunan xəz-dəri məmulatları aksizli malların siyahısına əlavə edilmişdir.

Beləliklə, bu ilin yanvarın 1-dən Azərbaycana idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza, eləcə də xəz-dəri məmulatlarına aşağıdakı aksiz dərəcələri tətbiq ediləcək:

·  idxal olunan platinin hər qramına görə - 4 manat (bundan əvvəl 2 manat);

·  idxal olunan qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının min çəki vahidindəki miqdarına görə: 375 əyarlı qızıl, hər qramına görə - 1,5 manat (bundan əvvəl 0,8 manat); 500 əyarlı qızılın hər qramına görə - 2 manat (bundan əvvəl 1,0 manat); 585 əyarlı qızılın hər qramına görə - 2,4 manat (bundan əvvəl 1,2 manat); 750 əyarlı qızılın hər qramına görə - 3 manat (bundan əvvəl 1,5 manat); 958 əyarlı qızılın hər qramına görə - 5 manat (bundan əvvəl 1,8 manat); 999 əyarlı qızılın hər qramına görə - 6 manat (bundan əvvəl 2 manat).

İdxal olunan emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın 1 karatı üçün 400 manat (bundan əvvəl 200 manat) olmaqla, aksiz dərəcəsi aşağıdakı qaydada hesablanır:

·  almazın bir ədədinin miqdarı 1 karatdan aşağı olduqda, aksiz dərəcəsi almazın faktiki miqdarına mütənasib olaraq azaldılır;

·  almazın bir ədədinin miqdarı 1 karatdan yuxarı olduqda, aksizin məbləği aksiz dərəcəsi ilə almazın faktiki miqdarının hasilinə aşağıdakı əmsallar tətbiq edilməklə hesablanır: 1 karatdan 2 karatadək olduqda - 2; 2 karatdan 3 karatadək olduqda - 3; 3 karatdan 4 karatadək olduqda - 4; 4 karatdan 5 karatadək olduqda - 5; 5 karatdan yuxarı olduqda - 10.

İdxal olunan xəz-dəri məmulatlarının topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinin 10 faizi həcmində aksiz dərəcəsi tətbiq olunacaq.

F.İkramqızı