Vergiler.az

Vergilər naziri Ucarda vətəndaşları qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdıqları problemlərin həllinə kömək göstərirlər.

Dekabr ayının 23-də vergilər naziri Fazil Məmmədov Ucar şəhərində Zərdab, Ağdaş, Göyçay, Ucar və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edib. Qəbulda Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, vergilərin hesablanması, ödənilməsi, əmək müqavilələrinin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əməkhaqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razılıqlarını bildiriblər.