Vergiler.az



Vergi amnistiyası 44 mindən çox vergi ödəyicisini əhatə edəcək


Dekabrın 26-da Vergilər Nazirliyində «Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında» qanun layihəsinin izahına həsr edilmiş brifinq keçirilib. Tədbirdə çıxış edən Vergilər Nazirliyinin Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsinin rəisi Zeynalabdin Məmmədzadə bildirib ki, sənəd Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hazırlanıb və ölkəmizdə sahibkarlığın stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədini daşıyır. Qanun layihəsinin artıq Milli Məclisinin plenar iclasına tövsiyə olunduğunu qeyd edən Z.Məmmədzadə, qəbul olunacağı təqdirdə, sənədin 2017-ci ilin 1 yanvar tarixindən qüvvəyə minəcəyini bildirib.

Media nümayəndələrinin nəzərinə çatdırılıb ki, Vergi Məcəlləsinin tələblərinə əsasən, vergi borcları vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclardan ibarətdir. Sözügedən qanun layihəsi vergi ödəyicilərinin yalnız faiz və maliyyə sanksiyaları üzrə 1 yanvar 2017-ci il tarixə mövcud olan borclarını tənzimləyəcək. Yəni qanun layihəsində vergi ödəyicilərinin vergilər üzrə borclarının əsas məbləğinin silinməsi nəzərdə tutulmayıb. Qeyd olunub ki, faiz və maliyyə sanksiyaları üzrə borcların 2 qaydada - birdəfəyə və mərhələli şəkildə silinməsi nəzərdə tutulur. 1 yanvar 2017-ci il tarixə vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər və nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borclar birdəfəyə istisnasız silinəcəkdir. Digər maliyyə sanksiyaları üzrə borcların isə mərhələli şəkildə və müəyyən şərtlər daxilində silinməsi nəzərdə tutulur. 1 yanvar 2017-ci il tarixə mövcud olan maliyyə sanksiyaları üzrə borcların gələn ilin ilk ayı ərzində 30 faizi ödənildikdə yerdə qalan borcların 70 faizi, yanvar-fevral ayları ərzində 50 faizi ödənildikdə yerdə qalan borcların 50 faizi, yanvar-mart ayları ərzində isə 70 faizi ödənildikdə yerdə qalan borcların 30 faizi silinəcəkdir. Qanunun müddəaları vergi ödəyicilərinin faiz və maliyyə sanksiyaları üzrə borclarının məcburi ödənilməsi ilə bağlı məhkəmə qərarı qəbul edilmiş hissələrinə də şamil ediləcəkdir. Qanun 44.000-dən çox vergi ödəyicisini əhatə edəcək ki, onların da 97 faizdən çoxu özəl sektorda çalışan sahibkarlardır.

Bildirilib ki, qanunun tətbiqi ilə bağlı sahibkarlar vergi ödəyicilərinə xidmət mərkəzlərindən, elektron şəkildə müraciət etməklə vergi orqanlarından, yaxud Vergilər Nazirliyinin «195» Çağrı Mərkəzindən öz vergi borcları, habelə qanundan irəli gələn digər məsələlər barədə ətraflı məlumat ala bilərlər.