Vergiler.az



Milli Məclis vergi qanunvericiliyinə təklif olunan əlavə və dəyişiklikləri qəbul edib

 

Dekabrın 14-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. İclasda çıxış edən vergilər naziri Fazil Məmmədov vergi qanunvericiliyinə  təklif edilən əlavə və dəyişikliklər haqqında məlumat verərək bildirib ki, təqdim edilmiş qanun layihələri nağd hesablaşmaların azaldılması, elek­tron ticarətin vergiyə cəlb olunması, vergi yükünün azaldılması, vergi inzibatçılığının sadələşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi orqanlarının göstərdiyi xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədinə xidmət edir. Vergi Məcəlləsinə 115 yeni maddə, 83 dəyişiklik, 3 maddənin ləğvi də daxil olmaqla 201 dəyişiklik nəzərdə tutulur. Bunlardan 123 maddə vergi inzibatçılığının təkmilləşdirilməsi, uçot-qeydiyyatın asanlaşdırılması, 34 maddə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8 maddə vergi yükünün azaldılması, azadolma və güzəştləri əhatə edir.

Qanun layihəsində vergi yükünün azaldılması və pərakəndə ticarət fəaliyyətində əlavə dəyər vergisinin ticarət əlavəsindən hesablanması məsələləri öz əksini tapıb. Bildirilib ki, kənd təsərrüfatı məhsulları istehsalçıları 1999-cu ildən torpaq vergisi istisna olmaqla, Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər vergilərin ödənilməsindən azad edilib. Həmin məhsullar ticarət şəbəkələri tərəfindən pərakəndə qaydada satılarkən digər məhsulların satışı kimi bu məhsulların da tam dəyəri ümumi qaydada əlavə dəyər vergisinə cəlb edilib.

F.Məmmədov qeyd edib ki, Vergi Məcəlləsində ƏDV tutulan əməliyyatların dəyərinin müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığından ticarət şəbəkələri kənd təsərrüfatı məhsullarının satışı üzrə ümumi dövriyyədən ƏDV hesablamalı olurdular. Bu da pərakəndə satış qiymətində bahalaşmaya səbəb olurdu. Qeyd edilənləri nəzərə alaraq, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan Azərbaycan Respublikasında istehsal edilən kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV-nin həmin məhsulların satış qiyməti ilə onların alış qiyməti arasındakı fərqdən, yəni, ticarət əlavəsindən hesablanması ilə bağlı müddəalar layihəyə daxil edilib. Qanun layihəsində sahibkarların vergi yükünün azaldılması ilə yanaşı, onların dövriyyə vəsaitlərinə qənaət edilməsi, habelə ixracı stimullaşdırmaq məqsədilə ixrac fəaliyyəti ilə məşğul olan şəxslərin apardıqları əməliyyatlardan yaranan ƏDV üzrə artıq ödənmiş vergilərin onların müraciətindən sonra qaytarılması müddətinin 45 gündən 20 günədək endirilməsini əks etdirən düzəlişlər, eyni zamanda, ƏDV tutulan əməliyyatlar aparan digər şəxslər üzrə yaranmış artıq ödəmələr digər vergi öhdəlikləri ilə üç ay müddətinə əvəzləşdikdən sonra qalan məbləğin 20 gün müddətinə qaytarılmasına dair müddəalar öz əksini tapıb.

Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə yaradılan icbari tibbi sığorta və səhiyyə, tibb xidmətləri göstərən səhiyyə qurumlarının gəlirlərinin mənfəət vergisindən müddətsiz, buğdanın idxalının və satışının buğda ununun və çörəyin istehsalının və satışının, quş ətinin isə satışının üç il müddətinə ƏDV-dən azad edilməsi ilə bağlı müddəalar layihəyə daxil edilib.

Layihəyə əsasən, banklar tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividendin, diskont (istiqrazlarının nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi müddəti beş ilə qədər, yəni 2021-ci ilin fevralınadək artırılır.

Qanun layihəsinə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən hesablaşmaların nağd qaydada aparılması ay ərzində 30 min manatadək, digər vergi ödəyiciləri  tərəfindən isə ay ərzində 15 min manatadək məhdudlaşdırılmışdır.

Qüvvədə olan qanunvericiliyə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Vergi ödəyiciləri tərəfindən müvafiq sənədlərin vaxtında təqdim edilməməsi və ya ümumiyyətlə sənədləşmənin aparılmaması bəzən kameral qaydada keçirilən vergi yoxlamalarının müddətinin uzadılması ilə nəticələnir. Belə halların aradan qaldırılması məqsədilə ölkə başçısı tərəfindən kameral vergi yoxlamalarının konkret olaraq verilmiş bəyannamələr əsasında 30 gün ərzində başa çatdırılması tap­şırılıb.

Layihəyə kameral vergi yoxlamasının vergi bəyannaməsinin təqdim edildiyi vaxtdan 30 iş günü müddətində həyata keçirilməsini və bu müddət başa çatdıqdan sonra həmin bəyannamə üzrə yenidən kameral vergi yoxlamasının keçirilməsini qadağan edən müddəalar daxil edilib. Bildirilib ki, vergi orqanlarında risklərin avtomatlaşdırılmış qaydada emalı sisteminin tətbiqinə başlanılıb və bu da bəyannamələrin 30 gün müddətində kameral qaydada yoxlanılmasına imkan verəcək. Vergi ödəyicisi tərəfindən bəyannamə təqdim edildiyi tarixdən 30 gün sonra vergi orqanları tərəfindən aşkar olunmuş hər hansı uyğunsuzluq barədə vergi ödəyicisində kameral yoxlama keçirilmədən ona həmin uyğunsuzluq barədə 5 iş günü ərzində bildirişin göndərilməsi də vergi ödəyicilərinin hüquqlarının qorunmasına xidmət edir.

Nazir deyib ki, vergi ödəyicilərində aparılan səyyar vergi yoxlamalarının başa çatmasına baxmayaraq, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda növbədənkənar vergi yoxlaması keçirilə bilər. Bu zaman keçirilən vergi yoxlaması ilə büdcədən yayındırılmış vergi məbləğləri dövlət büdcəsinə bərpa edilməklə, həmin yayındırılmış məbləğə 50 faiz miqdarında maliyyə sanksiyası tətbiq edilir. Məcəlləyə təklif edilən könüllü vergi açıqlaması ilə bağlı müddəaların tətbiqi vergi ödəyicilərini belə sanksiyalardan azad edəcək.

Könüllü vergi açıqlaması vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama ilə aşkar olunmamış səhvlərin, o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması hallarının vergi ödəyicisi tərəfindən könüllü olaraq bəyan edilməsini nəzərdə tutur. Bununla bağlı Vergi Məcəlləsinə müvafiq dəyişikliklər təklif edilir ki, bu da vergi ödəyicisinə könüllü vergi açıqlaması barədə səyyar vergi yoxlamasının əhatə etdiyi dövrlərə görə bəyannamə verilməsi hüququnu verir. Həmin bəyannamə ilə könüllü açıqlanmış vergi məbləğlərinə görə vergi ödəyicisinə faiz hesablanmır və maliyyə sanksiyası tətbiq edilmir. Analoji müddəalar ABŞ-ın, əksər Avropa ölkələrinin, qardaş Türkiyənin qanunvericiliyində öz əksini tapıb.

«Nağdsız hesablaşmalar haqqında”» qanun layihəsi barədə məlumat verən F.Məmmədov deyib ki, sənədə əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Qanun layihəsinə əsasən, vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin verilməsi, «Sığorta fəaliyyəti haqqında»” və «İcbari sığorta haqqında»” qanunlarla müəyyən edilmiş ödənişlər, dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən işəgötürən tərəfindən ödənilən qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar, stasionar telefon xidmətləri və kommunal xərclərin ödənilməsi, faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla) və digər ayırmaların ödənilməsi və qaytarılması, dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi), təhsil haqlarının ödənilməsi, turagentlərə ödəmələr yalnız nağdsız qaydada aparılmalıdır.

Nazir vurğulayıb ki, bu qanunun tələblərinin pozulmasına görə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə aparılan əməliyyatların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyasının tətbiq edilməsi ilə bağlı Vergi Məcəlləsinə müvafiq maddə daxil edilib.

Bildirilib ki, qeyd edilənlərlə yanaşı, banklardan nağd pul vəsaitlərinin çıxarılmasının məhdudlaşdırılması məqsədilə Vergi Məcəlləsinin layihəsinə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə banklar və poçt rabitəsinin milli operatorları tərəfindən bir faiz dərəcəsi ilə sadələşdirilmiş verginin tutulmasına dair müddəa da daxil edilib. Nağd ödənişlərin məhdudlaşdırılması dünyanın əksər ölkələrinin, o cümlədən Fransa, İtaliya, İspaniya, Belçika, Çexiya, Slovakiya, Qazaxıstan və sair dövlətlərin qanunvericiliyində də nəzərdə tutulub. Qanun layihəsində nağd qaydada xərclərin çəkilməsinə məhdudiyyətin qoyulması və pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına bir faiz dərəcə ilə sadələşdirilmiş verginin tutulması vətəndaşlara deyil, yalnız vergi ödəyicilərinə münasibətdə tətbiq olunacaq. Bu dəyişikliklər bütövlükdə ölkədə nağdsız əməliyyatların həcminin artmasına, bankların maliyyə vəziyyətinin yaxşılaşmasına, onların likvidliyinin təmin edilməsinə, pul dövriyyəsinin tənzimlənməsinə, büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın təmin edilməsinə, əməkhaqlarının və digər ödənişlərin leqallaşmasına və nəticədə ölkənin beynəlxalq reytinqinin daha da artırılmasına şərait yaradacaq.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq və digər oxşar fəaliyyətlə məşğul olanlar sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdir. Bu fəaliyyət növləri üzrə fiziki şəxslər sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ ödəyəcəklər. Qeyd etmək lazımdır ki, bu qayda müğənnilərə şamil edilməyəcək.

Bir sıra digər fərdi xidmətlər göstərən şəxslərin də Vergi  Məcəlləsi ilə müəyyən ediləcək məbləğlərdə aylıq sabit vergi ödəyəcəkləri nəzərdə tutulur. Bu, vergi inzibatçılığının sadələşdirilməsinə və vergi ödəyicilərinin öz vergi öhdəliklərini bəyannamə təqdim etmədən, çox rahat bir şəkildə yerinə yetirməsinə imkan verəcək.

Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliyə əsasən, mühərrikin həcmi 2000 kubsantimetrədək olan minik avtomobilləri üçün aksizin dərəcəsi 0,20 manat məbləğində dəyişdirilmədən saxlanılıb. Mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 400 manat və əlavə olaraq mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 3 manat aksiz dərəcəsi müəyyənləşdirilib. Mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 3400 manat və əlavə olaraq mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 8 manat aksiz dərəcəsi müəyyənləşdirilib. Mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 11400 manat və əlavə olaraq mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 20 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 31400 manat və əlavə olaraq mühərrikin həcminin 5000 kubsantimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə 40 manat aksiz dərəcəsi müəyyənləşdirilib. İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrin mühərrikinin həcminin hər kubsantimetrinə görə aksizin mövcud dərəcəsi iki dəfə artırılaraq 6 manat məbləğində müəyyənləşdirilib.

«”Elektron ticarət haqqında»”” qanun layihəsi elektron ticarətin əhatə dairəsinin genişləndirilməsini, elektron ticarətin əsas iştirakçılarından olan kart təşkilatının, təcrübədə geniş tətbiq edilən pul kisəsinin anlayışını, habelə elektron ticarətin iştirakçısı olan satıcıya dair tələbləri müəyyən edən normaları özündə ehtiva edir.

F.Məmmədov qeyd edib ki, Vergi Məcəlləsinə rəqəmsal iqtisadiyyat çərçivəsində aparılan əməliyyatların vergiyə cəlb edilməsinin işlək mexanizmini müəyyən edən müddəaların əlavə edilməsi nəzərdə tutulur. Layihəyə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə, habelə elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsinə görə ƏDV-nin alıcısının olduğu yerdə vergiyə cəlb edilməsi ilə bağlı müddəa da daxil edilib. Həmin müddəalara əsasən vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən yerli bank, xarici bankın Azərbaycandakı filialları və ya poçt rabitəsinin milli operatoru tərəfindən qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı, alıcının vəsaiti hesabına tutulmalı və büdcəyə ödənilməlidir. Beləliklə, qeyd edilən dəyişikliklə elektron ticarət aparan vergi ödəyicilərinə şəffaf nəzarətin təmin edilməsinə, rezident və qeyri-rezident elektron ticarət iştirakçıları arasında diskriminasiyanın aradan qaldırılmasına nail olunacaq.

İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, vergi siyasəti ölkənin iqtisadi siyasətinin bir parçası kimi, onun məqsədlərinə nail olmaqda böyük rol oynayır. Vergi siyasətinə İqtisadiyyat Nazirliyi yalnız fiskal və fiskal məqsədlərə çatmaq nöqteyi-nəzərindən deyil, eyni zamanda, iqtisadi inkişafın davamlılığının təmin edilməsi, onun dəstəklənməsi və iqtisadi siyasətin yürüdülməsinin bir aləti olaraq baxır.

Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov isə qeyd edib ki, idxal mallarından buğda və buğda ununun, eyni zamanda, daxil olan məmulatların ƏDV-dən üç il müddətinə azad edilməsi bugünkü reallığa tam uyğundur. Bildirib ki, avtonəqliyyat vasitələrinə aksiz vergisinin tətbiq edilməsi də önəmli hallardan biridir. Bu gün Azərbaycan ərazisində 2 milyona yaxın avtonəqliyyat vasitəsi var. Mühərrikinin həcmi daha yüksək olan lüks avtonəqliyyat vasitələrinin aksizlərinin qaldırılması məsələsi vacibdir. Ötən ilin 11 ayında mühərrikinin həcmi 5000 kubsantimetrdən yüksək olan 160 avtonəqliyyat vasitəsi idxal edilib, onun 10-u güzəştli qaydada, yəni, diplomatik xidmətlərə görə gətirilib.

Sonra deputatlar qanun layihələri ətrafında fikir və təkliflərini səsləndiriblər.

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında müzakirə olunaraq qəbul edilib.