Vergiler.az

«Yaşıl dəhliz» layihəsi təqdim edildi

 

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində KİV nüma­yəndələri üçün şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinə «Yaşıl dəhliz» prinsipi ilə göstəriləcək xidmətlərlə bağlı təqdimat mərasimi keçirilib

Vergilər nazirinin müşaviri, Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi Ələkbər Məmmədov bildirib ki, layihənin tətbiqində məqsəd şəffaflığa, innovativ xidmətlərə və sadə inzibatçılığa nail olmaqdır. Prezident İlham Əliyevin imzaladığı «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi  haqqında»”” sərəncam vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması məqsədilə vergi sistemində islahatların davam etdirilməsini, ölkədə könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə nail olunmasını nəzərdə tutur: «”Sərəncamın əsas istiqamətlərindən biri vergi ödəyicilərinə göstərilən xidmətlərin çeşidinin və keyfiyyətinin artırılmasıdır. Bunun üçün əsas hədəf vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin daha şəffaf qurulması və üst səviyyəyə çatdırılması, nümunəvi vergi ödəyicilərinə münasibətdə vergi inzibatçılığının sadələşdirilməsidir”»”.

Qeyd olunub ki, şəffaf vergi partnyorluğu prinsipi əsasında fəaliyyət göstərən vergi ödəyiciləri ilə aparılacaq işlərin, onlara göstəriləcək xidmətlərin müəyyən edilməsi üçün vergilər nazirinin əmri ilə təsdiq olunan qaydalar şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinin müəyyən edilməsi meyarlarını, onlara göstəriləcək xidmətləri və digər məsələlər üzrə prosedurları tənzimləyir. Bununla yanaşı, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində və 1 saylı Vergilər Departamentində «Şəffaf vergi partnyorluğu» idarələri yaradılıb və yanvarın 1-dən bu idarələrdə partnyor vergi ödəyicilərinə xidmət göstəriləcək: «”Vergi ödəyiciləri «”partnyor vergi ödəyicisi statusu”na» malik olmaq üçün bir sıra meyarlara cavab verməlidirlər. Belə ödəyicilər, ilk növbədə, vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etməli, vergiləri tam həcmdə və vaxtında ödəməli, işçilərinin sayını və onların əmək haqlarını düzgün bəyan etməli, gücləndirilmiş elektron imzaya sahib olmalı, mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına uyğun, yazışmaları isə əsasən elektron şəkildə aparmalı, saxta sənədlər qəbul və təqdim etməməli, son 3 ildə barəsində cinayət təqibi olmamalıdır»”.

«Yaşıl dəhliz» prinsipinin üstünlükləri barədə danışan Ə.Məmmədov bildirib ki, xidmət mərkəzlərində «Yaşıl dəhliz» masası, eləcə də nazirliyin Çağrı Mərkəzində ayrıca xətt fəaliyyət göstərəcək, müraciətlərə baxılma müddəti Vergi Məcəlləsinə və «İnzibati icraat haqqında» Qanuna uyğun olaraq müəyyən edilmiş müddətdən üç dəfə tez olacaq. Vergi ödəyicisi vergi orqanlarına müraciət etdikdə həmin müraciət araşdırılacaq və vergi ödəyicisinin fəaliyyəti qaydalarda göstərilən meyarlara uyğun gəldiyi halda, ona «Partnyor vergi ödəyicisi statusunun əldə edilməsi barədə»” bildiriş göndəriləcək, uyğun gəlmədiyi halda isə onun fəaliyyətinin bu qaydaların göstərilən meyarlara tam və ya qismən uyğun olmaması barədə məlumat veriləcək: «Partnyor ödəyicilərə xidmətlər ərazi məhdudiyyəti nəzərə alınmadan «Yaşıl dəhliz»” prinsipi əsasında göstəriləcək. Vergi ödəyicisinin istəyinə uyğun olaraq ünvanlı xidmət onun iş yerində də həyata keçirilə bilər. Belə ödəyicilərə ənənəvi və innovativ üsullarla xidmətlər göstəriləcək. Ənənəvi xidmətlərə şifahi xidmətlər, elektron xidmətlər, sənəd qəbulu, hazır sənədlərin verilməsi, elektron sənəd mübadiləsi xidmətləri, SMS vasitəsilə məlumatlandırma və ünvanlı xidmətlərin göstərilməsi daxildir. Ənənəvi xidmətlərlə yanaşı, İKT-nin son nailiyyətlərinə əsaslanan innovativ xidmətlərin də təqdim edilməsi nəzərdə tutulur. Belə xidmətlərə videobağlantılar, Çağrı və xidmət mərkəzlərində növbəsiz və sürətli xidmətlərin göstərilməsi, partnyor ödəyicilərin müraciəti əsasında onlar üçün «dəyirmi masa»”, seminar və konfransların təşkili, xüsusi təlim proqramlarının hazırlanması və s. aiddir»”.

Bildirilib ki, koordinasiya işlərinin təşkili məqsədilə hər bir partnyor ödəyici üçün aidiyyəti vergi strukturundan ayrılmış kuratorlar vasitəsilə ünvanlı xidmətlər göstəriləcək: «Bununla yanaşı, kurator partnyor ödəyicilərin vergi qanunvericiliyində baş vermiş dəyişikliklərlə bağlı və vergi qanunvericiliyinə riayət etmələri istiqamətində məlumatlandırma-izahat tədbirləri, o cümlədən qabaqlayıcı tədbirlər həyata keçirəcək, yazılı müraciətlərin cavablandırılmasını təmin edəcək, vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin partnyor ödəyicilərin iştirakı ilə müzakirə edilməsini və zərurət yarandıqda Vergilər Nazirliyinin müvafiq struktur vahidinin nümayəndələrinin iştirakı ilə birgə görüşlərin təşkil edilməsi ilə bağlı struktur bölmənin rəhbərliyi qarşısında məsələlər qaldıracaq, xidmətlərin göstərilməsi prosesində hər hansı uyğunsuzluq və ya anlaşılmazlıq yaranarsa, bu məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görəcək».

Hal-hazırda Bakı şəhərində belə tələblərə cavab verən ödəyicilərin sayının 400-dən çox olduğunu bildirən vergilər nazirinin müşaviri hazırda yerli vergi orqanlarında analoji qurumların yaradılması ilə bağlı təkliflər hazırlandığını və yaxın vaxtlarda müzakirəyə çıxarılacağını diqqətə çatdırıb. Qeyd olunub ki, vergi qanunvericiliyinə riayət edilməklə könüllü əməletmənin təmin olunması və vergi ödəyicilərinin partnyor ödəyici kimi fəaliyyət göstərmələrinin stimullaşdırılması, həmçinin vergi ödəyicilərinin, ümumilikdə əhalinin məlumatlandırılması, maarifləndirilməsi və təbliğat işlərinin aparılması məqsədilə partnyor ödəyicilərin razılığı əsasında onların siyahısı mütəmadi olaraq Vergilər Nazirliyinin rəsmi internet saytı, sosial şəbəkələrdəki səhifələri və digər kütləvi informasiya vasitələri ilə yayımlanacaq.

 «Yaşıl dəhliz»” layihəsinin uğurlu tətbiqi ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına, könüllü vergi əməl­etməsinin artmasına və cəmiyyətdə vergi mədəniyyətinin daha da yüksəlməsinə səbəb olacaqdır.  

AYTƏN