Vergiler.az

Türkiyə nümayəndələri Vergilər Nazirliyində olublar

 

Vergilər Nazirliyində Türkiyə Respublikası Maliyyə Nazirliyinin Gəlir İdarəsi Başkanlığının nümayəndə heyəti

ilə görüş keçirilib. Vergilər nazirinin müavini Sahib Ələkbərov qonaqları salamlayaraq, onlara ölkədə həyata keçirilən vergi siyasəti barədə məlumat verib. Bildirilib ki,  Azərbaycan Respublikası Prezidentinin göstərişlərinə uyğun olaraq, vergi orqanları tərəfindən sahibkarlığın inkişafının dəstəklənməsi, daha əlverişli biznes mühitinin formalaşdırılması, investisiya qoyuluşlarının stimullaşdırılması, vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan çevik və şəffaf mexanizmlər əsasında qurulması məqsədilə bir sıra mühüm addımlar atılıb, o cümlədən vergi qanunvericiliyi və inzibatçılığında ciddi dəyişikliklər edilib.

Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət sahəsində apardığı işlərə toxunan nazir müavini bildirib ki, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə iri şəhər və rayonlarda vergi ödəyiciləri üçün 57 xidmət mərkəzi yaradılıb, vergi ödəyicilərinə 63 elektron xidmət göstərilir.

Nazir müavini Vergilər Nazirliyi yanında Çağrı Mərkəzinin fəaliyyəti barədə məlumat verərək, mərkəzin yaradılması zamanı Türkiyə təcrübəsindən istifadə edildiyini vurğulayıb.  O, ölkələr arasında tarixi bağlılıq, sıx əməkdaşlıq və dostluq münasibətlərinə toxunaraq, ikitərəfli əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib. Qeyd edilib ki, artıq Azərbaycanda vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin artırılması məqsədilə intizamlı vergi ödəyicilərinə xidmətin «Yaşıl dəhliz» prinsipi əsasında həyata keçirilməsinə başlanılıb. Bu məqsədlə şəffaf vergi partnyorluğu idarələri yaradılıb və fəaliyyəti şəffaf olan digər vergi ödəyicilərinə də münasibətdə «Yaşıl dəhliz» prinsipi əsasında xidmətlərin göstərilməsi təmin ediləcək.

Türkiyə Respublikası Maliyyə Nazirliyinin Gəlir Administrasiyasının rəhbərinin müavini Mahmut Sütçü səmimi qəbula görə təşəkkür edərək təmsil etdiyi qurumun fəaliyyəti, vergi siyasətinin əsasları, vergi ödəyiciləri ilə işin təşkili, Türkiyə hökumətinin bu sahədə həyata keçirdiyi islahatlar barədə məlumat verib.

Vergilər Nazirliyinin  Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin və Türkiyə Respublikası Maliyyə Nazirliyinin Gəlir Administrasiyasının Vergi ödəyicilərinə xidmət idarəsinin nümayəndələri vergi ödəyicilərinə xidmət sahəsində keçirdikləri tədbirlər barədə, Türkiyə nümayəndə heyətinin rəhbəri Mahmut Sütçü isə «Bəzi vergi borclarının yenidən strukturlaşdırılması» mövzusunda təqdimatla çıxış ediblər. Təqdimat zamanı borclu vergi ödəyiciləri ilə iş prinsipi, bu sahədə mövcud qanunvericilik və  vergi borclarının yenidən strukturlaşdırılması işləri barədə məlumat verilib.

Görüşdən sonra qonaqlar Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Xidmət və uçot idarəsinin, habelə Tədris Mərkəzinin və Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinin fəaliyyəti ilə tanış olublar.

Qonaqların səfər proqramına Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin «ASAN xidmət» Mərkəzinin fəaliyyəti ilə tanışlıq da daxildir.