Vergiler.az



Azərbaycanda vergi risklərinin təhlili sistemi Avropa standartlarına uyğundur

 

«İnsan resurslarının inkişafı üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək» tvinninq layihəsinin Azərbaycan tərəfindən layihə rəhbəri, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Asəf Əsədovun «Ver­gilər» qəzetinə müsahibəsi

 

- Asəf müəllim, layihə çərçivəsində Fransa və İspaniyada səfərlərdə olmusunuz. Həmin ölkələrin vergi sistemində maraq doğuran hansı əsas xüsusiyyətləri qeyd etmək olar?

 

- Hər iki ölkədə vergi risklərinin təhlili sahəsində tətbiq olunan müasir innovativ vasitələr, avtomatlaşdırılmış informasiya texnologiyaları sistemi Azərbaycanın vergi orqanı əməkdaşları üçün ətraflı bilgi əldə edilməsi baxımından faydalı ola bilər. Fransada vergi riskləri üzrə ixtisaslaşmış vergi mütəxəssisləri, o cümlədən Vergi Administrasiyasının məlumatların təhlili və üsulların tətbiqi üzrə xüsusi müşaviri Filip Şellə görüşlərdə vergi risklərinin təhlili və məlumat mənbələrinin onlayn rejimdə iş fəaliyyətini öyrənmək imkanımız oldu. Bu ölkənin vergi administrasiyasında informasiya texnologiyaları üzrə iki böyük proqram təminatı qurulub: «Sirus Pro» proqramının əsas xüsusiyyəti korporotiv şirkətlərin risklərini təhlil etməkdir, «Sirus Par» sisteminin köməyi ilə isə fiziki şəxslərin fəaliyyətindəki risklərin təhlili aparılır. Ümumiyyətlə, risklərin analizinin müxtəlif mənbələrdən daxil olan məlumatların qarşılıqlı şəkildə yoxlanılması və fiziki şəxslərin təqdim etdiyi bəyannamələrlə üzləşdirilib müqayisə edilməsi Fransanın vergi sistemi üçün xarakterik cəhətdir. Bu ölkədə bəyannamələr fiziki şəxslər tərəfindən deyil, ailə tərəfindən elektron formada təqdim edilir. Bəyannamələrdə ödəyicinin gəlir, əmlak, dividend və digər vergilərə dair məlumatları administrasiyanın üçüncü şəxslərdən əldə etdiyi məlumatlarla müqayisə olunur, bu yolla vergidən yayınma halının olub-olmaması müəyyən edilir.

Fransanın vergi sistemində yoxlamalarla bağlı institusional üsulların tətbiqi də maraq doğuran məsələlərdəndir. Bu sahədə risk analizi ilə məşğul olan strukturlar milli, regional və yerli (rayon) səviyyəyə bölünüb. Milli səviyyədə ən iri şirkətlər - ümumi dövriyyəsi 400 milyon avrodan yuxarı olan 38 min müəssisə yoxlanılır. Onların təqdim etdikləri məlumatlar 300 nəfərin çalışdığı xüsusi departamentdə (DNEF) toplanılır və bunun əsasında audit aparılır. Təhlillər göstərir ki, departamentin il ərzində şirkətlərin yoxlanılması nəticəsində əlavə hesabladığı vergilərin həcmi 158 milyon avro təşkil edib.

Rayon səviyyəsində isə gəlirləri daha az olan şirkətlər yoxlanılır. Yerli səviyyədə fəaliyyət göstərən qurumun əsas işi bəyannamələri və məlumatları yoxlamaqdır. Bu qurumun nəzdində fəaliyyət göstərən 529 şöbə  il ərzində təxminən 400 min müəssisəni yoxlayır. Departamentdə 2015-ci ildə 17 milyon ailənin təqdim etdiyi 37 milyon bəyannamə yoxlanılıb, nəticədə fiziki şəxslərin gəlir vergisi üzrə əlavə hesablanmış vergilərin məbləği 76 milyon avro təşkil edib, gəlirləri 1,3 milyon avrodan artıq olan 340 min şəxsdən isə əlavə 5 milyon avro vergi alınıb. Administrasiyada fiziki şəxslərin təqdim etdikləri bəyannamələri yoxlamaqla məşğul olan 535 ayrıca qurum fəaliyyət göstərir. 

Fransanın vergi administrasiyasında 300 nəfər işçisi olan ayrıca bir departament (DNVSF) yalnız varlı fiziki şəxslərin (illik gəlirləri 2 milyon avrodan çox olan) bəyannamələrinin təhlili və auditi ilə məşğul olur. 512 işçisi olan başqa bir departament (DNVİ) isə yalnız auditlə məşğuldur və fırıldaqçılıq hallarını müəyyən edir. Bu ölkənin vergi sistemində audit departamenti vergi cinayətlərinin ibtidai araşdırılması ilə də məşğuldur.

 

- Fransada hansı vergi növləri mövcuddur və burada  bəyannamə sistemi necə qurulub?

- Fransada vergilərlə bağlı 3 sistem:  standart, sadələşdirilmiş və mikromüəssisələr üçün xüsusi vergi sistemi mövcuddur. Bu ölkədə vergi dərəcələri eynidir. Vergi növləri isə Azərbaycanda olduğu kimidir, lakin ƏDV ilə bağlı diferensial vergi tətbiq edilir, müxtəlif qida malları üzrə aşağı ƏDV tutulur. Gəlir vergisi isə daha çox proqressiv səciyyəlidir, bu vergi növü gəlir mənbəyindən asılı olaraq çoxşaxəlidir və fərqli dərəcə ilə tətbiq olunur.

Bəyannamə sisteminə gəlincə, böyük və kiçik müəssisələrin bəyannamə təqdim etməsində fərqlilik var. Bu, dövriyyədən asılı olaraq fərqlənir. Ayda 40 min avrodan çox ƏDV ödəyən şirkətlər hər ay, həmin məbləğdən az dövriyyəsi olan müəssisələr isə rüblük bəyannamə təqdim edir. Dövriyyəsi ayda 15  min avrodan az olan ƏDV ödəyiciləri ildə bir dəfə bəyannamə təqdim edirlər. Ölkədə standart rejimi ilə müqaisədə sadələşmiş vergi rejimlərinin mühasibat sistemləri daha sadədir. İri şirkətlərin hazırladığı bəyannamələr 18-28, sadələşdirilmiş vergi ödəyiciləri üçün 2-3 səhifədir. Sadələşdirilmiş vergi rejimində xüsusi maraq doğuran bir məqam isə illik gəlirləri 82 min avrodan yüksək, 783 min avrodan aşağı olan şirkətlərə tətbiq edilən yanaşma ilə bağlıdır. Həmin şirkətlər əsasən ticarət sektorunu əhatə edir. Xidmət sektorunda isə bu interval 32-236 min avrodur. Həmin şirkətlərin hamısı sadələşdirilmiş vergi ödəyiciləridir. Ticarət sektorunda illik dövriyyəsi 82 min, xidmət sektorunda isə 33 mindən aşağı olan şirkətlər mikromüəssisələr hesab olunur. Onlar ƏDV, mənfəət  və digər vergilər üzrə bəyannamə təqdim etmirlər. Ticarət sektorunda müəssisənin xərcləri gəlirlərinin 75%-ni, xidmət  sektorunda isə 50%-ni təşkil edir. Xərclər gəlirdən çıxıldıqdan sonra şirkətin mənfəəti sadələşdirilmiş vergiyə cəlb olunur. Ailə müəssisələrinin vergi ödəmələri isə daha aşağı məbləğ təşkil edir. Məsələn, bir işçisi olan mikromüəssisənin illik gəliri 26 min avrodan azdırsa, o, ümumi dövriyyədən cəmi 1% vergi ödəyir. İşçilərinin sayı 2, illik gəlirləri 82 min avrodan az olan mikromüəssisə isə 1,7% -lə vergiyə cəlb olunur. 3 işçisi və illik gəlirləri 80 min avrodan az olan müəssisə 2% vergi ödəyir.

 

- Bəs İspanyanın vergi sisteminin özünəməxsusluğu nədən ibarətdir?

- İspaniya Vergilər Agentliyinin İnsan resurslarının idarə edilməsi üzrə fəaliyyət istiqamətləri, vergi risklərinin təhlilində əldə olunmuş zəngin təcrübə və digər amillərə əsaslanaraq deyə bilərəm ki, bu ölkə təhlil və vergi fırıldaqçılığının araşdırılmasında çox yaxşı sistem qurub. İspaniya 15 il əvvəl Avropada ilk dəfə ƏDV üzrə elektron hesab-faktura sistemini tətbiq edib və  Azərbaycan da bu təcrübədən yararlanıb. Bilik menecmentinə əsaslanan «Zuxar» adlı avtomatlaşdırılmış informasiya sistemi risklərin təhlilində və auditin aparılmasına geniş imkanlar yaradır. «Zuxar» proqramından İspaniya Vergilər Agentliyi vergidən yayınma hallarının müəyyənləşdirilməsində də istifadə edir. Sistem müxtəlif mənbələrdən informasiya toplayır. Vergi ödəyicisinin qalıq və dividentləri barədə bank, müxtəlif şirkətlərdən daxil olan məlumatlar bu sistemdə avtomatik əldə olunur. İspaniyada 15 yaşı tamam olan hər bir şəxsin fiskal kodu olur və burada bütün zəruri maliyyə məlumatları toplanır. Bu ölkənin qanunvericiliyinə əsasən, ticarət mərkəzlərində 3 min avrodan artıq alış-veriş edən şəxs barəsində məlumatlar fiskal kodda eyniləşdirilir və «Zuxar» sistemində qeydə alınır.

İspaniya böyük turizm ölkəsi olduğundan hər bir vətəndaşın illik istifadə etdiyi kommunal xərclər barədə məlumatlar da vergi orqanına təqdim edilir. Bu yolla vətəndaşın əmlakını icarəyə verib-verməməsi müəyyən olunur. Əgər kimsə evini icarəyə verib gizlədirsə, kommunal xərclərin illik istehlakını müqayisə etməklə bunu aydınlaşdırmaq mümkündür. Ümumiyyətlə, İspaniyada vergi risklərinin təhlili zamanı mənbələrin müxtəlifliyinə, dürüstlüyünə  və dəqiqliyinə böyük diqqət yetirilir. Məlumatlar əldə olunduqdan sonra onların təhlil üsulları da xüsusi institusional mexanizm üzrə aparılır. 

İspaniyanın vergi sistemində 2000-dən çox işçisi olan İnformasiya texnologiyaları departamentinin də mühüm rolu var. Sistemdə il ərzində 50 milyona yaxın bəyannamə toplanır. Departament 30 saniyə -1 dəqiqə əzində istənilən məlumatı təqdim etmək imkanına malikdir. Azərbaycanın vergi orqanı əməkdaşları tvinninq layihəsi çərçivəsində həmin departamentin iş təcrübəsini dərindən mənimsəyib.

 

- Ölkəmizin vergi sistemində risklərin təhlili sahəsində vəziyyəti necə qiymətləndirmək olar?

- Azərbaycanda vergi risklərinin təhlili sistemi yaxşı qurulub və heç də Avropa ölkələrindən geridə qalmır. Hətta Azərbaycanın vergi sistemində bəzi üstün məqamlar (xüsusilə də kiçik və orta müəssisələrin vergi boşluğunun hesablanması) Fransa və İspaniyada yoxdur. Sadəcə, onların məlumat mənbələri bizdəkindən çoxdur. Məlumat mənbələrinin çeşidinin artırılması istiqamətində iş aparmalıyıq. Çünki risklərin təhlili birbaşa məlumat bazasının güclü olmasından çox asılıdır.

Bundan başqa, ölkəmizin vergi sitemində risklərin təhlili baxımından qarşılıqlı əlaqələri olan şirkətlərin məlumatlarını əks etdirən vizuallaşdırılmış modulun yaradılması da məqsədəuyğundur.

 

- Bu ölkələrlə Azərbaycanın vergi sistemində əsas fərqlər nədən ibarətdir?

- Fransa və İspaniyada ümumi bəyannamə sistemi mövcuddur ki, bu da vergi administrasiyası üçün çox vacib faktordur. Ümumi bəyannaməyə keçmək üçün məlumatların üçüncü şəxsdən əldə olunması əsas şərtdir. Həmin mənbələr bank, elektrik, yanacaq,  qaz, kommunal xidmət müəssisələri, əmlak, sığorta və digər təşkilatlardır. Onların hər birinin təqdim etdiyi məlumatların AVİS-ə inteqrasiyasını qurmaq lazımdır. Digər tərəfdən, bu qurumların məlumatları təqdim edilməzdən əvvəl yoxlanılmalı, dəqiqliyi müəyyənləşdirilməli, bir formatda AVİS-ə daxil edilməli, yalnız bundan sonra təhlil olunmalıdır. Bu prosesə keçmək üçün Vergilər Nazirliyinin bütün strukturları, departament və ərazi vergi idarələri birgə işləməlidir.

 

- Asəf müəllim, artıq Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək» tvininnq layihəsi başa çatdı. Qarşıdakı dövrdə Fransa və İspaniyanın vergi administrasiyaları ilə əməkdaşlıq hansı sahələrdə davam etdirilə bilər?

- 2014-cü ilin sentyabr ayından tətbiqinə başlanan və 27 ay davam edən layihə çərçivəsində mühüm işlər görüldü. İspaniya və Fransanın vergi administrasiyaları ilə birgə həyata keçirilən layihəyə əsasən, Azərbaycanın vergi sistemində insan resurslarının uzunmüddətli inkişaf strategiyası hazırlandı. İnsan resurslarının inkişafı və səmərəli idarəetmədə tənzimləyici rol oynayan ən müasir normativ qaydalar və metodoloji toplu ərsəyə gəldi. İnsan resurslarının inkişafı ilə bağlı tədbirlər planına uyğun olaraq, işçi heyətinin peşəkarlıq səviyyəsinin daim artırılmasını təmin etmək üçün Azərbaycanda Avropa İttifaqının ən müasir təcrübəsinə uyğun və müasir informasiya texnologiyalarına əsaslanan dayanıqlı təhsil və çoxpilləli treninq sistemi tətbiq edilməkdədir. Layihənin son 3 ayı ərzində elektron ticarətin vergiyə cəlb edilməsi, risklərin təhlili üsulları, çirkli pulların yuyulması, məlumat bazaları,  transfer pricing və s. bu kimi mürəkkəb funksional sahələr üzrə İspaniya və Fransa vergi administrasiyalarının mütərəqqi təcrübəsi dərindən öyrənildi. Ümumiyyətlə, layihənin icrası müddətində nazirliyin 150 əməkdaşı iştirakçısı olduğu 35 işçi seminar və görüşdə 30 mövzu üzrə ən son təcrübə ilə yaxından tanış olub.

 

- Avropa İttifaqı əməkdaşlığın davamı olaraq Azərbaycanın vergi sistemində hansı yeni layihəni həyata keçirməyi nəzərdə tutur?

- Gələn ildən ölkəmizdə «Transfer pricing» (transfer qiymətləndirmə) tvinninq layihəsinin icrasına başlamaq planlaşdırılır. İndiyədək bu sahə üzrə elmi seminarlar təşkil olunub, xarici ölkələrin mütəxəssislərinin iştirakı ilə beynəlxalq təcrübədə tətbiq olunan mexanizmlər öyrənilib. Ən qabaqcıl hesab edilən bu təcrübənin Azərbaycanda tətbiqi istiqamətində işlər aparılır. Transfer qiymətqoyma üzrə qanunvercilik və inzibatçılıq prosedurlarının yaradılması üçün Avropa İttifaqının tvinninq yardım aləti çərçivəsində müvafiq layihənin həyata keçirilməsi barədə razılıq əldə olunub. Avropa İttifaqı dördüncü tvinninq layihəsinin həyata keçirilməsini maliyyələşdirməyə razılıq verib. Layihə çərçivəsində Fransa və İspaniyanın vergi administrasiyaları ilə əməkdaşlıq da nəzərdə tutulur. Hər iki ölkənin bu sahədə yaxşı təcrübəsi olduğu üçün onlardan transfer qiymətqoymanın tətbiqi mexanizmlərini öyrənmək olar. Əminliklə demək olar ki, sözügedən layihənin icrası şəffaflığın və vergi daxilolmalarının həcminin artmasını təmin edəcək.

Müsahibəni hazırladı: Elbrus CƏFƏRLİ