Vergiler.az



Vergi əməkdaşlarının peşəkarlığının yüksəldilməsinə diqqət artırılır

 

Dekabrın 16-da Vergilər Nazirliyində Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidməti ilə birlikdə «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə» mövzusunda praktiki təlim keçilib. Təlim vergilər nazirinin 20 aprel 2016-cı il tarixli əmri ilə təsdiq edilmiş «Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi sahəsində 2016-cı il üçün Tədbirlər Planı» çərçivəsində  səyyar vergi yoxlaması aparan vergi orqanlarının aidiyyəti vəzifəli şəxsləri üçün təşkil olunub.

Vergi orqanlarının 81 əməkdaşının iştirak etdiyi təlimdə iştirakçılara səyyar yoxlamanın metodiki əsasları, səyyar yoxlamanın predmeti, formaları, zərurət yarandığı təqdirdə tələb olunan sənədlərin tərtibatı, səyyar yoxlama ilə əhatə olunan məsələlər və yoxlamanın aparılması, nəticələrin rəsmiləşdirilməsi və nəticələr üzrə görülən tədbirlər barədə məlumat verilib, qanunsuz yolla əldə edilən pulların yuyulması, çirkli pulların yuyulma sahələri və metodları, bu sahədə aparılan digər əməliyyatlar barədə təqdimatlar edilib.