Vergiler.az

Tədris Mərkəzində elmi seminar

 

Vergilər Nazirliyinin Tədris Mərkəzində «Kiçik biznesin vergiyə cəlb edilməsinin praktiki aspektləri (beynəlxalq təcrübə)» mövzusuna  həsr olunmuş tədbir keçirilib.  Mərkəzin «İqtisadiyyat və menecment» kafedrasının müdiri, kiçik vergi xidməti müşaviri İmran Qarayev bildirib ki, seminarın məqsədi ölkəmizdə kiçik sahibkarlığın tənzimlənməsində vergitutma amillərinin rolunu təhlil etməkdir. Azərbaycanda kiçik sahibkarlıq subyektlərinin mövcud vəziyyətinin təhlili və onun inkişaf meyillərinin üzə çıxarılması, sahibkarlıq mühitinin, sahibkarlığın regional strukturunun və inkişaf dinamikasının, dövlət tənzimlənməsi tədbirlərinin sistemliliyinin təhlili aktuallıq kəsb edir.

Qeyd olunub ki, işçilərinin sayı 25 nəfərədək və illik gəliri 200 min manatadək olan sahibkarlıq subyektləri kiçik, işçilərinin sayı 25 nəfərdən 125 nəfərədək, illik gəliri 200 min manatdan 1250 min manatadək olan sahibkarlıq subyektləri orta, işçilərin sayı 125 nəfər və ondan yuxarı və illik gəliri 1250 min manat və ondan yuxarı olan sahibkarlıq subyektləri iri sahibkarlar sayılır. Ölkədə kiçik müəssisələrin sayı 2011-ci ildə 60.223 olduğu halda, 2015-ci ildə bu göstərici 79.037-yə çatıb. Fərdi sahibkarların sayı isə 2011-ci ildə 364.600, 2015-ci ildə 576.906 olub.  Kiçik və orta sahibkarlıq müəssisələrinin ÜDM-də payı Azərbaycanda 9,6%, Rusiyada 21%, Malayziyada 37%, Türkiyədə 38%, Sinqapurda 50%, Avropada (EU-27) 58%, Çində isə 60%-dir.

Seminarın gedişində iştirakçıların diqqəti, həmçinin, ölkəmizdə aparılan cari iqtisadi islahatlar çərçivəsində  kiçik biznesin vergiyə cəlb olunması məsələlərinə də yönəldilib.