Vergiler.az



Fərdi xidmətlər göstərən şəxslər vergiyə cəlb olunacaq

 

Vergi sahəsində aparılan islahatların istiqamətlərindən biri uçotdan kənarda qalan sahibkarlıq fəaliyyəti sahələrinin qeydiyyata alınması, əmək müqaviləsi olmayan işçilərlə müqavilələrin bağlanmasının və onların vergi ödənişlərinin dövlət büdcəsinə ödənilməsinin təmin edilməsindən ibarətdir. Hazırda ölkəmizdə müxtəlif peşə sahələrində çalışan minlərlə vətəndaş mülki-hüquqi müqavilə ilə işləyir ki, onlar da faktiki olaraq vergi ödəmirlər. Yaxud mülki-hüquqi müqaviləsi olmayan şəxslərin də sayı kifayət qədər çoxdur və onlar da dövlət büdcəsinə vergi ödənişlərini yerinə yetirmirlər.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı təxminən 1 milyon 521 min nəfər təşkil edib, onlardan 888,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 632,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Muzdla işləyənlərin 22,1 faizi təhsil, 18,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 7 faizi tikinti, 3,1 faizi kənd və meşə təsərrüfatı, qalan 35 faizlik hissəsi isə müxtəlif peşə sahələri üzrə çalışanlar olub. Bu kateqoriyadan olan işçilərin orta aylıq nominal əməkhaqqı təxminən 489,3 manat təşkil edir.

Muzdla çalışan işçilərin hər biri vergi ödəyicisi hesab edildiyi üçün onlar hər ay gəlir vergisi ödəyir, beləliklə də öz vergi öhdəliklərini yerinə yetirmiş hesab olunurlar. Muzdlu əmək rejimindən kənarda qalan insanlar isə qeyri-leqal məşğul qrupa aid edilirlər. Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədovun sözlərinə görə, ölkədə məşğul əhalinin sayı 4 milyon 550 nəfər təşkil edir və əmək müqaviləsi ilə işləyənlərin sayı 1,5 milyondur. Yerdə qalan 3 milyon məşğul insan isə mülki-hüquqi müqavilə ilə işlər və xidmətlər həyata keçirənlər, qeyri-formal əmək bazarının iştirakçılarıdır: «Son illər əmək bazarında fərdi qulluqçuların, ev işçilərinin, digər peşələrin  heç bir müqavilə və ya sənəd olmadan əməyə cəlb edilməsi halları artıb. Onların sırasında sahibkarlıq fəaliyyəti (foto, audio-video xidmətləri, repetitorluq, musiqi fəaliyyəti, bərbər və gözəllik salonları, ev qulluqçusu, xəstələrə, uşaqlara və qocalara qulluq xidməti, fərdi sürücülük, fərdi mühafizə, fərdi peşələr üzrə hazırlıq kursları, tərcümə və s.) ilə məşğul olanlar az deyil və bu şəxslər hazırda vergi ödənişlərini yerinə yetirmirlər. Qanunvericiliyə əsasən, fərdi xidmətlər göstərən bu şəxslər digər gəlir əldə edənlər kimi vergi ödəməlidirlər».

Mövcud problemin həlli məqsədilə 2017-ci ildən bir sıra fəaliyyət sahələri üçün aylıq sabit verginin tətbiqi nəzərdə tutulur. Nəzarət-kassa aparatlarının tətbiqinin mümkün olmadığı və nağd pul hesablaşmalarının aparıldığı  sahələrdə çalışan şəxslər üçün onların gəlirlərinə müvafiq aylıq sabit vergi forması müəyyən ediləcək. Sabit vergi, fiziki şəxslərin əldə etdiyi gəlirlərin həcmindən asılı olmayaraq, aylıq vahid məbləğdə müəyyən edilən vergi olacaq. Sabit verginin tətbiqi praktikası hazırda qüvvədə olan Vergi Məcəlləsində də mövcuddur (avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər üçün «fərqlənmə nişanı»nın alınması və s.).

Vergi Məcəlləsinin 220.10 -220.12-ci maddələrinə edilən əlavələrə əsasən, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növü ilə məşğul olanlar şəxs sadələşdirilmiş vergiyə cəlb olunacaq. Müğənnilər istisna olmaqla bu cür fəaliyyət növləri ilə məşğul olan şəxslərin ayda sabit olaraq Vergi Məcəlləsi ilə müəyyən olunan kiçik məbləğlərdə vergi ödəyəcəyi nəzərdə tutulur. Həmin fəaliyyət sahələrinə vergi tətbiqi vergi inzibatçılığının yüngülləşdirilməsinə və vergi ödəmələrinin bəyannamə təqdim olunmadan, çox rahat bir qaydada yerinə yetirilməsinə imkan verəcək.

Qeyd olunan sahələrin vergiyə cəlb olunmasını müsbət qiymətləndirən S.Məmmədov hesab edir ki, Vergi Məcəlləsinə əlavə və dəyişikliklərlə yanaşı,  «Sosial sığorta haqqında» Qanuna və digər normativ hüquqi aktlara müvafiq əlavə və dəyişikliklərin edilməsi də vacibdir.  

Elbrus CƏFƏRLİ