Vergiler.az

Yeni sığorta xidmətləri yaradılacaq

 

«Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji yol xəritəsi» qlobal iqtisadiyyat və maliyyə bazarlarında müşahidə edilən proseslərə çevik adaptasiya və postneft iqtisadi inkişaf modelinin dəstəklənməsi üçün maliyyə sektoru qarşısında duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanıb. «Strateji yol xəritəsi» qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək strateji baxış və tədbirlər planı, 2025-ci ilədək olan düvr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışından ibarətdir. Sənəddə müəyyən edilmiş məqsədlərə çatmaq üçün 2020-ci ilədək 5 strateji hədəf və 16 prioritet müəyyənləşdirilmişdir.

Prioritetlərdən biri sığorta bazarının inkişafı ilə bağlıdır. Azərbaycanın sığorta bazarı son illərdə ümumi iqtisadi inkişaf fonunda stabil artım nümayiş etdirsə də, onun maliyyə sektoruna və iqtisadiyyata təsiri minimum səviyyədədir. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatına əsasən, sığorta bazarında 2010-2015-ci illərdə orta illik artım tempi 20 faiz təşkil etmişdir. Ötən il Azərbaycanda sığorta haqlarının həcmi artaraq 444 milyon manat olsa da, onun ÜDM-də xüsusi çəkisi cəmi 0,8 faizdir. Sığorta haqlarının ÜDM-ə nisbətinin aşağı olmasının səbəblərindən biri sığorta şirkətlərinin müəyyən sektorlar və həmin sektorlarla bağlı risklər haqqında tam məlumatlı olmamasıdır. Bu isə sığorta şirkətlərinin həmin qruplar üçün müxtəlif məhsul təklifləri hazırlamağa maraq göstərməməsinə gətirib çıxarır.

«Strateji yol xəritəsi»ndə qeyd edilir ki, sığorta bazarının genişlənməsi, əhalinin sığorta təminatı almayan hissəsinin sığorta məhsulları ilə əhatə olunması, maliyyə xidmətlərinə çıxışın artırılması və iqtisadiyyatın şaxələndirilməsinin dəstəklənməsi məqsədilə yeni sığorta məhsullarının yaradılmasına ehtiyac var.

Kənd təsərrüfatı sığortası: Maliyyə resurslarına çıxış imkanlarının artırılmasının effektiv vasitələrindən biri kənd təsərrüfatı sahəsinə xas olan risklərin sığorta alətləri vasitəsilə azaldılmasıdır. Kənd təsərrüfatı sığortası bir tərəfdən hava şəraiti və qiymətlərin dəyişkənliyi səbəbindən fermerlərin məhsuldarlıq və mənfəətliliklə bağlı risklərini azaldır, digər tərəfdən isə kredit öhdəliklərinə xidmət imkanlarını artırmaqla sektorun kreditləşməsi potensialını yüksəldir. Kənd təsərrüfatı risklərinin sığortası ən mürəkkəb sahələrdən biri olduğundan, xüsusi bilik tələb edir. Bu səbəbdən, sığorta şirkətləri bu seqmenti yüksək riskli fəaliyyət sahəsi kimi dəyərləndirirlər. Bu sahə üzrə statistik və analitik məlumatların aşağı səviyyədə olması sektorun kreditləşməsini də çətinləşdirir. Bu baxımdan, Azərbaycanın sığorta bazarının xüsusiyyətlərinə, kənd təsərrüfatı şəraitinə və dövlət siyasətinə uyğun olan kənd təsərrüfatı sığortası modelinin seçilməsi və tətbiqi mühüm əhəmiyyətə malikdir. Kənd təsərrüfatı sığortası mexanizmi kifayət qədər böyük institut olduğundan, onun formalaşdırılması və yaradılması zamanı dövlətin aqrar sahə ilə bağlı strateji siyasəti, kənd təsərrüfatı infrastrukturunun əhəmiyyəti və s. amillər diqqətdə saxlanılmalıdır.

Mikrosığorta: Bu bazarın inkişafı aşağı gəlirli ev təsərrüfatlarına daha az sığorta haqqı müqabilində sığortalanma imkanı yaradır. Qanunvericilikdə mikrosığorta mexanizminə dair müddəa nəzərdə tutulmamışdır və bu sığorta növü inkişaf etməmişdir. Hərtərəfli normativ hüquqi çərçivə mikrosığorta bazarının inkişafı üçün vacib amildir. Bu zaman effektiv nəzarətin həyata keçirilməsi ilə yanaşı, mikrosığorta təklifinin formalaşdırılması və xidmətin effektiv şəkildə ev təsərrüfatlarına çatdırılması təşviq olunmalıdır.

Müştərək sığorta: Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri, mövcud qanunvericiliyə əsasən, «ənənəvi”, yəni kommersiya əsaslı sığorta fəaliyyətini həyata keçirsə də, qeyri-kommersiya əsaslı müştərək sığorta məhsulu təklif etmirlər. Ənənəvi sığorta riskin ötürülməsinə, əməkdaşlıq sığortası isə risklərin bölüşdürülməsinə əsaslanan sığorta münasibətləri sistemidir. Azərbaycanda qeyri-kommersiya əsaslı əməkdaşlıq sığortasının formalaşdırılmasına ehtiyac vardır.

İcbari tibbi sığorta: Sənəddə qeyd edilir ki, Azərbaycanda bir çox ölkələrin səhiyyə sistemində geniş şəkildə tətbiq olunan icbari tibbi sığortanın reallaşdırılması üçün təşəbbüs göstərilir. Bu sığorta növünün tətbiqi və idarəetmə sisteminin formalaşdırılması məqsədilə bir sıra normativ aktlar qəbul olunmuş, həmçinin Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılmışdır. Eyni zamanda, ölkə başçısının 2016-cı il 29 noyabr tarixli fərmanı ilə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. Çoxşaxəli proses olan icbari tibbi sığortanın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edən, subyektlər arasındakı münasibətləri tənzimləyən «Tibbi sığorta haqqında»” Qanun 1999-cu il 28 oktyabr tarixindən qüvvədədir. O vaxtdan bəri inkişaf etmiş ölkələrdə tətbiq olunan icbari tibbi sığorta modelləri təkmilləşdirilmiş, yeni yanaşmalar və konsepsiyalar ortaya qoyulmuşdur. Hazırda beynəlxalq təcrübədə özünü doğrultmuş icbari tibbi sığorta sistemlərində bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan maliyyələşmə, sığorta haqlarının fondlarda cəmlənməsi və idarə olunması kimi uğurlu mexanizmlər tətbiq olunmaqdadır. Bu əsasda Azərbaycanın icbari tibbi sığorta modelinin qabaqcıl təcrübəyə malik ölkələrin modelinə uyğunlaşdırılması, həmçinin seçilmiş model əsasında «Tibbi sığorta haqqında»” Qanunun  təkmilləşdirilməsi həyata keçirilə bilər.

 

Görüləcək tədbirlər

Sənəddə yuxarıda qeyd edilən sahələrin inkişafı məqsədilə görüləcək tədbirlər də yer alıb. Bu tədbirlərin həyata keçirilməsi üçün Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta sahəsi üzrə aidiyyəti qurumların iştirakı ilə yaradacaq işçi qruplar tərəfindən cari vəziyyətin diaqnostikası aparılaraq qabaqcıl beynəlxalq təcrübə araşdırılacaq, hər bir sığorta sahəsi üzrə hüquqi, tənzimləyici və institusional çərçivənin formalaşdırılması istiqamətində görüləcək işlər və hər bir sığorta sahəsi üçün əməliyyat modeli müəyyənləşdiriləcəkdir. Sığorta sistemində məlumatların toplanması, məlumat sistemləri və mübadilə prosesləri maliyyə xidmətləri sektorunda müvafiq təşəbbüslər kontekstində nəzərdən keçiriləcəkdir. Məsələn, müxtəlif risk amilləri nəzərə alınmaqla kənd təsərrüfatı sığortası məhsulları üzrə qiymətlərin təyin olunması üçün məlumat sistemi yaradılacaq. Hər bir sığorta sahəsinin inkişafı üzrə tədbirlər planı hazırlanacaq və icrasına başlanılacaqdır. İşçi qrup müəyyən edilmiş təşəbbüslərə uyğun olaraq sektorun inkişaf səviyyəsini müntəzəm şəkildə qiymətləndirəcək, bundan başqa, sığorta sektorunda əlavə sahələrə diqqət yetirilməsi imkanlarını, eləcə də sığorta siyasətindəki zəruri dəyişiklikləri davamlı şəkildə qiymətləndirəcəkdir.

 

Gözlənilən nəticə

Yeni sığorta xidmətlərinin yaradılması maliyyə vasitəçiliyinin dərinləşməsinə və inklüzivliyin artmasına təkan verəcəkdir. Kənd təsərrüfatı sektorunda risklərin sığortalanması maliyyə resurslarına çıxış imkanlarını genişləndirəcək və sektorun artımını dəstəkləyəcəkdir. Sığorta penetrasiyasının (sığorta haqlarının qeyri-neft ÜDM-ə nisbətinin) 1,4 faizə çatması müəyyənləşdirilmişdir. Prioritetin 2020-ci ildə real ÜDM-ə təsirinin, 85 milyon manat birbaşa və 40 milyon manat dolayı olmaqla, ümumilikdə 125 milyon manat olacağı gözlənilir. ÜDM-ə müsbət töhfə sığorta sektorunun gəlirlərinin artması və nəticədə penetrasiya səviyyəsinin yüksəlməsi ilə izah olunur.  Qarşıya prioritet kimi qoyulmuş bu vəzifələrin həyata keçirilməsi nəticəsində 1600 yeni iş yerinin yaradılması gözlənilir. 

AYTƏN