Vergiler.az



ƏDV öhdəliyi

 

Rezident müəssisə tərəfindən sərgidə nümayiş etdirmək məqsədilə Azərbaycan Respublikasına müvəqqəti idxal olunan mallara görə ƏDV öhdəliyi yaranırmı?

 

Vergi Məcəlləsinin (VM) 16.1.6-cı maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal ƏDV-nin vergitutma obyektidir.

Vergi Məcəlləsinin 159.3-cü maddəsində qeyd edilmişdir ki, malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir.

 

Göstərilənlərə əsasən:

Müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir.

Müvəqqəti idxal şəklində malların idxalı istisna olmaqla, idxal edilmiş malların təqdim edilməsi ümumi qaydada ƏDV-yə cəlb olunur. İdxal edilmiş mallar, o cümlədən müvəqqəti idxal şəklində idxal edilmiş mallar hesabat dövründə təqdim edilmədiyi halda, vergi ödəyicisi bu barədə vergi orqanının tələbi ilə zəruri olan məlumatları və sənədləri vergi orqanına təqdim etməlidir.