Vergiler.az



Mərc oyunları

 

İdman oyunları ilə əlaqədar xarici internet səhifələri vasitəsilə təşkil edilən mərc oyunlarının Azərbaycanda fəaliyyəti qanuni hesab edilirmi?

 Azərbaycan Respublikasının «Bədən tərbiyəsi və idman haqqında» 30 iyun 2009-cu il tarixli 847-IIIQ nömrəli Qanununun 53-1.2-ci bəndinə əsasən,  idman mərc oyunları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc oyunlarının operatoru) tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanının 4-cü hissəsində qeyd edilmişdir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ölkədə idman mərc oyunlarının operatorunun məlumatı əsasında, idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portallarının və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün zəruri tədbirlər görülməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 avqust 2010-cu il tarixli 153 nömrəli qərarı ilə təsdiq edilmiş «İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları»nın 2.11.3-cü bəndinə görə, virtual satıcı operatorla bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərən və virtual şəraitdə (internet, mobil telefon şəbəkəsi və s. vasitələrlə) mərc oyunlarının iştirakçıları ilə operator arasındakı bütün əlaqələri mərkəzi mərc sisteminə bağlı olaraq təmin edən hüquqi şəxsdir.

Göstərilənlərə əsasən:

Azərbaycan Respublikasında idman mərc oyunları Gənclər və İdman Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc oyunlarının operatoru) tərəfindən həyata keçirilir. Virtual mühitdə idman mərc oyunlarının təşkili yalnız mərc oyunlarının operatoru ilə bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərən və virtual şəraitdə (internet, mobil telefon şəbəkəsi və s. vasitələrlə) mərc oyunlarının iştirakçıları ilə operator arasındakı bütün əlaqələri mərkəzi mərc sisteminə bağlı olaraq təmin edən virtual satıcılar tərəfindən həyata keçirilir. Beləliklə, yalnız idman mərc oyunlarının operatoru ilə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən virtual satıcıların, internet portallarının və saytlarının Azərbaycan Respublikasındakı fəaliyyəti qanuni hesab edilir.