Vergiler.az

Kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarları dəyişib


Nazirlər Kabinetinin 29 iyun 2016-cı il tarixli  qərarı ilə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarında dəyişiklik edilib. Yeni dəyişikliyə görə, illik gəliri 200 min manatadək olan sahibkarlıq subyektləri bundan sonra kiçik sahibkar hesab ediləcəklər.

Bu vaxta qədər isə kiçik sahibkarlıq kateqoriyasına aid olmaq üçün illik gəlir 120 min manat təşkil etməli idi. Kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsində işçilərin orta sayı isə (25 nəfərədək) dəyişməz qalıb.

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin Vergi siyasəti idarəsinin rəisi Nicat İmanovun sözlərinə görə, Vergi Məcəlləsinin 13.2.50-ci maddəsində iri vergi ödəyicilərinin meyarları müəyyən edilib: «Əvvəlki 3 ilin hər birində mülkiyyətində olan əsas vəsaitlərin ilin sonuna qalıq dəyəri 2.500.000 manatdan və əvvəlki 3 il üzrə orta illik dövriyyəsi (ƏDV-siz) 1.250.000 manatdan çox olan və ya son 3 vergi ili ərzində bu Məcəllə ilə müəyyən edilmiş bütün vergi və vergi olmayan digər ödənişlərin hesablanmış məbləği hər il üçün 500.000 manatdan çox olan vergi ödəyiciləri iri vergi ödəyicisi sayılır. Məcəllənin 13.2.50.3-cü maddəsinə əsasən, ­Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təbii inhisarçılara və ya bazarda hökmran mövqe tutan subyektlərə aid olunan vergi ödəyiciləri, o cümlədən onların Azərbaycan Respublikasının rezidenti olan törəmə təsərrüfat cəmiyyətləri də iri vergi ödəyicisi sayılır.

Vergi Məcəlləsinin 1 yanvar 2016-cı il tarixdən qüvvəyə minmiş yeni müddəalarına əsasən, vergi tutulan əməliyyatlarının həcmi 200.000 manat və ondan az olan şəxslər 2 faiz və ya 4 faiz dərəcə ilə sadələşdirilmiş vergitutma metodunu tətbiq edə bilərlər. Dəyişikliyə qədər həmin məbləğ 120.000 manat təşkil edirdi. Bununla da kiçik sahibkarlıq subyektlərinə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun verilməsi həmin vergi ödəyicilərinə münasibətdə vergi inzibatçılığını sadələşdirməklə yanaşı, adıçəkilən vergi ödəyicilərinin vergi yükünün azaldılması, ticarət dövriyyələrinin şəffaflaşdırılması, dövriyyə vəsaitlərinə qənaət olunması və vergitutma obyektinin genişləndirilməsi məqsədini daşıyır. Vergi Məcəlləsində aparılmış bu dəyişikliyə uyğun olaraq, Nazirlər Kabinetinin 29 iyun 2016-cı il tarixli 258 nömrəli Qərarı ilə kiçik sahibkarların illik gəlir meyarı 120.000 manatdan 200.000 manatadək artırılmışdır». 

İqtisadçı ekspert Samir Əliyev kiçik sahibkarlıq kateqoriyasına mənsub olan fiziki və hüquqi şəxslərin illik gəlirinin artırılmasının 2015-ci ildə Vergi Məcəlləsinə edilmiş bir sıra dəyişikliklərdən qaynaqlandığını qeyd edib: «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 20 oktyabr 2015-ci il tarixli Qanunla sadələşdirilmiş vergi ödəyiciləri kateqoriyasına düşən şəxslərin dövriyyəsi 120 min manatdan 200 min manata qaldırıldıqdan sonra orta sahibkarlıq subyektlərinin bir hissəsi sadələşdirilmiş vergi ödəyicisi kateqoriyasına aid edilirdi. Bu isə kiçik və orta sahibkarlıq subyektlərinin eyni vergi rejimindən yararlanması anlamına gəlirdi. Halbuki kiçik sahibkarlıq subyektlərinə əlverişli vergi rejiminin tətbiqi dünyada geniş yayılıb və hökumətlər kiçik sahibkarlığın vergi yükünü azaltmağa önəm verirlər. Nazirlər Kabinetinin son qərarı kiçik sahibkarlığa aid olan subyektlərin sayının və əhatə dairəsinin artmasına gətirib çıxaracaq. Eyni zamanda, milli valyutanın 2015-ci ildəki devalvasiyası nəticəsində satılan malların, göstərilən xidmətlərin dəyərinin bahalaşması subyektlərin illik dövriyyəsinin artmasına gətirib çıxarıb. Belə vəziyyətdə bir sıra kiçik sahibkarlıq subyektləri yalnız qiymət amilinə görə orta sahibkarlıq kateqoriyasına aid edilirdi. Sadələşdirilmiş vergi rejimi kiçik sahibkarlıq, xüsusən də regionda fəaliyyət göstərən sahibkarlar üçün xeyli əlverişlidir».      

Mütəxəssisin sözlərinə görə, kiçik, orta və iri sahibkar kateqoriyalarının müəyyənləşdirilməsi üçün «işçilərin orta siyahı sayı» və «illik gəlir» meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür. Yəni bu iki göstəricidən yalnız birinin yüksək kateqoriyaya aid olması həmin sahibkarın da yüksək kateqoriyaya aid olunması anlamına gəlir. 

AYTƏN