Vergiler.az

İnvestisiyalar sürətli iqtisadi inkişafın əsasını təşkil edir

 

 

 Azərbaycanın son illərdə yaradılmış əlverişli biznes  mühiti ülkədə iqtisadi fəallığın artmasına, yerli və xarici kapitallı müxtəlif müəs­si­sələrin yaradılmasına, ölkəmizə investisiya qoyuluşunun çoxal­ma­sına şərait yaradıb. Bu uğurların əldə edilməsində dövlət dəstəyi me­xanizmlərinin də böyük rolu var.  2003-cü ildə ölkənin ixrac qa­biliy­yə­tinin artırılması və xarici investisiyaların cəlb edilməsi məqsədilə yaradılmış Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) bunlardan biridir. Müsahibimiz fondun prezidenti Rüfət Məmmədovdur.

 

- Rüfət müəllim, xarici investorlar üçün Azərbaycanın hansı üstünlükləri mövcuddur?

 

- Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi Azərbaycanın xarici iqtisadi siyasətinin mühüm tərkib hissəsidir. Son 20 il ərzində cəlb olunmuş investisiyaların ümumi həcmi 190 mlrd. ABŞ dollarından çoxdur və bunun təxminən yarısını müxtəlif sahələrin inkişafına yönəldilmiş xarici investisiyalar təşkil edir. Xarici investorların Azərbaycanda fəallığını ölkədə cəlbedici investisiya mühitinin mövcudluğu ilə əsaslandırmaq olar. İqtisadiyyatımızın müqayisəli üstünlükləri xarici investorların nəzərindən qaçmır.

İlk növbədə ölkə iqtisadiyyatının sabitliyini qeyd etmək lazımdır. Bu göstərici üzrə ölkəmiz dünya miqyasında seçilir. Dünya İqtisadi Forumunun «Qlobal Rəqabətlilik Hesabatı»na əsasən, makroiqtisadi mühitin sabitliyi üzrə Azərbaycan dünyada 9-cu yerdədir. İqtisadiyyatın qlobal rəqabət qabiliyyəti üzrə Azərbaycan 144 ölkə arasında 38-ci, MDB məkanında isə artıq 6-cı ildir ki, 1-ci yeri tutur.

Bununla yanaşı, ölkədə sürətli iqtisadi inkişaf, iqtisadiyyatda qeyri-neft sektorunun rolunun davamlı genişlənməsi və istehlakın artması xarici investorlar üçün yeni imkanlar açır. Son 10 ildə iqtisadiyyatımız 3 dəfədən çox artıb. Ayrı-ayrı sahələr üzrə də inkişaf templəri yüksəkdir: rabitə - 8,2 dəfə, turizm - 10,6 dəfə, xarici ticarət - 6,6 dəfə, sənaye - 2,7 dəfə, tikinti - 4,7 dəfə. İqtisadiyyatda qeyri-neft sektorunun payı 60%-ə yaxınlaşır. Hər sahədə yeni layihələrə start verilir, iş adamları üçün geniş imkanlar yaradılır.

Xarici investorlar üçün əsas üstünlüklərdən biri də Azərbaycanda yüksək ixtisaslı kadr potensialının olmasıdır. Ölkəmizdə «qara qızıl»ın «insan kapitalı»na çevrilməsi siyasəti çərçivəsində formalaşmış yüksək ixtisaslı kadrlar bazası xarici investisiyalı layihələrin uğurla reallaşdırılmasını şərtləndirir və xaricdən mütəxəssislərin cəlb olunması investorların xərclərinin kəskin azalmasına səbəb olur.

Əlverişli biznes mühiti üzrə Azərbaycan dünyada liderlər sırasındadır. Ölkəmizdə dövlət orqanları tərəfindən elektron xidmətlərin göstərilməsi geniş vüsət almışdır. Sahibkarlıq sahəsində icazələr sisteminin təkmilləşdirilməsi, vergi mexanizmlərinin avtomatlaşdırılması, vergitutma proseslərinin sadələşdirilməsi, əmlakın qeydiyyatı, yoxlamaların tənzimlənməsi sahələrində görülmüş işlər və əldə olunmuş nailiyyətlər bunu deməyə əsas verir. Bunlardan əlavə, Azərbaycana xarici investisiyaların qoyuluşunu şərtləndirən əsas amillər sırasında əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, güclü özəl sektor və s. də qeyd etmək olar.

 

- Qeyri-neft sektorunda fəaliyyət göstərən birgə və xarici investisiyalı müəssisələri cəlb edən əsas sahələr hansılardır?

 

- Son illər ərzində investorların Azərbaycandakı fəaliyyəti və ümumilikdə ölkədə xarici investisiyaların yatırılması tendensiyaları investorların bir çox sahələrə maraq göstərdiklərini deməyə əsas verir.

Bildiyiniz kimi, Azərbaycan dünyada neft və qaz ehtiyatlarına görə tanınan ölkələr sırasındadır. Müstəqilliyimizin ilk dövrlərində enerji sənayesinin inkişaf etdirilməsi və bu məqsədlə xarici investisiyaların neft-qaz sektoruna cəlb edilməsi Azərbaycan iqtisadiyyatının gələcək inkişafı üçün təməl rolunu oynayıb.

Qeyri-neft sektorunda torpaq vergisindən başqa bütün vergilərdən azad olunmuş kənd təsərrüfatı sektoru əlverişli təbii şəraitin fonunda biznesin qurulması üçün ən maraqlı sahələrdən biri kimi qiymətləndirilir. Zəngin xammal bazasına malik qida sənayesi sektorunun inkişaf etdirilməsi üçün istehsalda istifadə olunmaq məqsədilə idxal edilən bir sıra mal və avadanlıqlara Azərbaycanda gömrük rüsumları tətbiq olunmur. Bu da xarici şirkətlər üçün əlavə stimullaşdırıcı faktor kimi qəbul edilir. Gəlirlərin artım tempinə görə sürətlə inkişaf edən informasiya texnologiyaları sahəsini də xüsusi vurğulamaq istərdim. Bu sektor ölkəmizin qeyri-neft iqtisadiyyatında yüksək inkişaf templərinə malik və investisiya qoyuluşu üçün prioritet sahələrdəndir. Hazırda respublikamızda yüksək imkanlara malik İKT ilə təchiz olunan infrastrukturun formalaşması prosesi gedir. Bu sahədə ən böyük nailiyyətlərimizdən biri kimi 2013-cü ildə Azərbaycanın «Azerspace-1» peykinin orbitə çıxarılmasını misal göstərmək olar. Bundan əlavə, ölkədə informasiya texnologiyalarının inkişafını təmin etmək məqsədi ilə yüksək texnologiyalar parkı yaradılmışdır. Bütün bunların fonunda ölkəmiz İKT sahəsində dünyanın nüfuzlu şirkətləri üçün regionda ən maraqlı məkanlardan birinə çevrilmişdir.

Azərbaycanda xarici investorlar üçün cəlbedici sektorlardan biri də turizmdir. Böyük perspektivə malik turizmin inkişafı üçün ardıcıl və məqsədyönlü işlər görülməkdədir və mövcud turizm imkanları bu sahəyə investisiya qoyuluşunu stimullaşdırır. Ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini və s.) inkişafı üçün geniş imkanlar var. Bütün regionlarda turizm infrastrukturu müasirləşdirilir, müxtəlif layihələr reallaşdırılır. Xarici ölkələrdə Azərbaycanın turizm potensialı təbliğ olunur ki, bu da əcnəbi iş adamlarının bu sahəyə diqqətini cəlb edir. Ötən 10 il ərzində otellərin və otel tipli müəssisələrin sayı dəfələrlə artmışdır. Paytaxt Bakıda və regionlarda dünyada məşhur brendlerin beşulduzlu otelleri açılmışdır. Azərbaycan belə otellerin sayına görə regionda lider ölkədir.

Bunlardan əlavə, ölkənin emal sənayesi də cəlbedici sahələrdəndir. Son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artmışdır. Bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilmiş, yeni iş yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bunun nəticəsi olaraq, iqtisadiyyatın sənayeləşməsini sürətləndirmək, mövcud potensialdan daha səmərəli istifadə etmək məqsədi ilə 2014-cü il Azərbaycan Respublikasında «Sənaye ili» elan olunmuşdur.

Sənaye sahəsində görülmüş işlərdən biri də Azərbaycanda investorlara güzəştli şərtlərin tətbiq edildiyi sənaye parklarının yaradılmasıdır. Kimya sənayesinin inkişafı üçün hərəkətverici amil kimi qiymətləndirilən Sumqayıt Kimya Sənaye Parkının və tullantıların təkrar emalı sahəsində xüsusi əhəmiyyət kəsb edən Balaxanı Sənaye Parkının təşkili uğurla həyata keçirilən sənayeləşmə siyasətinin göstəricilərindəndir. Qeyd olunan parklarda fəaliyyət göstərən rezidentlər üçün 7 il müddətinə tətbiq olunan vergi və gömrük güzəştləri xarici investisiyalar üçün Azərbaycanda yeni imkanlar açır. Parklarla bağlı aparılan təşviqat işlərinin nəticəsi olaraq, kimya və tullantıların emalı sənayesində ixtisaslaşmış potensial xarici investorlar artıq ölkəmizə müraciət etməyə başlamışlar.

 

- Tam xarici investisiyalı və birgə müəssisələrin yaradılmasında hansı ölkələr daha fəal iştirak edirlər?

 

- Azərbaycana xarici investisiyaların yatırılması dünyada birbaşa xarici investisiyaların axınının tendensiyalarını əks etdirir. Ölkəmizə ən çox investisiya qoyan xarici şirkətlərin əksəriyyəti dünyanın 20 ən böyük ölkəsindən gəlir. Onların arasında Böyük Britaniya, ABŞ, Yaponiya, Rusiya Federasiyası, Almaniya və digər ölkələr var. Türkiyə şirkətləri Azərbaycan bazarında daha fəaldırlar.

Qeyri-neft sektoruna birbaşa xarici sərmayələr üzrə ən böyük investorlar 26%-lik payla Türkiyə, 16%-lik payla Böyük Britaniya və 12%-lik payla ABŞ-dır. Azərbaycanda əsas kapitala xarici investisiya qismində isə Böyük Bitaniyadan 18 milyard, ABŞ-dan 7 milyard, Yaponiyadan 4 milyard dollar vəsait yatırılmışdır.

Onu da qeyd edim ki, hazırda ölkədə 6857 xarici investisiyalı müəssisə fəaliyyət göstərir. Bu şirkətlərin 36%-i Türkiyə, 8,3%-i Rusiya, 7,8%-i Böyük Britaniya mənşəli investisiyalar hesabına yaradılmışdır.

 

- İnvestisiyaların cəlb edilməsini həvəsləndirmək məqsədilə AZPROMO hansı tədbirlər görür?

 

- AZPROMO ölkə iqtisadiyyatının prioritet sahələrinə, xüsusilə qeyri-neft sahəsinə xarici investorların cəlb olunması istiqamətində çoxşaxəli işlər aparır. Azərbaycanın regionda investisiyalar üçün ən cəlbedici məkan kimi təşviq edilməsi, xarici sahibkarlara biznesin qurulması və inkişaf etdirilməsi üzrə xidmətlərin göstərilməsi, ölkəmizin investisiya imkanlarının potensial xarici investorlara çatdırılması, investisiyaların cəlb edilməsi üzrə ən qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi və bunun əsasında investisiya mühitinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması fəaliyyətimizin ümumi istiqamətlərini təşkil edir.

Bu məqsədlə AZPROMO tərəfindən Azərbaycanda investisiya potensialı barədə geniş təşviqat və təbliğat kampaniyası aparılır. Potensial xarici investorlar üçün Azərbaycanın investisiya mühiti və imkanlarına dair təqdimatlar edilir. Misal üçün, AZPROMO yerli iş adamları tərəfindən təqdim olunan və ölkə iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən investisiya layihələri və xarici sərmayələr üçün cəlbedici ola biləcək prioritet istiqamətləri özündə əks etdirən «İnvestisiya layihələri toplusu» hazırlayıb. Toplu hər il yenilənərək potensial investorlara təqdim olunur, İqtisadiyyat və Sənaye Nazirliyinin və AZPROMO-nun internet səhifələri və müxtəlif kütləvi informasiya vasitələri ilə yayılır.

 

- Azərbaycana sərmayə qoymaq üçün xarici şirkətlərlə əməkdaşlıq əlaqələri necə qurulur?

 

- Məlumat üçün bildirim ki, xarici şirkətlər tərəfindən AZPROMO-ya Azərbaycanda investisiya qoyuluşu imkanları barədə, eləcə də yerli tərəfdaş axtarmaqla bağlı çoxsaylı sorğu və müraciətlər daxil olur. Müraciətlərdə təqdim olunan investisiya təklifləri təhlil edilir. Potensial investorların sorğuları cavablandırılır, yerli tərəfdaşların tapılmasında və onlarla əməkdaşlıq əlaqələrinin qurulmasında dəstək göstərilir. Müşahidələrimiz göstərir ki, AZPROMO-nun dəstəyi ilə tərəfdaşlıq əlaqələri qurmuş xarici və yerli şirkətlər arasında faydalı və məhsuldar əməkdaşlıq həyata keçirilir.

Onu da qeyd edim ki, xarici investisiyaları daha səmərəli təşviq etmək məqsədilə bir sıra xarici ölkələrdə, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Gürcüstanda AZPROMO-nun nümayəndəlikləri fəaliyyət göstərir. Xarici ölkələrdəki analoji qurumlarla, həmçinin beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edirik. İndiyə qədər müxtəlif istiqamətlər üzrə 36 ölkənin 66 təşkilatı ilə fəal qarşılıqlı əməkdaşlığa əsaslanan anlaşma memorandumları imzalanmışdır.

Müsahibəni hazırladı: Fəxriyyə İKRAMQIZI