Vergiler.az

Xarici ölkələrin təcrübəsi Estoniya Respublikasının vergi sistemi: fiziki şəxslərin gəlir vergisi

 

 

Ölkədə fiziki şəxslər milli səviyyədə gəlir vergisinin ödəyiciləridir. Ümumilikdə ailəli cütlüklərdən hər birinin, eləcə də uşaqların gəlirləri ayrıca vergiyə cəlb olunur, lakin cütlüklər birgə bəyannamə təqdim edə bilərlər. Ortaqlıqlar ayrıca vergiyə cəlb olunan şəxslər hesab edilir.

Fiziki şəxslər aşağıdakı şərtlərə cavab verdikdə rezident hesab olunurlar:

· Estoniyada yaşayış yerinin olması;

· Estoniyada istənilən 12 aylıq dövr ərzində 183 gündən artıq qalması.

Fiziki şəxslər Estoniya rezidentliyi hallarının yaranması və ya bu halın dəyişməsi barədə məlumatı il ərzində vergi orqanına təqdim etməlidirlər.

Rezident fiziki şəxslər dünya üzrə əldə etdikləri pul və ya pul dəyəri şəklində gəlirlərdən gəlir vergisi ödəyirlər.

Fiziki şəxslərin gəlirləri 3 növə bölünür:

· adi gəlirlər;

· sahibkarlıq gəlirləri;

· mülkiyyət barədə sərəncam verilməsindən gəlirlər.

Sahibkarlıq və mülkiyyət üzrə xalis gəlirlər icazə verilən çıxılmalar nəzərə alınmaqla ayrıca hesablanır və adi gəlirlərlə cəmlənir (məcmu gəlir). Fərdi güzəşt və çıxılmalar məcmu gəlirə tətbiq edilir.

Fərdi sahibkarlar müəssisələrdə olduğu kimi əlavə güzəştlərdən (natural ödəmələr) bölüşdürmə vergisi ödəyirlər.

Gəlir vergisinin vahid sabit dərəcəsi 21%-dir (2015-ci ildən 20% olacaq). Kapital artımından gəlirlər üçün ayrıca dərəcə yoxdur və bu ümumi gəlirə aid edilməklə ümumi dərəcə ilə vergiyə cəlb olunur.

Vergidən azad olunan gəlirlərə aşağıdakılar aiddir:

· daxili natural gəlirlər (faydalar) -  bu növ gəliri əldə edən şəxslərin gəliri kimi deyil, ona bu cür gəlirləri verən müəssisələrin bölüşdürülmüş gəliri kimi vergiyə cəlb olunur;

· bəzi pensiya növləri;

· fərdi yaşayış evləri, bağ evlərinin satışından gəlirlər;

· xaricdə muzdlu işdən qazanılmış konkret sahələrdən gəlir;

· faizlərin, daxili dividendlərin və xarici dividendlərin konkret növləri, bəzi kapital artımından gəlirlər;

· dövlət təqaüdləri və hökumət tərəfindən qəbul olunmuş digər təqaüdlər;

· bir sıra dövlət subsidiyaları və sosial təyinatlı ödənişlər, aliment ödənişləri, alınmış hədiyyələr, miraslar;

· sığorta müqavilələri üzrə ödənişlər.

Estoniyada fərdi güzəşt və çıxılmalar fiziki şəxsin məcmu gəlirinə tətbiq edilir. Əgər fiziki şəxsin  gəlirinin 75%-i xarici mənbədən əldə olunursa və onun bir hissəsi Estoniyada vergidən azaddırsa, fiziki şəxs yalnız Estoniya mənbəyindən əldə olunan və vergidən azad olmayan hissə üçün güzəşt tələb edə bilər.

 

Gəlirdən icazə verilən çıxılmalar:

Fiziki şəxslər avrozona rezidenti olan kredit təşkilatları və maliyyə institutlarına ödədikləri faizləri, həmçinin şəxsi evlərin alınması və yenidənqurulması (təmir istisna olmaqla) məqsədilə Avropa maliyyə institutlarından alınan kreditə görə ödənilən faizləri öz gəlirindən çıxa bilər. Təhsil xərcləri vergi ödəyicisinin özünə və ya 26 yaşdan aşağı valideyn himayəsindəki uşaqlarına görə dövlət təhsil müəssisələrinə, lisenziya almış özəl təhsil müəssisələrinə və bu statusda xarici təhsil müəssisələrinə ödənilərsə, həmin məbləğ gəlirdən çıxıla bilər. Vergi ödəyicisi qeyri-kommersiya təşkilatlarına verdiyi hədiyyələri sənədlə sübut etməklə onların dəyərini gəlirindən çıxa bilər. Lakin bu cür çıxılmaların limiti vergi ödəyicisinin vergi ili ərzində əldə etdiyi gəlirin 5%-i həcmində müəyyənləşdirilib. İşsizliyə görə ödənilən sığorta haqları da gəlirdən çıxılır.

 

Fərdi güzəştlər:

İllik baza güzəşti 1728 avro  təşkil edir. Muzdlu işçinin əsas iş yerində baza güzəşti məbləğini 12 aya bölərək aylıq 144 avro məbləğində tətbiq etmək hüququ vardır. Ailəli cütlüklərdən birinin ikinci uşaqdan başlayaraq bu məbləği 18 yaşdan aşağı olan hər bir uşaq sayına tətbiq etmək hüququ vardır. Əgər 18 yaşadək uşaq hər hansı gəlir əldə edirsə, güzəştin məbləği baza güzəşti ilə uşağın əldə etdiyi gəlirin fərqi ilə məhdudlaşır. Bundan əlavə, əgər fiziki şəxs Avrozona qanunlarına və ya sosial sığorta müqaviləsinə əsasən pensiya alırsa, onun illik 2304 avroya qədər hissəsi gəlir vergisindən azaddır.

Fiziki şəxslər vergi ilindən sonrakı təqvim ilinin 31 martınadək vergi bəyannaməsini təqdim etməlidirlər. Rezident evli cütlüklər birgə bəyannamə təqdim edə bilərlər, bu zaman məcmu gəlir cütlüklər arasında yarı bölünür.

Gəlir vergisi il ərzində ödəmə mənbəyində tutulur və ya cari ödənişlər şəklində toplanır. Fərdi sahibkarlar əvvəlki vergi ilindəki vergi öhdəliyinin 1/4-i şəklində cari ödəmələr etməlidirlər. Ödəmə mənbəyində tutulmuş və ya cari ödəmələr şəklində ödənilmiş məbləğlər yekun vergi öhdəliyində nəzərə alınır.

Yekun vergi öhdəliyi üzrə gəlir vergisi hesabat ilindən sonrakı təqvim ilinin 1 iyul tarixinədək ödənilməlidir. Sahibkarlıq gəlirləri və kapital artımından gəlirlər üzrə son tarix isə 1 oktyabrdır. Artıq ödəmələr qaytarılır.